“Oğlumdan hələ də bir xəbər yoxdur”
“Biz əslən Dərələyəz mahalındanıq. 1968-ci ildən gəlib Xocalıda məskunlaşmışıq. Həmin ildən Xocalı işğal olunan günə qədər orada yaşamışıq. Xocalıdan çıxanda nə əziyyətlər çəkmişiksə bunu bir Allah bilir. Biz çox müsibətlər yaşamışıq. Yada düşdükcə, yaşadıqlarım gözümün önünə gələndə ilk günki kimi keçirtdiyim qorxu-həyəcan hissini bir daha yaşayıram”
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, əsirlikdə qalan Gülayə Orucova deyib. O daha sonra əlavə edib.
“Könül istərdi ki, biz yaşadıqlarımızı düşmən də yaşasın. Ancaq bizim xalq zülmkar deyil. Bizim sürünə-sürünə məcburi çıxarıldığımız torpaqlardan onlar bu gün rahat şəkildə, əzab-əziyyətsiz çıxırlar. Biz düşmən qədər qəddar, vəhşi deyilik. Öz humanistliyimizi bir daha sübut etmiş olduq. Ermənilərin qadınları, qocaları, uşaqları Xankəndidən çox asanlıqla Xocalı aeroportuna gedirlər. Allah o günləri bir də bizə yaşatmasın. Prezidentimizin siyasəti nəticəsində biz bu gün öz yurdumuza qayıtmaq üzrəyik. Nə mən, nə də heç bir azərbaycanlı o xalqı bağışlamayacaq. Boşuna deməyiblər ki, tarix təkrarlanır. Onlar bu gün yaşatdıqlarını yaşayırlar. Allah ordumuza güc-qüvvət versin, şəhidlərimizə rəhmət etsin” deyə Xocalı sakini bildirib.
Gülayə xanım daha sonra Xocalıdakı günlərini xatırlayıb.
“Xocalıda çox gözəl günlər yaşamışıq. 4 övladım var idi. Lap əvvəl Xankəndində ipək fabrikində işləyirdim, ara qarışandan sonra Xocalıya gəldim və orada tikiş fabrikində işləməyə başladım. Yerli əhali özünümüdafiə bölüyü yaratmışdı, gecələr, gündüzlər keşik çəkirdilər ki, ermənilər bizlərə hücum etməsinlər. Mən də, 15 yaşlı oğlum Cavan da keşik çəkirdik. Son günə qədər mən də, qızlarım da Xocalıda qaldıq. Deyirdim ki, erməni kimdir ki, mən ondan qorxum?! Güllə yağış kimi yağırdı. Evdən çıxanda ədyal götürdüm. Qarqar çayından keçib 2 gün meşədə qaldıq. Qarı əridib nəvələrimə yedirdirdim. Yoldaşım, oğlum, kürəkənim, iki qızım və əkiz nəvələrimlə birgə düşmənə əsir düşdük. Yoldaşım oğlum Cavana dedi ki, sən qaç canını qurtar. Cavan özünü qayadan atdı. Sonra öyrəndik ki, oğlumu sağ tutub, erməni qəbirlərinin üstündə başını kəsiblər. Amma bu da dəqiq fakt deyil. Bir ana üçün həyatda bundan ağır nə ola bilər?! Bizi əsirlikdən Milli Qəhrəman Allahverdi Bağırov xilas etdi. Oğlumdan bu günə qədər heç bir xəbər yoxdur (ağlayır)” deyə Gülayə Orucova bildirib.