Ermənistan baş nazirinin mövqeyi anlaşılmaz, eyni zamanda, qeyri-konstruktivdir. Mövqeyini dəyişməkdə mahir olan Nikol Paşinyanın siyasi ampluası öz ölkəsində də qıcıq yaradır. Məsələ burasındadır ki, Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayan baş nazirin yanaşmaları ciddi şəkildə tənqid olunur. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana ən yaxın dostlarından birinin – İranın irad bildirməsi və Rəisinin Paşinyana sərt təpki göstərməsi erməni siyasi ekspertlərin diqqətindən yayınmayıb.
Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yerli mətbuata müsahibəsində bildirib ki, İran Ermənistanın ən yaxın dostudur və Cənubi Qafqazda proseslərin gərginləşməsinə səbəb olan hər bir hadisəyə dərhal reaksiya verəcək.
“Regionda gedən proseslərdə onun necə iştirak edəcəyini bu gün söyləmək çətindir. Bu, siyasi təzyiqlər, hərbi-texniki dəstək və ya hərbi hərəkatlar şəklində də ola bilər. Azərbaycan Ermənistana və ya Qarabağa qarşı hərbi əməliyyatlara başlasa, İranın hansı mövqedə dayanacağının şahidi olacağıq”.
Qərbin əsas hədəfinin Rusiya deyil, İran olması fikrinə münasibət bildirən Zakaryan onu da deyib ki, İran şimal sərhədlərində Qərb oyunçularının hərbi mövcudluğuna həssas yanaşır.
“Türkiyə – İran münasibətlərinə gəlincə, iki ölkə arasında müxtəlif görüşlər, müzakirələr oldu. Bunun nəticəsi idi ki, sərhədlərin dəyişdirilməsinin İran üçün qırmızı xətt olduğu elan edildi. Və biz bildiyimiz, həmçinin, Türkiyə tərəfinin də bəyanatında deyildiyi kimi, İran onlara Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Bu o deməkdir ki, bu məsələdə Türkiyə ilə İran arasında ziddiyyətlər var”.
Daha sonra İran prezidentinin Ermənistanın baş naziri ilə sonuncu telefon danışığında kobud davranmasını şərh edən Artak Zakaryan qeyd edib ki, “hökumət bu gün tarixən maraqların üst-üstə düşdüyü iki müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu hal iki müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək, Ermənistanın təhlükəsizliyinə zərbə vuran xüsusi siyasət həyata keçirmək deməkdir. Əvvəlki hakimiyyətlər dövründə İranla hərbi-texniki əməkdaşlıq addımları mərhələli şəkildə aparılırdı. Amma indiki halda İran Ermənistana güvənmir. Ermənistanın təhlükəsizliyi həmişə İran və Rusiyaya inam üzərində qurulub. Təhlükəsizlik mexanizmlərimizin komponentləri o qədər sadə və məntiqlidir ki, orada başqa şeylər axtarmaq mənasızdır”.(konkret)