Əməkdar incəsənət xadimi Cavanşir Quliyev dünən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, Aygünü ilk dəfə səhnəyə gətirən bəstəkar yazıb: “Səni yağışlı bir gün Bakı küçələrində kəşf edib musiqi həyatımıza gətirərkən, nə biləydim, uzun sürməyəcək həyatın… Heyf səndən, qızım…”.
Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bunu İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb. “2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb. Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.
İsrail Baş naziri Benyamin Netanyahu soyqırım və əxlaqla bağlı nə isə söyləyə biləcək ən sonuncu şəxsdir. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrail baş nazirinin Ərdoğanın ünvanına söylədiyi fikirlərlə bağlı sosial şəbəkə səhifəsində deyib. “İsrail Baş naziri Benyamin Netanyahu soyqırım barədə danışacaq ən sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur”, - F.Altun bildirib.
Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur. Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq. Bəs qəbul olunan yeni qərarların hədəfi nədir? Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq: “Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”. Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”. Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var: “Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.
“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında yazıb. “Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, - məlumatda deyilir. Qeyd edək ki, dekabrın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib.
“Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...” Fransa paytaxtında “Erməni Dağlıq Qarabağı” adlı foto-sərgi keçirilir. Sozcu.az xəbər verir ki, bu haqda məlumat və foto sosial şəbəkələrin erməni seqmentində yayılıb. Dekabrın 14-dən başlanan və 2024-cü il yanvarın 15-dək davam edəcək foto-sərgi Parisin Bastiliya meydanında, Paris meriyasında və muzeylərdən birində keçirilir. P.S. Bu cür hallar yalnız Fransadakı erməni lobbisinin güclülüyündən deyil, həm də Azərbaycan diasporunun zəifliyindən irəli gəlir...moderator)
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır. Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsinin rəisi Vüsal Əlizadə müttəhim kürsüsündə əyləşiblər. Müttəhimlərin hər biri 2 ilə yaxındır həbsdədir. Eyni cinayət əməlində təqsirləndirilən şəxslərdən bir neçəsinin işi başqa icraatda araşdırılır. İşdə ən çox adı keçən polkovnik Rafael Xələfov da daxil olmaqla bir neçə nəfərin işi ilə bağlı isə ibtidai araşdırma davam edir. Budəfəki iclasda hərbi hissələrdə maliyyə xidməti rəisləri işləyən zabitlər şahid qismində ifadə veriblər. Şahidlər özləri də bu iş üzrə yeyintidə iştirak ediblər. 143 milyon hesablanmış dəymiş ziyanın müəyyən hissəsi onların ayağına yazılıb. Lakin istintaq orqanı onları təqsirləndirilən şəxs qismində cəlb etməyib, ziyanı ödəmələri üçün şans verib. Hərbi mühasiblər hamısı, demək olar ki, eyniməzmunlu ifadə veriblər. Nazirliyin maliyyə idarəsindən hərbi hissələrə vəsait ayrılıb, həmin pulun da bir hissəsi özlərinin dediyi kimi bineyi-qədimdən mövcud olan qayda üzrə mənimsənilib. Şəxsi heyətin təminatı üçün ayrılan pullar necə bölünüb? “N” saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Elşən Salmanov deyir ki, nazirliyin maliyyə idarəsindən onlara ayrılan vəsaitdən hər dəfə 20 faiz hərbi korpusun maliyyə şöbəsinə, 30 faizi isə təftişə verilib. Yerdə qalan məbləğ isə şəxsi heyətin xərclərinə və əlavə xərclərə sərf olunub. Generalın vəkili Rəşad Mirmehdizadənin - “əlavə xərclər nə idi, hara pul verirdiniz?” - sualına şahid: “Vermədiyimiz yer var idi ki? Elə hər yerə”, - cavabını verib. Şahidin özü tərəfindən işlədiyi dövrdə bir milyon manatdan çox mənimsəmə aşkar edilib. Dövlətə dəymiş ziyan kimi yazılmış həmin məbləğin 260 min manatını geri ödəyib. Onun özünə aid ziyanın böyük hissəsini ödəməməsi vəkil Mirmehdizadəni yenidən ayağa qaldırıb: “Bu cinayət iştirakçılıqla törədilib. Mənimsənilən məbləğ də hamıya aiddir. Nizami Məmmədov 12 milyon manat pul ödəyib oturub içəridə, elə adamlar var heç nə ödəməyiblər, amma çöldədirlər. Həmin ödənilməyən ziyana görə bu adamlar həbsdə qalıb. Buna bir aydınlıq gətirmək lazımdır”. Salmanov dəymiş ziyanı tam ödəməyə çalışdığını bildirib. “O şeytanın yer üzündəki timsalıdır…” Şahid ifadəsi əsnasında Nəzarət və təftiş şöbəsinin müdiri olmuş polkovnik Rafael Xələfovun əməllərindən danışıb, onu ən böyük düşməni adlandırıb. Şahidin dedikləri generalın digər vəkili Faiq Hüseynovda sual yaradıb. Vəkil ondan Xələfovla nəyə görə münasibətinin olmadığını soruşub: “Rafael Xələfovla həm də şəxsi işlə bağlı çox pis münasibətdə olmuşuq. O, şeytanın yer üzündəki timsalıdır. Mənə çox pisliyi dəyib. Bir dəfə Nizami Məmmədovun qəbulunda oldum, dedim ki, bəs, bu Xələfov sizə mənim haqqımda səhv məruzələr edir”. General Məmmədov şahidin onun yanına gəlməsini təsdiqləyib. Deyib ki, şahid bir dəfə onun yanına gəlib, sonralar Rafael Xələfov gəlməsinə imkan verməyib. Növbəti şahid Kərəm Xəlilov ordu korpuslarından birinin maliyyə xidmətində, sonradan nazirliyin özündə işləyib. Onun vəzifə səlahiyyətlərinə daxil olan işlərdən biri hərbi hissələrdə yoxlamalar keçirmək, aşkar olunmuş qayda pozuntuları ilə bağlı şöbə rəisinə məruzə etmək olub. Onun dediyinə görə, bütün yoxlamalar barədə birbaşa Rafael Xələfova məruzə edib. Onun tapşırığı ilə hərbi hissələrdən toplanmış pulları da elə ona təhvil verib. “Xələfov əvvəl ifadəsində deyib ki, bir dəfə hərbi hissələrdən birindən alınmış 190 min manat pulu siz də daxil olmaqla müfəttişlərlə bölüb. Amma sonradan üzləşmədə boynuna almayıb. Deyib ki, "revizor”larla bölməmişəm. Bu nə məsələ idi?” - deyə vəkil R.Mirmehdizadə soruşub. “Rafael üzləşmədə nəyi boynuna alırdı ki, bunu da alsın?” - deyə şahid cavab verib. Vəkil bu məqamda Rafael Xələfovun məhkəmədə iştirakının təmin edilməsi barədə yenidən vəsatət qaldırıb: “Ötən həftə mən bu barədə vəsatət verdim, amma təmin edilmədi. İndi görürük ki, ehtiyac var. Bütün şahidlər deyirlər ki, onları Rafael aldadıb. Xahiş edirəm, gəlib otursun burada, aydınlıq gətirsin”. Vəsatət generalın digər vəkilləri Faiq Hüseynov və Cahangir Cavadov tərəfindən müdafiə edilib. Sədrlik edən hakim vəsatəti təmin etməyib. Müdafiə Nazirliyinin İşlər idarəsinin sabiq müdiri İlqar Məmmədov da iş üzrə şahid qismində ifadə verib. Şahid deyib ki, maliyyə idarəsi hər ayın sonu şəxsi heyətin sayına uyğun olaraq onlara vəsait köçürüb. İ.Məmmədovun sözlərinə görə, ümumi köçürmədən əlavə müəyyən vaxtlarda əlavə xərclər olub. Həmin xərclər də Nizami Məmmədov tərəfindən qarşılanıb: “Məsələn, elə olurdu ki, yuxarı rəhbərlikdən məlumat gəlirdi ki, qonaqlar gələcək. Onları qarşılamaq və hədiyyələr almaq üçün general Məmmədovdan xahiş etmişik əlavə pul ayırıb”. Baş qərargah rəisi göstərişlər verib… Hakim Fikrət Məmmədov şahiddən sabiq Baş qərargah rəisinin (Nəcməddin Sadıkov - red.) ona hansısa göstəriş verib-vermədiyini soruşub. Şahid Nizami Məmmədovun Baş qərargah rəisinin göstərişi ilə pul ayırdığını bildirib: “Rəsmi tapşırıq olurdu, general Məmmədov da yerinə yetirirdi. Elə olurdu ki, gecə ilə çağırırdı ki, rəhbərliyin tapşırığı var. Pul verirdi, həll edirdik”. Müttəhim general şahidin ifadəsinə münasibət bildirərkən işlər idarəsi üçün qonaqların qarşılanması məqsədilə vəsait ayrılmadığını, öz hesabına həll etdiyini vurğulayıb. İfadə verən digər şahidlər də bənzər danışıblar. Onlar da ifadələrində şəxsi heyətin ehtiyacları üçün ayrılan vəsaitlərin bir hissəsinin tabe olduqları korpusun maliyyə şöbəsinə, bir hissəsini təftişə verdiklərini, qalan pulun isə bir qismini özləri mənimsədiklərini etiraf ediblər. Onlar hadisə baş verən dövrdə əvvəllər də eyni qayda ilə işlədiklərini ifadə ediblər. “Lap qədimdən qayda belə olub”, - ifadə verən maliyyə xidməti rəislərindən biri belə deyib. Maliyyə xidməti rəislərindən biri bu cür işləmələrini el məsəli ilə müqayisə edib: “Palaza bürün, ellə sürün”. Proses gələn cümə günü davam edəcək. Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.
Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır. Bunu Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib. Nazirin sözlərinə əsasən, ölkəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Türkiyə sərhədində 2, Ermənistan-Azərbaycan sərhədində də 5 keçid məntəqəsi quraşdırmağa hazırdır. “Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərq-Qərb Nəqliyyat Dəhlizi layihələri çərçivəsində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, - nazir əlavə edib.//APA
Müşahidələrimiz göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə vətəndaşların suallarını cavablandırarkən bildirib. Hakimiyyətin niyə KTMT-dən çıxmaq barədə qərar qəbul etməməsi ilə bağlı suala münasibət bildirən N.Paşinyan cavab verib ki, bununla bağlı siyasi iradə var və Ermənistanın maraqları nəzərə alınmaqla qərar veriləcək. “Niyə biz KTMT-dən çıxmaq və ya bu təşkilatda üzvlüyə xitam vermək barədə qərar qəbul etməmişik və verməyəcəyik? Biz Ermənistanın dövlət maraqlarına əsaslanaraq qərar verəcəyik. Bizim istiqamətimiz Ermənistanın dövlət maraqlarıdır. Məlumatlarımız göstərir ki, faktiki olaraq KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi onun respublika qarşısında götürdüyü öhdəliklərə uyğun gəlmir. Biz isə bu məsələni açıq şəkildə qaldırırıq”, - o bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi KTMT-nin mövqeyini başa düşmək, eləcə də özünün mövqeyini quruma çatdırmaq üçün bütün tədbirləri görməyə hazırlaşır.
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İərvan arasında bir sıra razılığın əldə edildiyi bildirilib. Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri (İrəvanda saxlanılan azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov-red.) azad edəcək. Hər iki ölkənin ictimaiyyəti neçə gündür hərbçilərin dəyişdiriləcəyi anı gözləyir. Proses hələ ki baş verməyib. Sozcu.az-ın məlumatına görə, nə Azərbaycan rəsmiləri, nə də Ermənistan hakimiyyətinin nümayəndələri saxlanılan hərbçilərin azad ediləcəyi günü və yeri, eləcə də prosesin kimin vasitəçilə gerçəkləşəcəyini açıqlamayıblar. Ermənistan mediasının məlumatına görə, mübadilə prosesi bu gün və ya sabah baş tuta bilər. Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan KİV-ə açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma kimin vasitəsilə, bunu açıqlamayıb. Ermənistan KİV-ləri prosesə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçi olacağını ehtimal edir. Beynəlxalq Komitənin Ermənistan nümayəndəliyindən Zara Amatuni bildirib ki, “Qırmızı Xaç” tərəfləri neytral vasitəçi olmağa hazır olduqları barədə məlumatlandırıb. “Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, tərəflər bizə müraciət etsələr, prosesdə rol oynaya bilərik. Hazırda bizdə başqa məlumat yoxdur”, - Amatuni bildirib.modern)
Qarabağın itirilməsiylə barışa bilməyən ermənilər müxtəlif platformalarda Azərbaycanı ittiham edir və ölkəmizi etnik təmizləmədə günahlandırırlar. Qondarma rejimin ləğvindən sonra özlərini hələ də “Dağlıq Qarabağ Respublikası parlamentinin deputatı” kimi təqdim edən bəzi separatçılar yenə revanşist bəyanatlar verirlər. Erməni xalqını yeni müharibəyə səsləyən bir qrup adam Qarabağ məsələsinin gündəmdən çıxmasının tərəfdarı deyillər. Sozcu.az xəbər verir ki, separatçı Metakse Akopyan bilririb ki, Qarabağ olmadan Ermənistanın mövcudluğu sual altındadır: “Biz mübarizə aparmalıyıq və Bakı ilə eyni gündəliyə malik olan Ermənistan hökumətinin Qarabağ məsələsini unutdurmasına imkan verməməliyik. Ermənistan və Qarabağ erməniləri, dünyadakı soydaşlarımız bir həqiqəti dərk etməlidirlər. Qarabağ məsələsini heç kimin bağlamağa ixtiyarı yoxdur”. Beləliklə, xəstə erməni təxəyyülünə görə Qarabağ məsələsi hələ qapanmayıb. Erməniləri yeni qarşıdurmaya çağıran revanşist qüvvələr uğradıqları məğlubiyyətdən nəticə çıxartmayıblar.
Ötən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. O, hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını vurğulayıb. "Narahatlığa heç bir əsas yoxdur", - Qurban Yetirmişli qeyd edib. Baş direktor bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir.