Azərbaycanla işləməyə davam edirik - Paşinyan

Daim xatırlatmalıyıq ki, Ermənistanla Azərbaycan arasında sülh əldə etmək mümkün olan bir işdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Ermənistan müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir. Müstəqilliyə aparan nisbətən qısa bir dövrdə belə, biz əslində münaqişələrlə dolu bir mühitdə yaşadıq. Sülh içində yaşamaq və sülh şərtlərinə uyğun bir qavrayış və düşüncəyə sahib olmaq asan məsələ deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhə qayğı göstərmək ehtiyacı baxımından vacib bir komponentdir. Biz mövcud sülhün daha güclü və daha institusional olması üçün ona qayğı göstərməliyik. Əlbəttə ki, bu məsələ üzərində işləyirik. Azərbaycanla işləməyə davam edirik, diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələr mövcuddur”, - o bildirib.

Zelenski dedi ki, Ukrayna daha 3 il döyüşəcək - Tusk

Prezident Zelenski mənə müharibənin on il davam etməyəcəyinə ümid etdiyini, amma Ukraynanın daha iki-üç il döyüşməyə hazır olduğunu dedi. Sozcu.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib. “Ukraynanın müstəqil dövlət kimi yaşayacağına şübhə etmirəm. Rusiya iqtisadiyyatı yeni sanksiyalarla daha da ağırlaşan dramatik problemlərlə üzləşir və uzunmüddətli perspektivdə yaşamaq şansı yoxdur. Rusiyanın bir əsas üstünlüyünün var ki, o da müharibə dövründə mütləq vacib olan döyüşməyə hazır olmaqdır”, - Tusk bildirib.

“Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” - Elşən Qafarov

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mətbuat xidməti mənə yazır ki, Eşqi Bağırov işdədir. Əgər belədirsə, yeddi sual göndərdim ki, Eşqi Bağırova çatdırsınlar. Bakı və region məktəblərində dərsliklərin bir hissəsi tam və ya qismən verilməyib, vakant müəllimlər hələ məktəblərə getməyib, bu da tədris təşkil etməyə imkan vermir, 23 oktyabrdır, hələ də tarifikasiyalar təsdiq edilməyib, xüsusi təhsil müəssələrində tədris prosesi səriştəsiz qərarlar ucbatından iflic vəziyyətindədir, rayon təhsil idarələrinin müdirləri fironluq edirlər, kim nə istəyir, necə istəyir, onu da edir, ölkədə hər 6 məktəbdən birində direktor, hər 4 məktəbdən birində müavin əvəzçiliklə, həvalə ilə işləyir... Əgər Eşqi Bağırov işinin başındadırsa, deyin, gizlənməsin”. Sozcu.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib. E.Qafarovun sözlərinə görə, ölkədə ümumi təhsili və məktəbəqədəri idarə etmək üçün normativ aktlar da yoxdur: “Reallıq budur ki, Emin Əmrullayevlə Elnur Əliyev (red. - Təhsil İnstitunun direktoru) ölkə təhsilini xaosa sürükləyiblər. Bir neçə gün öncə Biləsuvar rayonu Amankənd məktəbinin direktoru Anar İmanov baş verən özbaşınalıq, rüşvətxorluq, rotasiya fırıldaqları və digər məsələlərlə bağlı açıq şəkildə ölkə Prezidentinə müraciət etdi ki, təhsil sistemində bu kimi iyrənc məsələlər var. Bəlkə də, Azərbaycan tarixində bir ilkdir, artıq direktorlar da dözə bilmirlər. Nəticədə, elan olundu ki, həmin direktor etik davranış qaydalarını pozduğuna görə işdən çıxarıldı. Sən demə, hər hansı vətəndaşın ölkə rəhbərinə müraciət etməsi etik qaydaların pozulması demək imiş. Hələ ki Emin Əmrullayev və Elnur Əliyev cütlüyü ölkə təhsilində nə istəyirlərsə, onu edirlər, sistemi bazara döndəriblər. Qara dövr davam edir. Düşünürəm ki, hər ikisi layiqli cəzalarını alacaqlar, o gün uzaqda deyil”.pravda.az)

Makron təsdiqlədi: Ukraynaya "Aster" və "Miraj"lar göndərilir

Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiqi saxlamaq üçün səylərimizi davam etdirmək çox vacibdir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. Makron qeyd edib ki, yaxın həftələrdə Ukraynaya əlavə maliyyə dəstəyinin göstərilməsi üçün səylər göstəriləcək. Fransa lideri Ukraynaya “Aster” raketlərinin və “Miraj” təyyarələrinin veriləcəyini təsdiqləyib.

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncədə tanınmış vəkil saxlanılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir. Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, xuliqanlıqda ittiham olunur. Onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək, ona xəsarət yetirdiyi iddia olunur. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub. Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.

“Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukraynanın iştirakı olmadan Budapeştdə Rusiya-ABŞ sammiti baş tutmayacaq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında oktyabrın 17-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələrini şərh edərkən bildirib. "Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edilib. Macarıstanda Ukraynasız görüş olmayacaq. Hələ ki, "Tomahawk" raketləri yoxdur. Nəticə budur. Düşünürəm ki, bu, pis deyil", - Zelenski Trampla görüşünün nəticələrini şərh edərkən deyib.  Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə telefon danışığından sonra iki tərəfin Budapeştdə görüşmək barədə razılığa gəldiyini açıqlayıb. Oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşdə Tramp ona Putinlə söhbətinin nəticəsi barədə məlumat verib. Oktyabrın 23-də isə Amerika lideri rəsmi Moskvanın Rusiya-Ukrayna münaqişəsindəki barışmaz mövqeyinə görə Putinlə Macarıstan paytaxtında keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Məktəb direktoru işdən ÇIXARILDI

Daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib. Bu barədə Sozcu.az-a MÜTDA-dan məlumat verilib. Aşkar edilmiş nöqsanlara görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən, adıçəkilən məktəbin direktoru Anar İmanov ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Azərbaycana getməyə hazıram - Simonyan

“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. "Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, - deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri missal göstərib. Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır. O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb. “İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.

Eşqi Bağırov məktəb direktorunu işdən çıxardı - Səbəb

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov əmr imzalayıb. Buna səbəb Elşad Kərimovun fəaliyyətində nöqsanlara yol verməsi olub.

İsveç Ukraynaya 40 milyon dollar ayırır

İsveç Dünya Bankı vasitəsilə Ukraynaya qış mövsümundə dəstək göstərəcək. Ölkə Ukraynanın bərpasına və dayanıqlığını gücləndirməsinə kömək etmək üçün 40 milyon dollardan çox vəsait ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nəşr qeyd edir ki, İsveç qış yaxınlaşdıqca Ukraynaya yardım məqsədilə Dünya Bankının müvafiq fonduna dəstəyini artırır.

Putinin təhlükəsizliyinə təminat vermirik - Polşa

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Polşa hava məkanından keçəcəyi təqdirdə həbs olunmayacağına zəmanət vermirik. Sozcu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. “Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə belə bir təyyarəni yerə endirmək və şübhəli şəxsi Haaqaya təhvil verməyi əmr etməyəcək. Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ona görə də sammit baş tutsa, ümid edirəm ki, Putinin təyyarəsi başqa marşrutla hərəkət edəcək”, - Sikorski bildirib. Qeyd edək ki, Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Ukrayna sülh naminə ərazi verməməlidir - Kallas

Ukrayna Rusiya ilə sülh müqabilində ərazilərindən imtina etməməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib. "Əgər biz sadəcə torpaqları versək, bu, hər kəsə belə bir mesaj verər ki, qonşularına qarşı gücdən istifadə edib istədiyini ala bilərsən. Məncə, bu, çox təhlükəlidir. Məhz bu səbəbdən beynəlxalq hüquq mövcuddur ki, heç kim belə bir şey etməsin”, - Kallas vurğulayıb.