Bu gün Donald Tramp bizi danışıqların (Alyaska görüşü – red.) məzmunu barədə ətraflı məlumatlandırdı. Həmin danışıqlar mətbuat konfransında gördüyümüzdən daha geniş idi. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib. O qeyd edib ki, hazırda gündəlikdə təhlükəsizlik təminatları məsələsi var.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakupost.az saytının suallarını cavablandırıb. Sozcu.az həmin müsahibəni təqdim edir: - İsa bəy, Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini necə qiymətləndirirsiniz? - Müsavat Partiyasının bu məsələ ilə bağlı rəsmi bəyanatı var, münasibət bildirmişik. Əldə olunan razılaşmaları əsasən, müsbət qiymətləndirmişik. Əlavə etmək istərdim ki, bu cür mürəkkəb məsələlərlə bağlı danışıqların nəticələri hər zaman daha yaxşı və ya daha pis ola bilər. Ona görə də, prinsip etibarı ilə biz bu görüşü normal, müsbət qiymətləndirə bilirik. - Görüşün Vaşinqtonda keçirilməsi, Zəngəzur dəhlizinə nəzarətin ABŞ-yə verilməsinin bölgəmiz, o cümlədən, Azərbaycan üçün hansı üstünlükləri və riskləri var? - Üstünlüklərdən danışırıqsa, ilk növbədə sülh prosesinin hərəkətə gəlməsi, sürətlənməsi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün addımların atıldığını qeyd edə bilərik. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə təsirinin azalması müsbət hadisədir. Həmçinin, nəzərə almaq lazımdır ki, danışıqların Rusiyaya nisbətdə ABŞ-nin himayəsi altında aparılması daha məqsədəuyğundur. Biz Müsavat Partiyası olaraq, prinsip etibarı ilə danışıqların Azərbaycan və Ermənistanın iştirakı ilə, üçüncü tərəf olmadan keçirilməsinin tərəfdarı olmuşuq. Həmişə bunu dəstəkləmişik və ikitərəfli görüşlər fayda gətirib. İndiki halda danışıqların moderatorun iştirakı ilə, ABŞ-nin himayəsi altında aparılması, Zəngəzur dəhlizinə nəzarətin Amerikanın özəl şirkətlərinə həvalə edilməsi gələcək üçün müəyyən suallar yaradır. Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq ümumi xarakterlidir. Bildirilir ki, proses Ermənistanın yurisdiksiyası altında, suverenliyi nəzərə alınmaqla davam edəcəkdir. Digər tərəfdən, qeyd olunur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizindən maneəsiz hərəkət edə biləcək. Üçüncü bir tərəfdən, Amerikanın özəl şirkəti orada konsorsium quracaqdır. Bir yandan da, Rusiya tərəfi Ermənistanda hərbçilərinin olduğunu xatırladır. Bu baxımdan çox mürəkkəb məsələdir. Razılaşma gerçəklikdə necə əldə ediləcək, detallar nədən ibarət olacaq, bir-birinə zidd yanaşmaların arasında ortaq nöqtəni tapmaq mümkün olacaqmı, bütün bunlar ciddi suallar doğurur. Siz, yəqin ki, danışıqların gedişinə, mətbuat konfransına diqqət yetirdiniz. Orada jurnalistlərdən biri sual verdi ki, ermənilərin Qarabağa qayıtması ilə bağlı nə düşünürsünüz? Tramp da, Azərbaycan və Ermənistan rəhbərləri də bu sualı cavablandırmadılar, bu məsələyə vaxt ayırmadılar. Vaşinqton Administrasiyası da bu məsələni qabartmadı ki, danışıqlar rahat şəkildə davam etsin. Hansı təminat var ki, sabah ABŞ-dəki erməni lobbisi, bəzi konqresmenlər, senatorlar bu məsələni gündəmə gətirməyəcəklər? Bəlli oldu ki, Tramp Paşinyana söz verib ki, Azərbaycandakı erməni hərbi cinayətkarları geri qaytarmağa çalışacaq. Elə xoşagəlməz məsələlər var ki, onlar zamanla ortaya atıla bilər. Bu məsələlərin necə həll olunacağını biz bu gün tam arxayınlıqla deyə bilmərik. Razılaşmalar nə qədər önəmli olsa da, onların necə gerçəkləşəcəyi ciddi məsələdir və bir sıra suallar doğurur. Azərbaycan həm öz maraqları, həm beynəlxalq hüquq, həm də əldə olunan razılaşmalar çərçivəsində öz siyasətini ardıcıl şəkildə davam etdirməlidir. - Rusiyanın bu razılaşmaya o qədər də isti yanaşmadığı müşahidə edilməkdədir. Ayrı-ayrı deputatlar, siyasi ekspertlər səviyyəsində hədələyici, təhdid dolu açıqlamaların şahidi olmaqdayıq. Necə düşünürsünüz, Rusiya ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması əldə edən Azərbaycan və Ermənistana qarşı nə kimi addımlar ata bilər? Bakı və İrəvan Rusiyanın mümkün təzyiqlərinə tab gətirə biləcəklərmi? - Rusiyanın Azərbaycana qarşı təzyiq rıçaqları, mexanizmləri o qədər də çox deyil. Təzyiq iki istiqamətdə arta bilər. Birinci istiqamət Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı uydurma iddialar ortaya qoymaqla onların eksportuna məhdudiyyətlərin yaradılmasıdır. Digər istiqamət, düşünürəm ki, daha ağır, daha pis variant olan, Rusiyada yaşayan azərbaycanlılara təzyiqlərin gücləndirilməsi ilə bağlıdır. Rusiya hakimiyyəti xalqımıza müxtəlif təzyiqlər göstərə, problem yaratmağa cəhd edə bilər. Azərbaycan hakimiyyəti bunların qarşısını almaq üçün yollar axtarmalıdır. Cəmiyyət də buna hazır olmalıdır. Rusiyanın Ermənistana təzyiq imkanları daha genişdir. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur, özlərinin də xatırlatdıqları kimi, bu ölkənin sərhədlərini ruslar qoruyur, Ermənistan iqtisadiyyatının önəmli hissəsi Rusiyanın nəzarətindədir. Ermənistanda Rusiyanın təsiri altında olan siyasi qüvvələr mövcuddur. Bu baxımdan, Rusiyanın Ermənistana təzyiq imkanları, Azərbaycana olan təzyiq imkanlarından daha ciddi və genişdir. Hər halda inanıram ki, Bakı Rusiyanın təzyiqlərinə tab gətirə, milli və dövlət maraqlarına uyğun şəkildə davrana biləcəkdir. Ermənistanla bağlı buna əmin deyiləm. Prosesləri diqqətlə izləməliyik və Azərbaycanın hər zaman B planı olmalıdır. - İranda Vaşinqton razılaşmasına, xüsusilə də ABŞ-nin iştirakı ilə açılması nəzərdə tutulan Zəngəzur dəhlizinə ikili yanaşmanın şahidi oluruq. Bu ölkənin dini və siyasi rəhbərliklərinin fərqli mövqelər ortaya qoymasını necə izah edərsiniz? - İranda daxili fikir ayrılıqları hər zaman olub. İran inqilabından sonra bu ölkənin siyasi elitasındakı islahatçılar və mühafizəkarlar arasında fikir ayrılıqları mövcuddur. Zaman-zaman bu daha da artır. İsrailin İrana hücumundan sonra bu qarşıdurma daha da güclənib. Bu ziddiyyətlər daha da dərinləşəcək. Hesab edirəm ki, İran hazırkı mərhələdə Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək imkanlarına malik deyil. Zəngəzur dəhlizinin də açılmasına İran həlledici dərəcədə maneə törədə bilməz. Əksinə, düşünürəm ki, İran məsələlərə daha praqmatik yanaşıb Cənubi Qafqaz ölkələri ilə əlaqələrini itirməməyə çalışmalıdır. O da mümkündür ki, İran proseslərə mane olmaq üçün Rusiya ilə birgə hərəkət etsin. Bunu nəzərə almaq lazımdır. - Birgə Bəyannamədə əksini tapan maddələrdən biri də tərəflərin qarşılıqlı iddialardan imtinası ilə bağlıdır. Ermənistanın Azərbaycana vurduğu və 100 milyardlarla ölçülən ziyandan imtina edilməsinə münasibətinizi bilmək maraqlı olardı... - Ən ağır mövzulardan biridir. Mən əvvəlki dönəmləri xatırlatmıram, 1988-ci ildən başlayaraq 2023-cü ilin, demək olar ki, sonuna qədər Ermənistan Azərbaycana dəhşətli dərəcədə zərbələr vurub. Ərazi iddiaları qaldırıb, müharibəyə başlayıb, ərazimizdə savaş aparıb, kəndlərimiz, rayonlarımız, şəhərlərimiz darmadağın edilib, yüz minlərlə insan didərgin salınıb, on minlərlə insan şəhid edilib, yaralılarımız, itkin düşənlərimiz var. Ermənilər Azərbaycana o qədər dəhşətli zərbələr vurub ki, bunu rəqəmlərə çevirmək asan və sadə məsələ deyil. Ona görə də Azərbaycan cəmiyyətində hər zaman gözlənti olub ki, bu zərbələrə, ziyana görə İrəvan Azərbaycana kompensasiya ödəməlidir. Gerçəklik ondan ibarətdir ki, haqq-ədalət, həqiqət bizim tərəfimizdə olsa da, beynəlxalq miqyasda Ermənistana dəstək daha çoxdur. Müxtəlif səbəblərdən Ermənistan beynəlxalq birliyin dəstəyini ala bilir. Beynəlxalq hüquqi instansiyalara edəcəyimiz müraciətlərin müzakirəsinin nə ilə nəticələnəcəyini söyləmək çox çətindir. Dünya ədalət dünyası deyil, ədalət uğurunda mübarizə dünyasıdır. Beynəlxalq instansiyalarda qərarlar çox vaxt hüquq deyil, siyasi maraqlar çərçivəsində qəbul edilir. Ona görə də mümkündür ki, beynəlxalq instansiyalarda Azərbaycanın haqlı müraciətləri ilə bağlı ədalətli qərar verilməsin, əksinə Ermənistanın haqsız müraciətləri “həllini” tapsın. Bu mənada qarşılıqlı hüquqi iddialardan imtina təsadüfi deyil. Yəqin ki, Bakı və İrəvan bu məsələni öncədən ölçüb-biçib və belə bir razılığa gəliblər. - Ermənistanda revanşist qüvvələrin mövcudluğunu və kənar təsirləri nəzərə alaraq İrəvanın Vaşinqton razılaşmasına, sülh prosesinə sadiq qalma ehtimalı nə dərəcədədir? - Bu çox mürəkkəb və çox maraqlı prosesdir. Paşinyan erməni cəmiyyətini yüz illərdir içərisində yaşadıqları xəyali, mifik aləmdən ayırıb real dünyaya qaytamaq istəyir. Hələ mən illər öncə Paşinyanın bu cəhdlərini erməni xalqının milli oyanışı kimi dəyərləndirmişdim. Amma onun uğur qazanıb-qazanmayacağını söyləmək çox çətindir. Ermənilər yüz illərdir olduqları xəyallar aləmini təkbaşına yaratmayıb. Bu xəyallar aləminin yaranmasında regionda Türkiyə və türk dünyasına qarşı fəaliyyət göstərən güclərin də “əməyi” var. Məsələnin nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Hesab edirəm ki, əgər Ermənistandakı revanşist qüvvələr güc müstəvisində Azərbaycana qarşı uğur qazana biləcəklərinə inansalar, onlar heç bir razılaşmaya sadiq qalmayacaqlar. Ona görə də biz beynəlxalq öhdəliklərimizə sadiq qalmaqla yanaşı, ordumuzu daha da gücləndirməliyik ki, heç bir qüvvə bizə güc göstərmək fikrinə düşməsin. - Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaların aradan qaldırılacağına və sonda sülh müqaviləsinin imzalanacağına inanmaq olarmı? - Ən maraqlı məsələlərdən biri də elə budur. Bir dövlətin konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiası qalırsa, onların arasında sülh müqaviləsinin imzalanması çətin məsələdir. Amma konstitusiya dəyişikliyi o qədər də asan həll ediləcək bir məsələ deyil. Çünki bayaq da qeyd etdiyim kimi, Ermənistanda xəyallar aləmində yaşayan insanlar, revanşist qüvvələr var. Onlar sülh müqaviləsi üçün ciddi maneədirlər. Müsavat Partiyası olaraq biz sülh prosesini dəstəkləyirik və hesab edirik ki, Vaşinqtonda əldə olunan razılaşma bu prosesə təkan verdi. Sülh müqaviləsinin mətni paraflandı, Minsk Qrupunun fəaliyyətinin dayandırılması üçün birgə addımlar atıldı. Proses davam etdirilməlidir. Eyni zamanda Azərbaycan gözlənilməz situasiyalara, rəqiblərimizin, bizi istəməyən qüvvələrin istənilən addımlarına cavab verməyə hazır olmalıdır.
“Tramp marşrutu” layihəsinin bəzi detalları (Zəngəzur dəhlizi, TRIPP) artıq razılaşdırılıb və onun həyata keçirilməsi üçün Ermənistanda ermənilərin və amerikalıların iştirakı ilə şirkət yaradılacaq. Sozcu.az Report-a istinadla xəbər verir ki, bu barədə İranın IRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. “Layihənin bəzi detalları artıq razılaşdırılıb və mən onları İran tərəfinin diqqətinə çatdırmışam. Layihə çərçivəsində səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır. Eyni zamanda, bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur - İranın bu narahatlığı aradan qaldırılıb”, - o bildirilib. Kostanyan qeyd edib ki, avqustun 13-14-də İranda keçirdiyi danışıqlarda Tehranın ABŞ-nin rolu ilə bağlı narahatlığı müzakirə olunub. “Bura Ermənistan İranın mövqeyini nəzərə aldığı mesajı ilə gəlmişdim və bu həssas məqamlar “Tramp marşrutu” nəqliyyat əlaqəsi layihəsi üzrə ilkin danışıqlar zamanı nəzərə alınıb”, - nazir müavini əlavə edib.
Türkiyə Suriyadakı vəziyyəti yaxından izləyir və YPG gözlənilən nəticəni əldə etməyəcək. Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşü zamanı deyib. “YPG Suriyada oyunu pozur. Bu sistemə inteqrasiya olunmur və müsbət atmosferə zərər verir. YPG zaman qazanmağa çalışır. Onların gözləntiləri baş tutmayacaq və istədikləri nəticələri əldə edə bilməyəcəklər. YPG-nin Suriyadakı hiyləsini görürük. Biz görürük ki, Türkiyədən, İraqdan, İrandan, Avropadan gələn təşkilat üzvləri Suriyanı tərk etməyiblər”, - Fidan bildirib.
“Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər” Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov bildirib. O, rəsmi Bakının Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonu ləğv edə biləcəyinə dair iddialara münasibət bildirib. Xatırladaq ki, bu barədə etibarlı mənbələrə istinadla caliber.az məlumat yayıb. “Azərbaycan Ukraynaya lazım olan hər şeyi edib, edir və edəcək. Buna heç kimin şübhəsi olmasın. Azərbaycanın Ukrayna ilə hər bir sahədə sıx əlaqələri var və bunu hamı bilir. Bu gün Azərbaycanın verə biləcəyi silahlardan qat-qat güclü silahları Ukrayna Qərbdən alır. Müdafiə sənayesi xətti ilə bəzi silahlar istehsal olunur, onları da Ukrayna yetərincə haradan lazımdırsa, alır”, - deyə Üzeyir Cəfərov vurğulayıb. Ekspertin sözlərinə görə, bəzi məlumatların paylaşılması bəzən Azərbaycana qarşı istifadə olunur: “Bəzi yaramazlar bu xəbərlərdən istifadə edib Rusiyada Zatulin kimiləri cuşa gətirdir, onlar da Azərbaycana ittihamlar yağdırır. Ukraynaya hansı silah lazımdır?! Onsuz da Ukrayna 44 günlük müharibəni öyrənən ilk ölkələrdən biridir. Ukraynanın hazırkı ehtiyacı elektrik avadanlıqlarıdır. Rusiya bu infrastrukturu vəhşicəsinə dağıdır. Hazırda Ukraynaya kommunikasiya xətləri, generatorlar, borular və s. lazımdır. Azərbaycan da bu istiqamətdə dəstək verir. Rusiya bu məsələdə Azərbaycana irad tuta bilməz. Azərbaycana uzadılan dil, əslində, Türkiyəyə, Pakistana, İsrailə uzadılmış dildir. Rusiya bir gündə bayquş vəziyyətinə düşə bilər”. Hərbi ekspert əlavə edib ki, Ukraynanın taleyini yalnız Ukrayna xalqı və rəhbərliyi həll edə bilər: “Trampın Putin sevgisi olsa belə, bu, Putinin gücünə görə deyil ki, Ukraynanın hər hansı bir torpağını rəsmiləşdirsin. Ukrayna bir qarış ərazisini belə Rusiyaya verməz!”
ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsrail və HƏMAS arasında atəşkəs danışıqlarını pozmaqda ittiham edib. Sozcu.az xəbər verir ki, Rubio bu barədə EWTN telekanalına müsahibəsində deyib. Rubionun sözlərinə görə, danışıqlar Fransa prezidentinin Fələstin dövlətinin tanınması ilə bağlı birtərəfli qərar qəbul etdiyi gün kəsilib: “HƏMAS-ın yerində olsaydım, qərar verərdim: “Gəlin atəşkəs etməyək. Çünki mükafatlandıra bilərlər, biz bunu qələbə hesab edə bilərik. Makronun bəyanatından sonra digər ölkələr də bu mövqeyə qoşularaq bəyan ediblər ki, sentyabr ayına qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacağıq”.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesi davam edəcək, Sovet dövründə mövcud olan sərhədlər bərpa edilməlidir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. “Elə ərazilər var ki, bizə məxsusdur. Amma Azərbaycanın nəzarəti altındadır. Elə ərazilər də var ki, Azərbaycana məxsusdur. Lakin bizim nəzarətimizdədir. Delimitasiya prosesi davam etməlidir. Müstəqil Ermənistanın ərazisi Sovet dönəmindəki Ermənistanın ərazisi ilə eynidir. Eyni zamanda, müstəqil Azərbaycanın ərazisi də Sovet dövründəki Azərbaycan ərazisi ilə eynilik təşkil edir” - Paşinyan qeyd edib.
Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə birgə mətbuata bəyanatında deyib. “Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.
Ermənistan və Azərbaycan 30 ildən çox müharibə içində idi. Bu müharibə hər iki dövlətə böyük ziyanlar vurmuşdur. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib. "Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır", - o deyib.
Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur. Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib. "Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, - Aidə Əsgərli qeyd edib.APA
Son illərdə ixtisas seçimi prosesi bəzi şəxslər tərəfindən kommersiya vasitəsinə çevrilib. Özünü “ekspert” elan edən, lakin bu sahədə nə peşəkar bilik, nə də psixoloji yanaşma qabiliyyəti olmayan şəxslərin təklif etdiyi yanlış istiqamətlər nəticəsində yüksək bal toplayan abituriyentlər bəzən istədikləri ixtisasa daxil ola bilmirlər və bu, onların həm təhsil, həm də gələcək karyerasına mənfi təsir göstərir. Bu sözləri Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O qeyd edib ki, hazırda ölkəmizdə ixtisas seçimi üzrə rəsmi lisenziyalaşdırma və ya akkreditasiya mexanizmi mövcud deyil. Bu isə hər kəsin özünü "ekspert" kimi təqdim etməsinə zəmin yaradır: “Halbuki, beynəlxalq təcrübədə – məsələn, ABŞ, Kanada və Avropa ölkələrində – ixtisas yönləndirilməsi və təhsil məsləhətçiliyi yalnız müvafiq ixtisası olan, akkreditasiyadan keçmiş məsləhətçilər tərəfindən həyata keçirilir. Bu şəxslər həm təhsil proqramlarını, həm də əmək bazarını dərindən bilirlər və məsləhətlərini yalnız nəticə əsaslı deyil, həm də abituriyentin maraqları, şəxsiyyət xüsusiyyətləri və uzunmüddətli məqsədləri ilə əlaqələndirirlər”. G.Əkbərova onu da əlavə edib ki, düzgün informasiya və sadə təhlil bacarığı olan hər bir valideyn və abituriyent bu prosesi uğurla həyata keçirə bilər: “Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi elektron sistem kifayət qədər şəffaf və funksionaldır. Əsas məsələ düzgün məlumatı əldə etmək və emosional deyil, rasional qərar verməkdir. Düzgün ixtisas seçimi üçün valideynlər övladlarının ilk öncə maraq və bacarığına diqqət etməlidir. Yəni, Abituriyent hansı sahəyə maraq göstərir, hansı dərslərdə daha uğurludur? Bu, gələcəkdə davamlı motivasiyanın və peşəkar inkişafın əsasını qoyur”. O həmçinin vurğulayıb ki, ikinci əsas diqqət yetirilməli məqamlardan biri isə əmək bazarının tələbatıdır: “Hansı ixtisaslar əmək bazarında tələbat görür? Hansı sahələrdə artım, hansı sahələrdə isə durğunluq müşahidə olunur? Hətta düşünürəm ki, bu baxımdan əmək və əhalinin sosial müdafiəsi sahəsindəki statistika və beynəlxalq trendlər nəzərdən keçirilməlidir. Seçilən ixtisas gələcəkdə magistratura və ya iş imkanlarını genişləndirirmi? Beynəlxalq tanınma varmı? Yəni bu suallara valideyn və ya abituriyentlər özləri kiçik bir araşdırma edərək cavab tapa bilər və ya etibar etdiyi, məsləhət ala biləcəkləri biri ilə danışa bilərlər. Təbii ki, bunların hamısının əsasında isə abituriyentin topladığı bal ilə həmin ixtisasa keçid balı arasında uyğunluq varmı? Gələcəkdə qəbul ola bilməmək riski nə qədərdir? Bunları da bilmək vacibdir”. Günay Əkbərova onu da diqqətə çatdırıb ki, valideyn və abituriyentlər bir neçə sadə göstərici ilə düzgün qərar verə bilərlər, sadəcə bu kontekstdə doğru məlumat mənbələrindən istifadə etməlidirlər: “Əgər məsləhət almaq ehtiyacı varsa, bu zaman ya universitetlərin rəsmi məsləhət xidmətlərinə, ya da tanınmış təhsil ekspertlərinə müraciət olunmalıdır. Unutmayaq ki, ixtisas seçimi bir insanın həyat yolunu formalaşdıran əsas addımlardan biridir və bu qərarın qeyri-peşəkar “ekspertlərə” həvalə olunması olduqca risklidir. Ən sonda isə bir tövsiyə: beynəlxalq təcrübədə uğur qazanmış abituriyentlər çox zaman valideyn təzyiqindən uzaq, öz güclü tərəflərini və maraqlarını anlayaraq qərar verənlərdir. Azərbaycanda da bu yanaşmanın yayılmasını arzulayıram”,- deyə o bildirib.
ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan Noel Barro arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.