Səddam Hüseyn rejiminin məhvindən sonra İsrailə birbaşa təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü. Suriyada bundan sonra nələr ola biləcəyini təxmin etmək üçün İraqda 2003-cü ildəki ABŞ işğalından sonra baş verənlərə nəzər salmaq lazımdır. Bənzər model Suriyada da tətbiq oluna bilər. İsrail xarici işlər naziri də məhz buna - federallaşmaya işarə edərək kürd faktorunun vacibliyini xüsusi vurğulayıb. Hələlik dəqiq bilinən budur ki, İraqdakı kimi, Suriyada da güclü mərkəzi hökumət mövcud olmayacaq. İsrail hazırda Suriya ərazisində demilitarizasiya (Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvi) tədbirləri həyata keçirməklə bu hərbi potensalın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır. İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb. Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir. Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilmiş oldu. İrandan Aralıq dənizi sahilinə uzanan "şiə ayparası" dağıldı. Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxmış oldu. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək. "Hizbullah"ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı "Ənsərullah" və "Haşdi Şabi" qruplaşmalarına çatdığını söyləmək mümkündür. Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda isə yəqin ki, birbaşa İran özü hədəf alınacaq. Xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər. Şahin Cəfərli, politoloq
Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib. Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. O, cəzasının azaldılmasını istəyir. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb./Pravda.az
Aparıcı Tural Əsədov "Umico" şirkətindən narazılığını ifadə edib. Sozcu.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında şirkəti qanunsuz fəaliyyət göstərməkdə ittiham edib. O, postunda bunları qeyd edib: "Bilirəm ki, uzun-uzadı oxumağa həvəsiniz yoxdur. Lap qısa deyirəm: "Umico.market" Azərbaycan Respublikasının qanunlarını tanımır, saymır və riayət etmir. Bu postdan sonra 'şirkətin' şəxsən mənə sualı olsa, 8 gün ərzində mən tərəfdən olan zəngləri rahatlıqla araşdırandan sonra verə bilərlər. Çünki göstərdikləri 'xidmət' səviyyəsinin ölçülməsi məqsədi ilə bütün zənglər qeydə alınıb. Google-da 'Umico' yazanda birinci sorğu təklifi 'umico şikayət' çıxır. Demək, mən birinci deyiləm. İlk dəfədir ki, ümid edirəm axırıncı olum". Aparıcının paylaşımı qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. O, şirkət xidmətlərinin keyfiyyətsizliyindən narazılığını vurğulayıb və məsələnin həlli üçün diqqət tələb edib. Şirkət isə hələlik bu açıqlamaya münasibət bildirməyib.
2022-ci ildə MİQ imtahanlarında iştirak edən və uğurlu nəticə göstərən ibtidai sinif müəllimi Südabə Sadıqova iki ildir ki sertifikatını ala bilmir. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. S.Sadıqova qeyd edib ki, 33 il Bakı şəhəri, Təbriz küçəsində yerləşən 77 saylı məktəbdə (hazırda Bakı Ankara Məktəb-Liseyi) çalışıb: "2022-ci ildə, 64 yaşımda sertifikasiya imtahanından keçdim. O vaxt deyirdilər ki, sertifikasiyadan keçənlər beş il işləyə bilər. 2023-cü ilin fevralından may ayına qədər bütün müəllim yoldaşlarım sertifikatlarını aldılar. İyun ayında mən də sertifikatın dalınca düşdüm. Dəfələrlə Təhsil Nazirliyinin Qəbul şöbəsinə getdim. Orada mənə dedilər ki, sənədi ASAN Xidmətə göndəriblər. İki dəfə ASAN Xidmətə getdim, amma oradan da sertifikatın olmadığını bildirdilər. Axırda Nazirlikdən dedilər ki, hərf səhvi olub, ona görə sənəd qalıb". 2023-cü ilin sentyabr ayında təqaüdə göndərilən müəllimə, o vaxtdan bəri hər ay 146 "Qaynar xətt"inə müraciət etsə də, eyni cavabları alır: "Hər dəfə "Hələ hazır deyil", "Hazır olanda verəcəyik", "Emailinizə göndərəcəyik" deyirlər. Lakin heç bir nəticə yoxdur. Bu sertifikat mənim qanuni haqqımdır. Sertifikasiyadan keçmişəm, amma sənədimi ala bilmirəm. Onlar 64 yaşlı müəllimin əsəblərini poza-poza sertifikasiyaya göndəriblər. İmtahandan keçmişəm və sertifikatımı tələb edirəm". Maraqlıdır ki, Təhsil Nazirliyi müəllimə sertifikat vermək əvəzinə onu təqaüdə göndərib. Təqaüdə göndərilən müəllimlərə sertifikat verilmirmi? Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən tənzimlənir. " 2022-ci ildə edilən dəyişikliklərdən biri də 60 yaşı tamam olmuş şəxslərin sertifikasiyada iştirakının könüllü olmasıdır. Bu o deməkdir ki, həmin şəxslər sertifikasiyada iştirak etmək üçün əlavə olaraq ərizə yazıb müraciət etməlidirlər ki, 60 yaşımın tamam olmasına baxmayaraq sertifikasiyada iştirak etmək istəyirəm. Yalnız bu müraciətdən sonra onlar sertifikasiyaya cəlb edilə bilərlər". Ekspertin sözlərinə görə, sertifikasiyada iştirak etdiyi halda, sertifikatın kağız şəklində verilməsinin xüsusi bir halı yoxdur, lakin müəllim onu almaq hüququna malikdir: "Mən düşünürəm ki, bu, əmək münasibətlərindən irəli gələn problemdir. Həmin müəllim ilk növbədə yazılı şəkildə Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etməlidir. Əgər 15 gün ərzində cavab almazsa və ya cavab onu qane etməzsə, o zaman məhkəməyə müraciət etməsi məqsədəuyğundur". Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən edilmiş müvafiq dəyişikliklərə əsasən, təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək: “Elektron sənəd formasında təqdim edilən sertifikatlar müəllimlərin portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə ediləcək. Hazırda bu istiqamətdə sistemdə texniki işlər aparılır”.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Zelenskinin ofisinin rəhbəri Andrey Ermakla görüşündə 2025-ci ilin yanvar ayının ortalarına qədər Kiyevi yüz minlərlə mərmi, minlərlə raket və yüzlərlə zirehli texnika ilə təmin edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, bu barədə “Qardian” nəşri məlumat verib. “Ceyk Sallivan dünən bir saatdan çox Andrey Yermakla görüşdü. Ukraynanı yanvarın ortalarına qədər yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika ilə təmin edəcəyinə söz verdi”, - məlumatda qeyd olunub.
Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib. A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb. Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı bina zədə görüb və qarşısında olan avtomobillər yararsız hala düşüb. Bəs dəymiş zərəri kim qarşılayacaq ? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-a əmlak eksperti Vüqar Oruc açıqlama verərək bildirib ki, mənzillər mövcud hallara görə sığortalanmalıdır. "Buna görə icbari sığorta qaydaları da mövcuddur. Həmin sığorta olunan mənzillər bu və digər hadisələrlə qarşılaşdıqda, həmin mənzillərin sahibləri kompensasiya əldə edirlər. Hazırkı situasiya araşdırılır və hadisənin əsl mahiyyəti üzə çıxacaq. Əgər həmin hadisə binaya ciddi şəkildə ziyan vurubsa, bunu icra hakimiyyəti qarşılayıb bərpa edəcək. Hadisənin konkret baş vermə səbəbi müəyyən edildikdən sonra, bu hadisənin baş verməsinə aidiyyəti olan şəxsdən kompensasiya alına bilər. Çünki elə dağıntılar var ki, yalnız binanın daxili hissəsindəndir. Xaricdə olan zədələr isə binanın görünüşünə təsir edir. Bu zaman icra qurumları bu prosesdə addımlar ataraq binanın bərpasında uyğun işlər görə bilər". Ekspert qeyd edib ki, vətəndaşlar özlərinə məxsus mənzillərin siğortalanması istiqamətində ciddi qərarlar qəbul etməlidirlər. Sonradan bu cür problemlərlə qarşılaşanda kompensasiya ödənilməsindən asılı olmayaraq həmin şəxsə məxsus obyektin və ya mənzilin dəymiş ziyanın ödənilməsi üçün müvafiq qurumlara müraciət edilə bilsin.
Gürcüstanın Niderland Krallığındakı səfiri David Solomonia hakim Gürcü Arzusu Partiyasının 2028-ci ilə qədər AB-yə üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarına etiraz olaraq istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə diplomat bəyanat yayıb. “Gürcüstanın diplomatik xidmətində işlədiyim üç onilliyin çoxu Avropaya inteqrasiya məsələləri üzərində işləməyə həsr olunub. İşlərin gedişatına zərrə qədər də olsa, təsir göstərə biləcəyimə inandığım müddətdə rəsmi vəzifələrimi ciddi şəkildə yerinə yetirdim. Bu gün bu ümid puç olub. Mən istənilən zorakılığı pisləyirəm və Gürcüstanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tərk edirəm”, - diplomat bildirib. Bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili eyni səbəblə istefa verib və Avropaya inteqrasiyanın dayandırılmasına qarşı çıxan etirazçılarla həmrəy olduğunu bildirib. Qeyd edək ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını və qrantlardan imtina edildiyini bildirib. Bunun ardınca müxalifətin kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara Prezident Zurabişvili də dəstək verir.
Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır. Sosial şəbəkələrdə onlarla uğursuz plastik cərrahiyyə qurbanına rast gəlirik. Onlar ya yenidən daha doğru əməliyyat olunmalarını tələb edir, ya da ödənişlərini geri istəyirlər. Bəziləri isə fakt və sənədlərlə məhkəmələrə üz tuturlar. Mətbuatda yayılan məlumatlara görə, bu cür əməliyyatlardan vəfat edənlər də var. Həmçinin, iddia olunur ki, ölkəmizdə plastik əməliyyat icra edən bir neçə həkim saxta diplomla işləyir. İş o yerə çatıb ki, Milli Məclisdə belə bu mövzuya toxunulub. Deputat Səyyad Salahlı diplomsuz işləyən plastik cərrahlarla bağlı müvafiq qurumlara, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib, məsələni diqqətdə saxlamalarını istəyib. Ümumiyyətlə, "diplomsuz həkimlər" ifadəsini yaradan səbəblər hansıdır? Həkimlərin diplomları necə yoxlanılır? Estetik cərrah işləmək üçün hansı ixtisası bitirmək lazımdır və icazə prosesi necədir? Sozcu.az Bizim.media-ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim-plastik cərrahlar əldə edirlər: "Artıq 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti beş il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər". Məlumatda qeyd olunub ki, plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır: "Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu barədə inzibati tənbeh tədbirləri görülüb". Qurumdan bildirilib ki, pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var: "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar monitorinqlər zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətti" (012) 596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. Sozcu.az xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılacaq.
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam edir. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işlərinin ibtidai istintaqı aparılır. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə “SOİL BOONS” MMC tərəfindən ümumilikdə 6.9 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 11.7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Cahangir Alim oğlu, Hacıyev Elyar Taryel oğlu, Mirzəmədov Mehman Əjdər oğlu, Qəbilov Saleh Rza oğlu və Əliyev Alı Cahangir oglu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə fiziki şəxs Qurbanov Elxan Sabir oğlu tərəfindən ümumilikdə 3.8 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 6.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Qurbanov Elxan Sabir oğlu və Xalıqov Fuad Elşad oğlu iş üzrə təqsirləndirilən şəxslər qismində cəlb olunaraq qeyd olunan maddələrlə onlara ittiham elan edilib və barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə “Roksa” və “Betta Advertising Media” MMC-lərin direktorları Nəcəfov Samir Afət oğlu və Qasımov Rəfayıl Qasım oğlu tərəfindən ümumilikdə 69 min ABŞ dolları (müvafiq dövrün məzənnəsi ilə 118 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən S.Nəcəfov və və R.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində axtarış elan edilib. Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə xaricə müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edən fiziki şəxs Məmmədzadə Bayram Nüsrət oğlu tərəfindən ümumilikdə 2.2 milyon ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 3.8 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən B.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Rusiya Federasiyasına meyvə və tərəvəz ixrac edən (fiziki şəxs) Məmmədzadə Qurban Nüsrət oğlu tərəfindən ümumilikdə 516 min ABŞ dollarından artıq (həmin dövrün məzənnəsinə uyğun olaraq 878 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Q.Məmmədzadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub. İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir. "Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik", - deyə valideyn qeyd edib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb. "Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür. Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır. Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada vurğulanır