Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlara dair sənədlərin bu ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bəyan edib.
Sozcu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Paşinyan qeyd edib ki, bu qərar ATƏT-in Minsk Qrupunun tam ləğvi ilə bağlıdır:
“Bu proses başa çatdıqdan sonra həmin sənədləri dərc edə biləcəyik. O zaman bu sənədlərin açıqlanmasına mane olan mənəvi və siyasi baryer aradan qalxacaq”.
O, həmçinin, keçmiş prezident Serj Sarkisyanın başqa bir ölkə liderinə ünvanladığı məktubu da açıqlamaq niyyətində olduğunu təsdiqləyib. Paşinyan bildirib ki, sənədin məxfiliyinin aradan qaldırılması prosesi hazırda davam edir, lakin dərc üçün dəqiq tarix hələ müəyyən olunmayıb.
