Ermənistan ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasının ləğv edilməsi təşəbbüsü fonunda deyib. “Birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin olmasına icazə verə bilmərəm. Bu barədə əvvəllər də danışmışam və mesajın başa düşüləcəyinə ümid edirdim. Bir, iki, üç... Dövlət tədbir görməlidir”, - o bildirib. Paşinyan əlavə edib ki, bu mülk Ermənistana məxsus olmalıdır. Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq qondarma “Qarabağ nümayəndəliyi”nin yerləşdiyi binaya mülkiyyət hüququnun etibarsız hesab edilməsini tələb edib.
Ukraynanın Baş naziri Denis Şmıqal vəzifəsindən istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib. Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib. Sozcu.az middle east eye-a istinadla xəbər verir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir. “Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə Britaniya nəşri yazıb. pizza sifarişi Təhlilin davamında qeyd edilib ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir. Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib. "Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin". Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir. “Carnegie Endowment”-in son hesabatında bu plan izah olunub: o, Avropa Birliyinin daha əvvəlki təklifi əsasında modelləşdirilib, ABŞ logistika firmasının marşrut boyunca yük tranzitinin idarə edilməsinə və monitorinqinə cavabdeh olacaq. Türkiyə sakitcə Bakını sülh sazişini imzalamağa çağırıb və Azərbaycan rəsmilərinə İranın təsirinin azalması kimi regional dinamikanın dəyişməsini xatırladıb. Danışıqlarla tanış olan regional mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən həm Ermənistan, həm də Azərbaycan tərəfindən bəyənilən özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib. “Lakin Ermənistan tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib ki, bu da Bakı üçün qəbuledilməzdir”, - mənbə bildirib. Türkiyə rəsmiləri Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə mühüm halqa kimi görürlər. Türkiyə şirkətləri də Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməyə can atırlar.
AB Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanağına ümid edir. Sozcu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə bildirib. Leyen AB-nin Ermənistanla əlaqələrinin həmişəkindən daha yaxın olduğunu vurğulayıb. O, Ermənistanın Avropanın gələcəyində rol oynaya biləcəyini qeyd edib.
“Emin Əmrullayev ADA Universitetindəki çıxışında etiraf etdi ki, bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə vəzifəsinə bərpa olunub. Bu o deməkdir ki, təhsil nazirinin hər beş qərarından biri qanunaziddir və idarəetməsinin necə səriştəsiz olduğunun bir daha özü tərəfindən etirafıdır. Məhkəmənin vəzifəsi insanların pozulmuş əmək hüquqlarının bərpa edilməkdir. Bunu Emin Əmrullayev - ölkənin elm və təhsil naziri açıq şəkildə mətbuat qarşısında etiraf edir. Hələ bu, problemin kiçik bir hissəsidir. Ölkədə təhsil sistemində işdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir. Bu etiraf gələcəkdə məhkəmə proseslərində ona qarşı istifadə olunmalıdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib. Ekspert bildirib ki, təhsil sahəsində tamamilə xaos, səriştəsizlik hökm sürür: “Hər dəfə deyirəm, Əmrullayev və səriştəsiz komandasının Azərbaycan təhsilinə vurduğu ziyanın aradan qaldırılması üçün on illərlə vaxt lazım olacaq. Açıq şəkildə etiraf edir ki, hər beş qərardan biri qanun pozuntusu ilə müşahidə olunur. Buna görə də Emin Əmrullayev çox hiyləgər metoda əl atıb, bütün təyin olunan vəzifələrə bir illik müddətli müqavilə ilə xitam verilir. Məktəb direktorlarını basqı altında saxlamaq, qanunsuz əmrləri, tapşırıqları yerinə yetirmək üçün müddətli müqavilə bağlanır. Kim elm və təhsil nazirinin qanundankənar tapşırıqlarını yerinə yetirmirsə, müddət başa çatdıqdan sonra əmək müqaviləsi davam etdirilmir. Bu isə Əmək Məcəlləsinə konkret olaraq ziddir. Elm və Təhsil Nazirliyi imtahan keçirən, ayrı-ayrı çox böyük milyonlarla vəsaiti özündə cəmləşdirən, boş, mənasız layihələrin həyata keçirilməsi, milyonlarla vəsaitin silinməsi ilə, mənasız, müəllimə heç bir faydası olmayan təlimlərin həyata keçirilməsi ilə müşayiət olunur. Bütün maliyyə fırıldaqlarının başında Emin Əmrullayev özü durur. Bu, reallıqdır. Təhsil sistemində ciddi kadr dəyişikliyi edilməlidir. Emin Əmrullayevin maliyyə fırıldaqları ilə ölkənin təhsil büdcəsini talayan dəstəsi təhsil sistemindən uzaqlaşdırılmalıdır. İkinci bir yolu yoxdur”.
Rusiya Ukraynada apardığı müharibənin uzanmasının ona istər qlobal geosiyasətdə, istərsə də resurs baxımından çox ağır zərbələr vurduğunu şübhəsiz ki, görür və anlayır. Kiyev başda olmaqla, Ukraynanın müxtəlif şəhərlərinə raket-dron zərbələrinin intensivləşdirilməsi, eləcə də yay hücumu çərçivəsində yeni cəbhələr açılması (Sumı və Zaporojye istiqamətləri) müharibəni mümkün qədər tez yekunlaşdırmaq planının tərkib hissəsidir. Məqsəd Ukraynanın iradəsini qırmaq (o cümlədən, xalqı canından bezdirib, savaşı bitirmək yönündə Zelenski hökumətinə təzyiq göstərməsinə nail olmaq) və sonda Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir. Lakin planın icrası Moskvanın istədiyi kimi getmir. Ötən həftələrdə Rusiya ordusu Sumı istiqamətində 7-12 km dərinliyə qədər irəliləyə bilsə də, Ukrayna ordusu onların qarsısını kəsə bilib və son günlər işğalçıları Rusiya sərhədinə doğru qovur. Diktatorun Sumı vilayəti ərazisində “bufer zonası” yaratmaq barədə tapşırığını ordu icra edə bilmədi. Bu tapşırığın icrası üçün cəlb edilmiş qüvvələrin özəyini Putinin çox yüksək qiymət verdiyi 155-ci əlahiddə dəniz piyadaları briqadası təşkil edir(di). Lakin Ukrayna ordusu iyulun 2-də dəqiq raket zərbəsi ilə bu briqadanın komandan heyətini sıradan çıxartdı. Bu zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini, general-mayor Mixail Qudkovun və köməkçisi, 2-ci dərəcəli kapitan Nəriman Şıxəliyevin öldürüldüyü barədə daha öncə məlumat vermişdik. İndi məlum olub ki, həmin zərbə nəticəsində 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin, briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin, qoşunların idarəetməsi və rabitə təminatı üzrə qərargah rəisi, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov də ölüb. Təcrübəli komandirlərdən məhrum qalmış briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir. Zaporojye istiqamətindəki əməliyyat isə Ukrayna komandanlığını öz ehtiyatlarını müxtəlif istiqamətlərə səpələməyə məcbur etməyə yönəlmiş yayındırıcı həmlə idi. Burada da Ukrayna ordusu düşmənin komanda məntəqəsinə dəqiq raket zərbəsi endirib. Nəticədə 346-cı xüsusi təyinatlı əlahiddə briqadanın qərargah rəisi, Putinin “Rusiya qəhrəmanı” adını verdiyi mayor Aleksandr Volkov və daha 10 zabit öldürülüb. Ukraynanın raket hücumundan müdafiəsi üçün NATO ölkələri əlavə addımlar atmağa hazırlaşır. Hazırda yeni “Patriot” sistemlərinin (3 kompleks) Ukraynaya tədarükü üçün Avropa və ABŞ arasında danışıqlar gedir. “Reuters”in məlumatına görə, Donald Tramp gələn həftə ilk dəfə olaraq prezident səlahiyyətləri çərçivəsində Ukraynaya əvəzsiz hərbi yardım ayırmağa hazırlaşır. Bundan başqa, ABŞ maliyyə naziri Bessent bildirib ki, prezident Tramp Ukraynanın bərpası üzrə İnvestisiya Fonduna rəhbərliyi öz üzərinə götürüb. Bütün gövdəsi ilə Ukraynadakı girdaba daxil olmuş Rusiyanın digər qlobal və regional məsələlərə müdaxilə imkanlarının getdikcə məhdudlaşdığı göz önündədir. ABŞ, Britaniya və İsrail (anqlo-saksonlar və yəhudilər) müxtəlif regionlarda öz planlarını daha rahat icra etməyə başlayıb. Orta Şərqdə (Türkiyə də daxil) və Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz. Şahin Cəfərli, politoloq
Kimya müəllimlərinin sertifikasiya prosesində heç bir qeyri-adi hal olmayıb. Sozcu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib O bildirib ki, həmin suallara nəzər yetirilib: “Küçədən keçən insanlar da sertifikasiya prosesinə etiraz edir. Sertifikasiya prosesində iştirak etməyən şəxslərin də etiraz etməsi düzgün deyil”. Nazir kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına belə reaksiya verib: "Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərkdən qışqırsa, biz ondan qorxub imtahanı ləğv edəcəyik. 20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb, onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".
Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı zamanı Donald Tramp Kiyevə hərbi yardımın həqiqətən dayandırılıb-dayanmadığını öyrənməyə söz verib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb. Adı açıqlanmayan ukraynalı rəsmi və söhbətdən xəbəri olan digər mənbə jurnalistlərə bildirib ki, Tramp Rusiyanın Ukraynaya son hücumlarından xəbərdardır və ona kömək etmək istəyini bildirib. “Tramp hava hücumundan müdafiə ilə bağlı yardım etmək istədiyini və əgər bir şey varsa, nəyin dayandırıldığını araşdıracağını söylədi”, - mənbə bildirib. Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.
Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün X hesabında yazıb. "Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir", - Mixalko paylaşımında bildirib. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Bundan sonra Azərbaycanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb.
“Rusiya Prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi: “Rus əsgərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir”. Bu, Putin dövründən də, SSRİ dövründən də əvvəl çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik siyasətinin bir daha təsdiqidir. İndi də Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin, keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə etdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də, müsəlmanlara — bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şeyi unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.
İspaniyanın Baş naziri Pedro Sançes AB-ni Rusiya və İsrailə qarşı sanksiyalarla bağlı qeyri-ardıcıl siyasətinə görə tənqid edib. Sozcu.az xəbər verir ki, o, bu barədə Avropa Şurasında çıxış edərkən deyib. Sançez AB-nin Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini, lakin İsrailin müqavilənin insan haqları ilə bağlı maddələrini ciddi şəkildə pozmasına baxmayaraq, Təl-Əvivlə əməkdaşlığı davam etdirdiyini bildirib: "Biz İsrailə qarşı eyni şeyi etmədikcə, Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq etməyin mənası yoxdur. Avropa ikili standartlar tətbiq edir və hətta İsraillə tərəfdaşlıq sazişini dayandıra bilməz".
“Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”. Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Akif Nəsirli deyib. O, bildirib ki, yerli kərə yağının ixracı olduqca baha başa gəlir: “Bunun üçün kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bizim ölkədə çox maraqlı tendensiya var. Enerji daşıyıcıları ölkəsi olsaq da, enerji daşıyıcılarının qiymətini ilbəil artırırıq. Məsələn, götürək elə kərə yağını. Gəlin hesablayaq. 1 kiloqram kərə yağı istehsal etmək üçün 25 kiloqram həcmində 3.6 faiz yağlılığa malik təzə süd lazımdır. 1 litr südün qiyməti ən aşağısı 1 manat 60 qəpikdir. Lap kənddəki fermadan 1 manata alaq. Bu qiymətdən alsaq belə, 1 kiloqram yağın xammalı 25 manat edir. Üstəgəl bunun emal, istehsal xərcləri də var. Azərbaycanda kərə yağının xammalının maya dəyəri 25 manatdan yuxarıdır. Belə olan halda, Azərbaycan daxilində kərə yağının istehsalı sərfəlidirmi? Əlbəttə sərfəli deyil. İrandan gələn kərə yağının gömrük qiyməti 8 manat 27 qəpikdir. Azərbaycanda kənd təsərrüfatında istifadə olunan dizel yanacağının litri 1 manatdır. İranda isə dizel yanacağının qiyməti 2 qəpikdir. İranda təzə südün 1 litri 25-30 qəpikdir. Bununla hesablayanda bizdə kərə yağının maya dəyəri 25 manat, İranda isə 3 manat 15 qəpikdir. Heyvandarlığın digər məhsulları da bu formadadır”. Ekspert vurğulayıb ki, ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır: “Keçək ət məsələsinə. İdxal olunan məhsullar siyahısında ət də xüsusi yer tutur. Biz 2000-ci ildən başalayaraq, örüş yerlərini mədudlaşdırmağa başladıq. Bunun ardınca hökumət pambığı strateji məhsul elan etdi. Həmin pambığın 60-70 faizi dövlət fonduna aid olan örüş ərazilərində əkildi. Ardınca aqroparklar yaradıldı. Ölkədə örüş yerləri sıradan çıxdı. Buna görə də heyvandarlıqla məşğul olan fermerlər başladılar heyvanları qapalı şəraitdə saxlamağa. İribuynuzlu heyvanı da, xırdabuynuzlu hevanı da. Örüş olanda 1000-2000 qoyun saxlayan fermer, qapalı şəraitdə uzaq başı 150-200 qoyun saxlaya bilir. Üstəlik onlara bütün günü yem verməlidir. Həm say məhdudlaşır, həm də maya dəyəri artır. Ona görə də ətin qiyməti 2015-ci ildən bəri ilbəil bahalaşır”. İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycanda buğda sortları seleksiya edilmir: “Buğdanın birinci problemi su problemidir. Ölkə ərazisində formalaşdırılan suvarma suyu bölüşdürülmədiyindən əkinlə məşğul olanların bir çoxuna çatmır. Su idarə edilmədiyinə görə, su qıtlığı yaşanır. Bakının yaxınlığında, Hacıqabulda 10 min hektarlarla ərazi suvarılmadığına görə ümumiyyətlə becərilmir. Həmin ərazilərdə sovet dövründə taxıl əkilirdi. Digər problem isə Azərbaycanda seleksiya işi ilə məşğul olan qurum yoxdur. Azərbaycana uyğun taxıl sortları yaradılmalıdır. Kanadada 70-80 sentner məhsuldarlıq verən buğdanı Azərbaycana gətirəndə məhsuldarlıq 25-30 sentnerə düşür. Çünki iqlim əlverişli deyil. Haradan gətirilməsindən asılı olmayaraq, həmin buğda seleksiya yolu ilə Azərbaycan şəraitinə uyğunlaşdırılmayıbsa, gözlənilən məhsuldarlığı verməyəcək. Üstəlik bu cür buğdadan alınan unun keyfiyyəti aşağı olur. Bütün bunları Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir. Nazirlikdə mütəxəssis yoxdur. Onlar bu sahələrlə bağlı plan qurmalıdır və həmin planı hökumətə təqdim etməlidir. Kənd təsərrüfatına cavabdeh olan nazirlik Tarif Şurası qiyməti qaldıranda etiraz etməlidir ki, bu bizim sahəyə ziyandır. Mən tam məsuliyyətimlə deyirəm, Kənd Təsərrüfatı Nazirliyində aqrar təsərrüfatın problemlərini bilən yoxdur. Kənd təsərrüfatı iflasa uğrayır. İlbəil kənd təsərrüfatı məhsullarının qiyməti niyə artır? Bu suala cavab verə bilən bir mütəxəssis tapmaq çətindir. Ona görə də belə bərbad gündəyik”. 2025-ci ilin ilk 5 ayında Azərbaycanın ümumi mal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artaraq 7,3 milyard dollardan 9,96 milyard dollara çatıb. Beləliklə, ümumi idxalda 2,66 milyard dollar və ya 36,5% artım qeydə alınıb. Azərbaycandan xaricə ən çox valyuta çıxaran məhsulların siyahısında buğda, süd-qaymaq, çay və meyvə-tərəvəz yer alır.