Müharibə-müharibə demək asan olduğu vaxtlarda sülh çağırışları etmək çox çətin olur. Xüsusi ilə bu müharibə çağırışları təşkil edilən ərəfədə.
Bölgədə sülhün bərqarar olmaması bəzi xarici və daxili güclərin işinə yarayırsa, müharibə ritorikası, qan və ölüm bir çoxuna sadəcə maddi qazanc və oxşar şeylər üçün lazımdır. Onları böyük maraqlar düşündürmür. Onlara maraqlı deyil müharibə olacaq ya olmayacaq.
İnsan itkiləri, şəhidlər, yaralılar, yetimlər, ərsizlər, qaraya bürünmüş analar, sürətlə saçları ağaran, belləri bükülən ata-analar, büdcədən xərclənən milyonlar, müharibəsonrası aclıq, stres…onları bu məsələlər qəti maraqlandırmır. Onlar da bəlkə ürəklərində müharibə istəmirlər, bununla yanaşı hansısa maraqlar üçün bu kampaniyada iştirak edirlər.
Əlbəttə heç bir maraq güdmədən qarasına kampaniyaya qoşulanlar da olur. Səmimi olaraq, müharibəsiz hansısa problemin həll olunmayacağını düşünənlər də var.
Müharibə isə oldu, müharibəylə problem tam olaraq bitmədi. Problem sülhlə, danışıqlarla bitəcək. Sülh danışıqları intensivləşdirilməlidir.
Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir. Nəinki istənilən hərbi akt, müharibə çağırışları da bizə zərərlidir. Hər bir baxımdan.
Qarşı tərəfin sözdə də olsa, sülh çağırışları etməsi fonunda bizim “Dəmir Yumruq” göstərməyimiz beynəlxalq aləmdə ustalıqla əleyhimizə istifadə olunur.
Biz həm də növbəti məkrli addımların qarşısını almaq üçün erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimizlə bağlı, hüquqlarından normal istifadə edəcəklərinə təminat verəcəyimizi yüksək tribunalardan yüksək səslə ifadə etməliyik. Mümkün formulaları təklif etməliyik. Öz dövlət və cəmiyyət maraqlarımıza xidmət edən başqa şərtlərimizi də ən yüksəkdən deməliyik. Məsələn, Ermənistandan qovulan vətəndaşlarımızın yurd yuvalarına qayıtması kimi
Dövlətin qalıcı və güclü olması üçün mütləq qan tökülməli, şəhid verilməlidir kimi əsassız fikir səsləndirənləri boş verin. Dövlətin gücü və davamlılığı öz insanına, vətəndaşına verdiyi dəyərdən asılıdır.
Dövlətin gücü vətəndaşının təhlükəsizliyi, azadlığl və rifahı ilə ölçülür. Şəhid sayıyla öyünən nə normal dövlətə və də şəxsə rast gəlməzsiz.
Hakimiyyət sülh danışıqlarına dirəniş göstərməklə Ermənistanı da buna məcbur etməlidir. Güclü ordunun, güclü cəmiyyətin olması sülhü inkar etmir, əksinə.
Bütün beynəlxalq hüquq və azadlıqlar çərçivəaində həqiqi sülh tərəfdarlarına sevgilər.
Şəhidlərimizin ruhu şad olsun, daha heç vaxt şəhid sayımız artmasın.
Səxavət Soltanlı, Müsavat Partiyası başqanının müavini