Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

General-polkovnik Məhərrəm Abış oğlu Əliyev hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib. Prezidentin daha bir Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradıldı

Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni şöbələr yaradılıb. Belə ki, yeni struktur bölmələr Məktəbəqədər və ümumi təhsil siyasəti, Elm və ali təhsil siyasəti, Peşə təhsili siyasəti, Uşaq və gənclərin inkişafı siyasəti, İctimaiyyətlə əlaqələr və kommunikasiya, Strateji planlaşdırma və icraya nəzarət şöbələri, Satınalmalar və qrantlar sektorudur. Həmçinin nazirliyin aparatında mövcud olan Beynəlxalq əməkdaşlıq, Maliyyə, Təhsilin iqtisadiyyatı, Vətəndaşlara xidmət və sənədlərlə iş, Hüquq, İnsan resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətini davam etdirəcək. Struktur dəyişikliyindən sonra Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, Məktəbdənkənar fəaliyyətin təşkili və Təhsilin inkişafı proqramları şöbələri ləğv edilib. Bununla yanaşı, Əliyev Elnur Qəzənfər oğlu nazirin müşaviri təyin edilib. Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini icra edəcək. Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub. Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinə Vəfa Yaqublu, Elm və ali təhsil siyasəti şöbəsinə Turxan Süleyman, Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinə Elnur Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdir səlahiyyətlərinin icrası isə Strateji planlaşdırma və koordinasiya sektorunun müdiri Leyla Xəlilova Rzazadəyə həvalə olunub. Maliyyə şöbəsinin müdiri Rauf Orucov, Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri Rəşad Xanlarov, Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili nəzarət şöbəsinin müdiri Gündüz Əbdülov, Audit şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.

Paşinyandan Bakı və İrəvan arasında razılaşma ilə bağlı PAYLAŞIM

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə edilən razılaşma ilə əlaqədar paylaşım edib. Sozcu.az xəbər verir ki, o, özünün "X" hesabında birgə açıqlamanı paylaşıb. Paşinyan bildirib ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. "Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", - paylaşımda deyilir.

Ömürlük həbs olunan hərbçimizin anası danışdı

Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edilən Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova danışıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, sonuncu dəfə noyabrın 23-də oğlu ilə telefonla əlaqə saxlayıb, 3 gün sonra isə məktubu və videosu gəlib. "Hamıdan hallalıq istəməyinə görə şübhələndik ki, nə isə var. Bu gün səhər eşitdim ki, oğluma ömürlük həbs cəzası veriblər. İnanmadım. Sonradan sosial şəbəkələrdə də xəbərlər oxudum”, - deyə Ş.Axundova bildirib Hüseyn Axundovun anası hər zaman Azərbaycan dövlətinə arxalandığını bildirib: "Hələ də ümidimiz üzülməyib. Dövlətimizə inanırıq”. Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb. Ermənistan məhkəməsi mayın 8-də A.Bəbirovu 11,5 il müddətinə, iyunun 21-də isə H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib. Bu gün isə Ermənistanın Cinayət İşləri üzrə Apellyasiya Məhkəməsi bu ölkədə əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovla bağlı cinayət işinə baxıb və onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyirlər

Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat verib. O qeyd edib ki, hazırda mütəxəssislər yeni körpünün inşası ilə bağlı texniki-iqtisadi araşdırmalar aparırlar. “Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, - deyə Kristina Qaleçyan əlavə edib.//oxu.az

Zəngəzur dəhlizi mümkün deyil – İran

Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil. Sozcu.az “Pars Todey”ə istinadla xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib. “Hamı etiraf etdi ki, “Zəngəzur dəhlizi” kimi ideyaları həyata keçirmək mümkün deyil. Bu kontekstdə Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir”, - deyə o bildirib. O qeyd edib ki, Qarabağ ətrafında baş verən hadisələrdən sonra regional sülhün həlli ilə bağlı müxtəlif layihələr irəli sürülüb. Onun sözlərinə görə, Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb. İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.axar)

“Deputatların çoxu əsgərlikdə olmayıb, olanlar da 365 gün sızıldayıb”

“Hərbçilərin xidmət dövrünün artırılması mənfi haldır. “Hərbçi niyə 45 yaşında pensiyaya çıxmalıdır” fikrini səsləndirənlər gəlib hərbçilərlə 1 ay eyni rejimdə yatıb-dursalar yaxud tapşırıqları yerinə yetirsələr, yəqin ki, bundan sonra onlar bu sözü bir daha dillərinə gətirməzlər”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.  Öz növbəsində, polkovnik əlavə edib ki, hərbçi nə bayram, nə bazar, nə də rahatlıq bilir:  “Hərbçi üçün saat anlayışı yoxdur. Əgər mülki şəxs əmək müqaviləsi ilə işləyirsə, hərbçi vətəninə xidmət edir:  “Vətən ona əmr etsə ki, get səngərə, səngərə gedəcək, yaxud əmr etsə ki, get düşmən üstünə, düşmən üstünə də gedəcək. Hansı müəllim düşmən üstünə gedib? Hərə öz peşəsini seçib. Əgər müəllim öz peşəsini seçibsə, o niyə hərbçiyə rişxənd etməlidir ki, hərbi qulluqçu 45 yaşında pensiyaya çıxır? Müəllimi hərbçi müdafiə edir. Hərbçi onu müdafiə etməsə, müəllim işləyib ailəsini dolandıra, yaşaya bilər?!”  Onun sözlərinə görə, bu gün Milli Məclisdə 99% hərbidən uzaq olan adamlar var: “Bu təklifi verən adamlar çox məsuliyyətsiz davranıblar. Çünki bundan sonra hərbiyə maraq azalacaq. Əvvəllər insanlar deyirdilər ki, gedib 20 il xidmət edəcəyəm, sonra da pensiyaya çıxacağam. Bu amil dünyada elmi tədqiqatlar və tibb elmi sahəsində sübut olunmuş bir faktdır ki, 20 il insan orqanizmi davamlı şəkildə dözür və onu keyfiyyətli şəkildə yerinə yetirməyə imkan yaradır. İndi nə etmək istəyirlər? 5 il xidmət dövrünü artırmaqla niyə gözə soxurlar ki, 65% pensiya alacaqsınız? Mən bununla bağlı müsahibəmdə söyləmişəm ki, “nə edirəm o qızıl teşti ki, içinə qan qusum?!” Mən guya sabah pul qazanacağam, amma o 5 il də 5 ildir və elə-belə deyil, çünki o 5 ilə mənim sağlamlığım tam sıradan çıxacaq. Bu, ona bənzəyir ki, əgər bir təyyarənin uçuş limiti 1000 saatdırsa, biz onu 2000 saat sürsək, o, istənilən an qəzaya uğraya bilər”. Hərbi ekspertin fikrincə, hərbçilərlə bağlı bu cür yanaşmalar kökündən yanlışdır: “Çox təəssüf ki, bugünkü parlamentdə və idarəetmədə olanlar hərbinin nə olduğunu anlamaq istəmirlər. Lakin bunlar mənim üçün təəccüblü deyil. Çünki bu, həmin Milli Məclisdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səriştəsiz rəhbərliyinin təklifi ilə hərbçiləri 1 səsvermə ilə pensiyaya əməkçi etdilər. Dünyada analoqu olmayan bir şeydir ki, xidmət edən adamı etdilər əməkçi. Ümumiyyətlə, heç bir halda bu tendensiya hərbi xidmətə uyğun gəlmir”. O, xatırladıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanun var: “Bütün dünyada belədir ki, harada hərbi varsa, o, hərbçiyə aid olan konkret qanunla tənzimlənir. İndi isə ideya irəli sürüblər ki, MAXE-lər 45-dən 48 yaşa, hərbi qulluqçular 20 ildən 25 ilə xidmət keçməlidir və s. Bir neçə ildən sonra biz yenə də qanunu dəyişməli və geriyə addım atmalı olacağıq”. “Mənim üçün artıq heç nə təəccüblü deyil. Məsələn, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu günə qədər 5 qurum dəyişibsə, indi də hərbi üzərində “dəlləklik” edirlər. Olmaz belə bir şey! Hərbi qorunmalı və hərbini yalnız hərbçi başa düşməlidir. Təəssüf edirəm ki, bu cur yanaşma var. Bunlar hərbi xidmətin nüfuzunu aşağı salacaq. Deputatların çoxu heç əsgərlikdə olmayıb. Xidmət olanlar da 365 gün sızıldayıb ki, xidmətim nə vaxt qurtaracaq? Hələ mən 1 ili deyirəm, lakin burada söhbət 20 ildən gedir. 20 il bu insan nə bazar, nə bayram, nə seyran bilir, növbəyə gedir, poliqonda yaşayır və s. İndi deyə bilərlər ki, Qarabağ məsələsi qurtarıb. Doğrudur, qurtarıb, amma bu gün də ölkənin şimalında və cənubunda bizi hər an peşman etmək istəyən qüvvələr var. Ona görə də bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Onlar güc strukturlarından maraqlanmalıdırlar ki, neçə min insan ordudan getmək haqqında raport yazıb. Yəqin ki, ondan sonra başa düşərlər ki, bu məsələ kökündən yanlışdır”, - fikirlərini yekunlaşdırıb. 

Şagirdi döyən məmur istefa verdi

Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən könüllü şəkildə istefa verib. Sozcu.az xəbər verir ki, R.Hacıyev bu barədə özünün “Facebook” hesabında məlumat yayıb.  Sabiq məmur yorulduğu üçün vəzifədən ayrıldığını açlıqlayıb. O, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi islahatları dəstəklədiyini, bundan sonra da fərd olaraq gənc nəslin təlim-tərbiyəsinin qeydinə qalacağını bildirib. Xatırladaq ki, Rüfət Hacıyev dəfələrlə müxtəlif qalmaqallarla gündəmə gəlib. Onun adı sonuncu dəfə Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nazim Ramiz oğluna qarşı zorakılıqda hallanıb. Ailəsinin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Bundan sonra Mirzəyevlər ailəsi R. Hacıyevdən DİN-nin 102 çağrı mərkəzinə şikayət edib.

Şahramanyandan ŞOK ETİRAFLAR

Qarabağdakı keçmiş separatçı rejimin "rəhbəri" Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyasının iclasında bir sıra sualları cavablandırıb. Samvel Şahramanyan qondarma rejimin ləğv ediləcəyi barədə "fərman" imzalaması haqda danışıb. Şahramanyan qondarma qurumun digər "rəhbər" şəxslərinin harada olmasına da aydınlıq gətirib. O, keçmiş "rəhbər"lərin bir qisminin Rusiya sülhməramlılarının qərargahında, digər "rəsmi"lərin isə Karen Sarkisyanın iqamətgahında olduğunu bildirib. Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı da danışan Şahramanyan bildirib ki, bu, səhlənkarlıq nəticəsində baş verən hadisədir. Samvel Şahramanyan bundan sonra Ermənistanda siyasətlə məşğul olmayacağını bildirib. (News24.az)

BMT-nin Baş katibi qadınlara qarşı zorakılıqla mübarizə aparmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş cəmiyyətdə davamlı inkişafı təmin etmək üçün qadınlara qarşı zorakılıqla mübarizəyə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Qadınlara qarşı zorakılıq insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, səhiyyə böhranına gətirib çıxarır və davamlı inkişafa maneələr yaradır. Gəlin, elə dünya yaradaq ki, burada qadınlara qarşı zorakılığa bütün formalarına dözümlülük nümayiş etdirilməsin”, - A.Quterreş bildirib. Qeyd edək ki, bu gün BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu gender əsaslı zorakılığa qarşı 16 günlük beynəlxalq fəallıq kampaniyasına start verib.

Bakıda saxlanılan ermənilərlə onları dəyişdirməyə hazırıq!

Biz Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırıq. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan Almaniyanın baş kəşfiyyatçısı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalla ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Görüş Almaniya rəsmisinin İrəvana səfəri çərçivəsində baş tutub. Söhbət zamanı əməkdaşlıq və regiondakı vəziyyət müzakirə edilib.