Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Ukraynada sülhlə bağlı müəyyənləşdirdiyi zaman aralığını ixtisar edib. O, bu müddəti 10-12 günə endirib.
"Putin məni çox məyus etdi. Ona verdiyim 50 günlük müddəti azaldıram. Çünki cavabın nə olacağını zatən bilirəm", - deyə ABŞ prezidenti Şotlandiyada Britaniya Baş naziri Starmer ilə görüşdən öncə bildirib.
Sozcu.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli Trampın çıxışını belə şərh edib:
“Bir gün əvvəl ABŞ və Avropa İttifaqı arasında ticarət anlaşması əldə edilməsi də Ukrayna məsələsində Qərbin vahid mövqedən çıxış etməsinə təsir göstərən önəmli hadisədir. Razılığa əsasən, Aİ qarşıdakı 3 ildə ABŞ-dən hər il 250 milyard dollarlıq təbii qaz, neft və digər enerji daşıyıcıları alacaq və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacaq. Bununla yanaşı, Aİ ABŞ-dən milyardlarla dollarlıq silah alaraq Ukraynaya ötürəcək. Bu anlaşma Trampın Avropadakı ideoloji müttəfiqləri olan radikal sağçı partiyalar tərəfindən tənqidlə qarşılanıb. Putin rejiminin Avropaya müharibə, qan, göz yaşı gətirdiyini və strateji situasiyanın bu səbəbdən dəyişdiyini qəbul etmək istəməyən Avropa anti-sistemi Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyə tərəfdar çıxaraq Aİ liderlərini ABŞ-dən baha qiymətə xammal almaqda ittiham edir. Bu, qeyri-əxlaqi mövqe olmaqla bərabər, Tramp komandasının iqtisadi siyasətini də baltalamağa yönəldiyindən, respublikaçı administrasiya ilə həmin qüvvələrin ideoloji yaxınlığının praktik əhəmiyyətini azaldacaq”.