“Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib. O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: “Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir. Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar. Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir”. Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır. “Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”, - deyə, ekspert vurğulayıb.
"2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kubmetri Avropaya ixrac olunub". Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis əvəzi Anar Mütəllimov bildirib. O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir: "30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. O həm təhlükəsizlik sektorunda islahat, ətraf mühit, sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq".
"Chery" avtomobillərinin Azərbaycanda rəsmi distribütoru "Efendiler Motors" MMC məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciəti vətəndaş Vəliyev Ramiz (ad şərti-red) Zülfiqar oğlu edib. Mahiyyəti maddi ziyanın ödənilməsi üzrə mübahisə olan iş hakim Ülkər Yusifovanın icraatındadır. Qeyd: MMC-nin daxil olduğu "Efendiler Group"a Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvər Ənvərlinin rəhbərlik etdiyi bildirilir. "Efendiler Group" 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti və restoran sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup "Porsche", "Audi", "Geely" və "Chery" kimi avtoistehsalçıların distribütor şirkətləri və "Euro Style" texniki servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu, restoran sektorunda isə "Cafe Cayenne" ilə təmsil olunur.
Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfər etmək istəyini qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “AFP” Ukrayna liderinə yaxın mənbələrdən məlumat alıb. Buna səbəb kimi Kazanda keçirilən BRICS samiti çərçivəsində onun Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, dünya liderlərinə Ukraynada ədalətli sülhün əldə edilməsinə nail olmaqla bağlı çağırış etməsi olub. V. Zelenskinin ofisində isə BMT rəhbərinin Rusiyaya səfəri beynəlxalq hüququn pozulması kimi dəyərləndirilib. Bir qədər əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi də bu faktla bağlı bəyanat yayıb. Bildirilib ki, A. Quterreşin Ukraynada sülh üzrə İsveçrədə keçirilən Sammitdə iştirakdan imtina edərək, bunun əvəzində Rusiyanın təşkil etdiyi Kazan sammitinə qatılması qəbulolunmazdır. A. Quterreş isə öz növbəsində Putinlə görüşü zamanı Ukraynaya hərbi müdaxiləni BMT Nizamnaməsinə zidd adlandırıb. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəfələrlə tənqid edən BMT rəhbərinin Kiyevə səfəri BRICS sammitindən sonraya planlaşdırılırdı. Bu arada, BMT baş katibinin köməkçisi Stefan Düjarrik 2024-cü ilin aprelində verdiyi bəyanatda bildirib ki, Ukraynada müharibənin başa çatdırılması yalnız bu ölkənin ərazi bütövlüyünün təminatı şəraitində mümkün ola bilər.
ABŞ prezidentliyinə namizəd TRAMP deyib ki: “120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə və Artsaxdan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib.” Əslində Qarabağ erməniləri təqib edilməyib, əksinə burada yaşayan erməni əhalisinin vasitəçiliyi ilə Ermənistan, Rusiya tərəfindən 700 minədək Azərbaycan əhalisi dəhşətli şəkildə təqib edilib, yurdlarından qovulub, əmlakları talan edilib, evləri dağıdılıb, əsir götürülüb, öldürülüb. Azərbaycanın 7 şəhəri, 10-dək qəsəbəsi, 400 dən çox kəndinin daşı daş üstündə qalmayıb, yox edilib, yer üzündən silinib. Bu dövrdə ABŞ prezidenti olmuş TRAMP heç nə etməyib. TRAMP deyir ki: “Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam…” Bəs təqib olunan bütpərəstləri, müsəlmanları, ümumiyyətlə dini inancsız olanları necə, onları qorumaq vacib deyilmi? Demokratiyanın beşiyi, xarici siyasətində insan haqlarının və demokratik dəyərlərin qorunmasını dövlət siyasəti elan etmiş bir dövlətin başçısı olmuş və yenidən olmaq istəyən namizəd bu barədə nə düşünür? Əziz həmvətənlərim, bəs siz bu barədə nə düşünürsüz? Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.
"Bu gün Bakıda avtomobil tunelində iki nəfərin həyatını itirməsi sadəcə təsadüfi bir faciə deyil, bu, bizim şəhər rəhbərliyinin və infrastruktur planlamasının tam iflasının acı nəticəsidir. Bəs bu qədər məsuliyyətsizlik nə vaxta qədər davam edəcək? Bu, bir yağış hadisəsi deyil, bu, düşünülməmiş, planlaşdırılmamış və vətəndaşın təhlükəsizliyinə qarşı etinasız yanaşmanın nəticəsidir". Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında yazıb. O, ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunaraq bunları qeyd edib: "Tunellərimiz, yollarımız hər yağışdan sonra dənizə çevrilir. Hansı əsrdə yaşayırıq ki, paytaxtın əsas yollarında yağış suları belə fəlakətlərə səbəb olur? Bu cür hadisələrin qarşısını almaq üçün bir tədbir görmək bu qədərmi çətindir? İnsanların həyatına bu qədər dəyər verməyən qurumların cavabdeh şəxsləri nə vaxt hesabat verəcəklər? Hər susqunluğumuz bir növbəti faciənin yolunu açır".
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sensasiya xarakterli çıxış edib. Sozcu.az xəbər verir ki, Dövlət Baxçalı MHP-nin bugünkü qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Özalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib D.Baxçalı onu da sdeyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın. “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır. Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq. Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”. Baxçalı deyib ki, Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir: “Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”. Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu çağırışı milliyətçilərin liderinin dilindən eşitmək təəccüblüdür, çünki türk milliyətçiləri illər uzunu PKK ilə danışıqların və razılaşmaların əleyhinə olublar: “Fikrimcə, bu prezident Rəcəb Tayyib Ərdoğanın planıdır. Baxçalı Əradoğanın ortağıdır. Ərdoğan milliyətçi ortağının mövqeyini bilmədən Öcalanı sərbəst buraxaraq, PKK-nın tərk-silah olunması prosesinə başlamazdı. Ona görə də Ərdoğan əvvəlcə Baxçalının mövqeyini öyrənib, razılaşma əldə etdikdən sonra bu mövzuda birinci onun danışmasını istəyib. Baxçalı Ərdoğanın işini asanlaşdırıb. Bəs Ərdoğan indi niyə PKK məsələsini tərk-silah yolu ilə həll etmək istəyir? Türkiyə ordusu son illərdə PKK-ya dağıdıcı zərbələr vurub. Buna baxmayaraq, PKK Türkiyəyə qonşu olan dövlətlərdə varlığını qoruyur və bu terrorçulardan müxtəlif dövlətlər öz məqsədləri üçün Türkiyəyə qarşı istifadə edirlər. Ərdoğan bir dəfə “kürd açılımı” ilə problemi həll etməyə çalışdı, kürdlərə müxtəlif hüquqlar verildi, ancaq PKK silahı yerə qoymaq əvəzinə, yenidən terrora başladı. Bu dəfə də belə olsa, yenə alınmaya bilər. Öcalan terrorçu tərəfdarlarına “silahları yerə qoyun” çağırış edərsə, əfv məsələsi gündəmə gələ bilər. Ancaq Öcalanın terrorçular arasında bu çağırışını eşidənlər olacağı kimi, terrora davam etmək istəyənlər də ola bilər. Bütün hallarda Türkiyənin terror problemindən qurtulmasına ehtiyacı var, yaxın günlərdə qardaş dövlətdə maraqlı proseslərin şahidi olacağıq”.
Əməkdar artist Elnur Kərimov son günlər Türkiyə gündəmini zəbt edən "Yenidoğan şəbəkəsi"nin işinə diqqət çəkib. Sozcu.az unikal-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkə paylaşımında belə bir hadisənin Bakıda da yaşandığını iddia edib. "Son günlərdə Türkiyədə Yenidoğan hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm", - deyə Elnur yazıb. Qeyd edək ki, Türkiyədə "Yenidoğan şəbəkəsi"nin xəstəxanalarda yeni doğulmuş körpələrə yanlış diaqnozlar qoyaraq təcili yardım şöbələrindən özəl klinikalara yönləndirilməsi və bununla qanunsuz gəlir əldə etdikləri üzə çıxıb. Həmin şəxslər uşaqlara narkotik maddələr verərək onların mövcud vəziyyətini olduğundan daha ağır göstəriblər və uzun müddət orada qalmalarını təmin ediblər. Uşaqların evtanaziya yolu ilə öldürüldüyü də məlum olub. Sağ qalan körpələrin səhhətində isə bilərəkdən problemlər yaradılıb. Ümumilikdə şəbəkənin cinayət əməli nəticəsində 12 uşaq öldürülüb. Dəstə üzvlərinin İstanbulda əlbir olduqları 9 özəl xəstəxananın lisenziyası artıq ləğv edilib. Rəsmi statistikaya görə, Türkiyədə son 10 ildə 3 000-dən çox körpə xəstəxanalarda şübhəli şəkildə dünyasını dəyişib.
Niderland Ukraynaya 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları təhvil verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, "DeltaQuad" şirkəti tərəfindən istehsal olunan PUA-lar kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulub. Niderland Müdafiə Nazirliyi vurğulayır ki, aparatların sayı və dəqiq çatdırılma tarixləri təhlükəsizlik səbəbi ilə açıqlanmır.
Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şikayətlənib. Sozcu.az xəbər verir ki, aparıcı "Xəbər ertəsi" proqramında tələbələrin əksəriyyətinin kirayə evlərdə yaşadığını deyib: "Yataqxana var ki? Tələbələr kirayədə yaşayırlar. Neçə ailə tanıyıram, qohumlarım arasında da var, ya öz evlərində qalır, ya da ucqar rayondan gəlib kirayə ev tuturlar. Türkiyədə 30 minə yaxın azərbaycanlı tələbə var. Orada tələbə avtobusda, paltar alanda belə endirim əldə edir. Tələbə üçün 3 manat belə böyük puldur. Hansı yataqxana verilir, hansı yemək verilir?".axşam.az)
“Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. 15 il əvvəllə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Ölkə üzrə 50 faiz tələbə dövlət hesabına təhsil alır, bu da 30 min tələbə deməkdir. Elm və təhsil imkanlarının artırılması sahəsində daha bir vacib məqam müxtəlif adlarda olan təqaüd proqramlarıdır”. Sozcu.az xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib. O bildirib ki, dörd il əvvəl bu layihəyə sadəcə bir neçə sahibkar dəstək olurdu. Bu gün isə bu say xeyli artıb. Emin Əmrullayev qeyd edib ki, bu gün Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin təşkili daha institusional forma alıb: “Cari ildə bakalavr səviyyəsində təhsilə 60 minə yaxın tələbə qəbul olub. Oxşar statistika magistratura səviyyəsində də müşahidə olunur. Ali təhsil alan şəxslərin yarısından çoxu dövlət sifarişi ilə təhsil alır. Həmçinin sosial həssas qrupa aid tələbələrin də təhsil haqları dövlət tərəfindən qarşılanır”. O vurğulayıb ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq. “Bu il Qarabağ Universitetində bir neçə Dövlət Proqramı məzunu tədris prosesinə qoşularaq əmək fəaliyyətinə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar”, - deyə nazir qeyd edib. ("Azərbaycan müəllimi" qəzeti)
28 oktyabr 2024-cü il tarixinə təyin edilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib. 1. "Səba"ASC-nin ləğv edilməsi, ləğvetmə komissiyası (təsviyəçi), qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə. vakansiyalar 2. "Səba" ASC-nin Direktorlar Şurası barədə. 3. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə. 4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə. 5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılmasına dair əqd barədə. 6. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin birgə təsisçiliyi ilə yaradılmış "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı "Qarabağ Taxıl" MMC-yə məxsus payların satılmasına dair əqd barədə. 7. "Səba" ASC-nin törəmə cəmiyyəti olan "Qarabağ Taxıl" MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə. 8. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə. 9. "Səba"ASC-nin və onun törəmə cəmiyyətləri olan "Qarabağ Taxıl" MMC-nin, "Biləsuvar Aqro" MMC-nin mövcud olan kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl" MMC-nin mülkiyyətində olan Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrindən ibarət daşınmaz əmlaklarının və həmin sahələrdə mövcud olan "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə. 10. "Səba" ASC-nin birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə. 11. "Səba" ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə. 12. "Səba" ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə. Qeyd edək ki, hazırda "Səba" şirkətinin aktivlərinə “Chicken Pro.” nəzarət edir.