Bu evlərin sənədləşdirilməsi mümkün deyil

“Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Məlum olduğu kimi, artıq həmin hava xətləri yeraltı kabellərlə əvəzlənir. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir". Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib. O qeyd edib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür: "Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənməi bir qədər çətin işdir. Amma buna gedilməlidir. Çünki nə qədər ki yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".

Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib. O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb. “Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”. Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib. “Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.

Xəzər Teyyublu "Neftçi"ni sərt tənqid etdi - "Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir"

Milli futbol komandanın çox da üstünə getmək düzgün deyil. Olanımız budur. İsveç ilə oyunda aparıcı bir fikirlə sarı simə toxundu: “Hər şey sıfırdan başlamalıdır”. Düz deyir qardaş. Uşaq futbolundan başlamalıdır. Heç kəs tənqidləri demir, yazmır, hamı çıxış yolu axtarır. Uşaq Futbol Klublarında gözəl məşqçilər var. Ancaq klublara koordinatorluq edənlərə diqqət etmək lazımdır. Məşqçilər uşaq yetişdirir, di gəl ki, bu koordinatorlar savadı çatdı-çatmadı, yetişməkdə olan gənc futbolçu qalır bir yanda, öz ağlına gələn, savadsız yanaşması ilə uşaqları sındırmaqla məşqul olur. Sozcu.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Xəzər Teyyublu öz Feysbuk hesabında paylaşıb. O bildirib ki, “Neftçi” FK-da uşaq futboluna koordinatorluq edən Elşad Əhmədov nə qədər yetişmiş, istedadlı futbolçuları həvəsdən salır və futboldan uzaqlaşdırmağa nail olur: “O, “Neftçi”nin U17 yaş qrupunda güclü istedadlı uşaqları didərgin saldı klubdan. Təsəvvür edin, bu yaş qrupunu ölkə çempionu etmiş baş məşqçini sıxışdırdı, klubdan uzaqlaşdırdı. Bacarıqlı məşqçiləri bu adamın gözü götürmür. Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir. Dövlətçilik bilgisi çatmır ki, istedadlı oyunçuları qorumaq lazımdır , onlar böyüyüb yetişib millidə oynayacaqlar. Belə mühim vəzifələrdə futbol üçün dövlətçilik naminə kadrlar test olunmalı, kontrolda saxlanılmalıdır. Dövlət büdcəsi bu qədər maaş ayırır onlara. Uşaq futbolu belələrinin hesabına yerində sayır”.

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı?

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir.  Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.  "Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: "İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək".  Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı?  Memar Cahid Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb:  "Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır.  Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”. Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub: “O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”.  Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi:  “Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb.  Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur.  Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq. Onu sıravi adam bilmir ki, ona da irad bildirsin. Ümumilikdə Baş plandan yaxşı nəticələr gözləyirik. Bakının sıxlığına təsir edəcək. Hələ görüləsi çox işlər var. Yeni metro xətlərinin, stansiyaların çəkilməsi nəzərdə tutulur. Yeraltı nəqliyyatın inkişaf etdirilməsi yerüstü nəqliyyatda sıxlığın azalmasına gətirib çıxaracaq. Baş Planda bunlar hamısı nəzərə alınıb".

Tramp söz verib: İsrailə qoyulan bu məhdudiyyət...

Donald Tramp vəzifə səlahiyyətlərinə başlayacağı gün silah və döyüş texnikasının İsrailə ötürülməsinə qoyulan bütün məhdudiyyət və gecikmələri aradan qaldıracağına söz verib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal12” televiziyası məlumat yayıb. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarının birində bu mövzuya toxunub. Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərin qalibi olan Tramp 2025-ci ilin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.

Sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq - Paşinyan

Ermənistan Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə artıq cavab verib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz bazar ertəsi sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir.  “Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq”, - deyə Ararat Mirzoyan bildirib.

Azərbaycanda AES tikilə bilər - MAQATE

Azərbaycan öz gələcəyi üçün enerji həlləri sırasına bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür. Sozcu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir: "Bu məsələ bizdən maliyyələşməni müzakirə etməyi tələb edir. Bütün sahələrdə olduğu kimi, burada da maliyyə çox vacibdir. Keçmişdə nüvə sahəsində bir sıra maneələr və məhdudiyyətlər olub, ancaq bunu müzakirə etmək istəmirəm. Qeyd etməliyəm ki, dünya miqyasında nüvə enerjisinə maraq artır. Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı “Yeni nüvə” dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır". MAQATE direktoru diqqətə çatdırıb ki, xüsusilə karbonsuzlaşmaya və böyük miqdarda enerjiyə ehtiyacı olan sənaye sektorları indi nüvə sənayesindən bu tələbləri qarşılamaq üçün həll yolları gözləyir: “Bu müzakirədə vurğulamaq istədiyimiz məqam bazar reallıqlarına uyğunlaşan strukturların maliyyələşdirilməsinin vacibliyidir. Beynəlxalq maliyyə qurumları bazarın tələblərinə cavab verməkdə bir çox cəhətdən geri qalırlar və bu məsələnin həlli barədə imkanlar təqdim edilməlidir".

"Veteran pulu" artırılır? - Nazir açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bununla bağlı sosial paketin müzakirədə olduğunu bildirib. “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.

Ermənistanı Bakıda bu şəxs təmsil edəcək

Xəbər verildiyi kimi, Ermənistanı Bakıda keçirilən COP29 tədbirində kimin təmsil edəcəyinə dair rəsmi qərar verilməyib. KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan təmsil edəcək. Lakin qeyd olunub ki, bu barədə yekun qərar yoxdur. Xatırladaq ki, Azərbaycan tərəfi Nikol Paşinyan və Ararat Mirzoyana COP29-da iştirak etmək üçün dəvət göndərib.

Media Agentliyi açıqlama yaydı

Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyidən Sozcu.az-a daxil olan açıqlamada bildirilir ki, Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.  Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Kimlər hərbi xidmətdən azad ediləcək? - AÇIQLAMA

Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib: “Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər. Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir”.

"Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi" - Könül Alı

"Qadın bədənini biznes predmetinə çevirmək, hər-hansı maraqlar üçün istifadə etmək birbaşa gender bərabərliyinin pozulmasıdır, hər şey bir yana, qanunvericiliyə ziddir. Siyasətin bir parçası etmək isə ikiqat yanlışdır.  Ölkəyə COP29 üçün gələnlərin şərəfinə "baxın biz də muasirik", mesajı vermək adına qadın bədənini çılpaq formada nümayiş etdirmək həm də iyrənclikdir. Ki, feminizmin soyunmaq deyil. Biz bu cəmiyyəti də bilirik, qadın bədəninə, geyiminə, quşamina münasibəti də".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin Gender Komissiyasına sədri Könül Alı özünün feysbuk hesabında Bakıda nümayiş etdirilən lüt qadın heykəli haqqında yazıb: "Kontentə gələndə.... -Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi. İnsan öz bədəninin yeganə sahibidir və soyunaraq yox, geyinərək onu qoruyur. Kimsə də açıq -saçıq geyinirsə bu onun şəxsi seçimidir, bütün qadınların yox.  -Nəysəki bunu da üzünüzə gözünüzə bulaşdırdınız". Xatırladaq ki,  Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.  Bakıda nümayiş edilən "lüt qadın"  heykəli  “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.  Maraqlıdır ki, ölkəmizə heykəlin "paltarlı" olan versiyasına yox, məhz "çılpaq" versiyasının gətirilməsi kimin ağlının məhsuludur və bununla nə mesaj verməyə çalışırlar? Real olan budur ki, cəmiyyət bu heykəli xoş qarşılamır.