"Odur ki, belə zonaları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və “boz” zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir...
“Azərbaycandakı “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur...”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Planetimizdə “boz zona”lara hansı nümunələri çəkmək, keçmiş Dağlıq Qarabağ ərazisi ilə hansı paralelləri aparmaq olar? Belə zonaların aradan qaldırılması təcrübəsi necədir?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.
“Boz zona”lar hər hansı konflikt nəticəsində və yaxud mərkəzi hakimiyyətin nəzarəti itirməsi nəticəsində yaranmış qanunsuz, qondarma, separatçı “hökuməti” olan ərazilərə deyirlər. Yaxud bəzən bir ölkənin bütöv ərazisi və ya onun xeyli hissəsi də “boz zona”ya çevrilə bilər. Bu o halda baş verir ki, hakimiyyət nəzarəti tam olaraq itirir və dövlət qiyamçıların, terrorçuların və s. əlinə keçir. Belə “boz zona”ya Suriyanın bir hissəsini misal gətirmək olar...” – deyən analitik hesab edir ki, Dağlıq Qarabağ kimi “boz zona”ları aradan qaldırmaq çox çətin bir məsələdir.
“Belə zonaların aradan qaldırılması, ümumiyyətlə, çox çətin məsələdir. Ona görə ki, “boz zona”ların mövcudluğunda ən müxtəlif transmilli cinayətkar qrupların və hətta dövlətlərin marağı olur. Yəni, boz zona nəzarətsiz, heç bir qanunların işləmədiyi ərazi deməkdir”.
“Azərbaycandakı “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur. Amma təcrübə göstərir ki, “boz zona”ları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və belə zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir. Lakin, dediyim kimi, hər kəs “boz zona”larının ləğvinin marağında deyil. Ona görə ki, müxtəlif qrup və ya dövlətlər belə zonalardan silah, gizli neft və digər resursların alveri üçün, həmçinin, öz hansısa çirkli pul “yuma” və s. əməllərini həyata keçirmək üçün istifadə edirlər” -deyə ekspert yekunlaşdırıb.