MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub. Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi. Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi. Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.

Su Ehtiyatları Agentliyində yeni təyinat

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yeni təyinatla bağlı əmr verib. Sozcu.az xəbər verir ki, əmrə əsasən Su Ehtiyatları Agentliyi Yanında yeni yaradılan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 3 saylı Dağlıq Şirvan Regional Bölməsinə yeni rəis təyin olunub. Belə ki, əmrlə Səfər Sərdar oğlu Məmmədov sözügedən qurumun rəisi təyin edilib. Qeyd edək ki, Səfər Məmmədov Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışıb.

"Sülh gündəmindən geri çəkiləməyəcəyik" - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antonio Koşta ilə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə "Armenpress" nəşri öz Teleqram kanalında məlumat yayıb. Nəşrin verdiyi məlumata görə, Ermənistanın baş naziri Antonio Koştanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, həmçinin İrəvan ilə Brüssel arasındakı əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. O, həmçinin Koştanı Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı mövcud vəziyyət barədə məlumatlandırıb və qeyd edib ki, respublika hökuməti sülh gündəmindən geri çəkilməyəcək.

Aİ-dən Bakı və İrəvana: Dəstək verməyə hazırıq!

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X sosial şəbəkəsində yazıb. O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir. "Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.

3 prioritetim var: Sülh prosesi, Real Ermənistan…

Mən sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni özüm üçün prioritet, lokomotiv proqram hesab edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda keçirilən müşavirədə deyib. “Və mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir? Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır”, - o bildirib.

Müəllim təhsilverəndir, yoxsa jurnalyazan... - TƏNQİD

“Məktəblərin tədris mərkəzi olmaqdan çıxıb, müxtəlif inzibati və formal işlərin icra edildiyi bir yerə çevrilməsi həm təhsil keyfiyyətini, həm də şagird-müəllim münasibətlərini ciddi şəkildə zədələyir. Apardığımız müşahidələr göstərir ki, nazirlik tərəfindən tətbiq edilən inzibati yüklərin və müxtəlif tədbirlərin çoxluğu tədris prosesinin əsas məqsədlərinə kölgə salır. Hər gün, hətta bəzən gündə bir neçə dəfə keçirilən tədbirlər dərslərin keyfiyyətinə və davamlılığına təsir edir, nəticədə şagirdlərdə və müəllimlərdə təhsilə qarşı maraq azalır”. Bu barədə fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib.  O qeyd edib ki, müasir dövrdə məktəblərin əsas vəzifəsi şagirdlərə bilik və tərbiyə vermək olsa da, inzibati işlərin artması bu funksiyanı ikinci plana keçirib. Müəllimlər əsas vəzifələrini yerinə yetirmək əvəzinə, vaxtlarının əksər hissəsini jurnal doldurmağa, hesabat hazırlamağa və tədbirlərin təşkili ilə məşğul olmağa sərf edirlər. Bu vəziyyət onların tədris prosesinə yaradıcı yanaşma imkanlarını məhdudlaşdırır və iş motivasiyasını azaldır: “Şagirdlər üçün isə vəziyyət daha mürəkkəbdir. Tədris prosesinin tez-tez tədbirlər və digər kənar fəaliyyətlərlə kəsilməsi onların dərslərə diqqətini dağıdır və təhsilə maraqlarını azaldır. Şagirdlər təhsil aldıqları mühitin sabit və aydın olmasını gözləyirlər. Lakin tədbirlərin çoxluğu və dərs cədvəlinin davamlı pozulması onların həm akademik göstəricilərinə, həm də emosional rifahına mənfi təsir göstərir”. Dünya təcrübəsi ilə Azərbaycan təcrübəsini müqayisə edən ekspert bildirir ki, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə bu cür vəziyyətlərdə məktəblərin əsas vəzifələrinə fokuslanması üçün ciddi islahatlar aparılmalıdır. “Finlandiyada təhsil sistemi tamamilə şagirdlərin inkişafına yönəlib. Müəllimlərə geniş sərbəstlik verilir və onlar yalnız tədris və tərbiyə işləri ilə məşğul olurlar. İnzibati işlər isə minimum səviyyədədir və rəqəmsal sistemlər vasitəsilə idarə olunur. Bunun nəticəsində Finlandiya məktəbləri təhsil keyfiyyəti üzrə dünyanın liderləri sırasında yer alır. Yaponiyada da oxşar təcrübə mövcuddur. Tədbirlər əsasən dərsdən sonra və könüllülük prinsipi əsasında təşkil edilir. Beləliklə, dərs saatları yalnız tədris məqsədlərinə həsr olunur və şagirdlərin diqqəti əsas bilik və bacarıqların inkişafına yönəldilir. Bu yanaşma şagirdlərin akademik nəticələrinin artmasına və məktəb mühitində ümumi razılığın təmin olunmasına səbəb olub. Azərbaycanda isə vəziyyət fərqlidir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya görə, ölkə üzrə məktəblərdə tədbirlərin sayı ildən-ilə artır. 2023-cü ildə orta məktəblərdə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 15% artmışdı. Tədbirlərin çoxu formallıq xarakteri daşıdığı və real təhsil prosesinə dəstək vermədiyi üçün həm müəllimlər, həm də şagirdlər tərəfindən mənfi qarşılanır”. “İlk növbədə, inzibati yükün azaldılması üçün rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Elektron jurnalların və hesabatların tətbiqi müəllimlərin vaxtını azad edəcək və onların əsas diqqətini dərs prosesinə yönəltməsinə imkan yaradacaq. Müasir texnologiyalar inzibati işləri avtomatlaşdıraraq həm vaxta, həm də resurslara qənaət edir” - bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə dəyişikliklər təklif irəli sürən Kamran Əsədov bildirib: “Digər bir həll yolu məktəblərdə tədbirlərin sayının və mahiyyətinin təkrar gözdən keçirilməsidir. Tədbirlər yalnız tədris proqramını dəstəkləyən və şagirdlərin şəxsi inkişafına töhfə verən formada təşkil edilməlidir. Məsələn, elmi yarışmalar, debatlar və şagirdlərin praktiki biliklər əldə etməsinə xidmət edən fəaliyyətlər bu baxımdan məqsədəuyğundur. Bunun əksinə olaraq, kütləvi və formal xarakter daşıyan tədbirlər təhsil prosesindən tamamilə kənarlaşdırılmalıdır. Eyni zamanda, məktəblərdə müəllim və şagirdlərin iştirakının qiymətləndirilməsi mexanizmi dəyişdirilməlidir. Hazırda tədbirlərdə iştirak, bəzi hallarda, müəllimlərin və şagirdlərin nailiyyət göstəricilərinə təsir edir ki, bu da onların məcburi şəkildə tədbirlərdə iştirak etməsinə səbəb olur. Təhsil sistemi isə bu yanaşmadan imtina etməli və yalnız dərs prosesində əldə olunan nailiyyətlərə əsaslanmalıdır. Nəhayət, təhsil sahəsində islahatlar aparılarkən müəllimlərin, valideynlərin və hətta şagirdlərin fikirləri nəzərə alınmalıdır. Onların təklifləri və narahatlıqları islahatların daha uğurlu və effektiv həyata keçirilməsinə kömək edəcək”.

Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb

Donald Tramp və Volodimir Zelenski yanvarın 20-də ABŞ prezidentinin andiçmə mərasimindən sonra görüşə bilərlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna artıq ən yüksək səviyyədə Kiyev-Vaşinqton təmaslarına fəal şəkildə hazırlaşır. “Bizim mövqeyimiz çox sadədir. Biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik. Və biz görürük ki, Prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır,” – Tixiy qeyd edib.

2025-ci ildə keçiriləcək bəzi imtahanların tarixi elan olundu

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Sozcu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi vətəndaşlara öz saytın "Təqvim" bölməsini mütəmadi olaraq izləmək tövsiyə edilir. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur. Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…

Azərbaycan və Ermənistanın davamlı sülh sazişi imzalamasını istəyirik. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib. "Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh, sabitlik və firavanlıq üçün tarixi fürsət pəncərəsi açılıb. Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik", - nazir vurğulayıb.

"Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir" - Hüquq müdafiəçisi

"30 ildən çox Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət və onun separatçı dəstəsinin törətdiyi terror, hərbi qiyam və bu ərazilərdəki zorakılıqlar cəzasız qala bilməz". Sozcu.az xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.  Onun sözlərinə görə, hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında məhkumluq həyatı yaşamasının mənəvi və hüquqi tərəfləri var: "Məsələnin uzadılma səbəbi iki ölkə arasında sülh müqaviləsinin imzalanması və hərbi sərhədlərin müəyyənləşməsi məsələsində problemlərin olmasıdır. Eyni zamanda ortada böyük şahid ifadələri var və bu çox böyük prosesdir. Qarabağda özlərini "rəhbər" elan etmiş şəxslər konkret olaraq Azərbaycan vətəndaşları olublar. Onlar bu zəhəri və tapşırıqları Ermənistandan alıblar. Həmçinin konkret olaraq Azərbaycan Konstitusiyasına tabe olmayıb və birbaşa dövlət xəyanəti törədiblər. Bu yaxınlarda ölkəmizin Baş Prokurorluğu da istintaqın daha tez yekunlaşması və beynəlxalq hüququn təmin edilməsi üçün Ermənistana bu məsələlərdə əməkdaşlıq təklif etdi. Vaxtilə Ermənistana rəhbərlik edən Erməni Ümummilli Hərəkatının rəhbəri Levon Ter-Petrosyan etiraf edib ki, ermənilər soyqırım törədərək azərbaycanlıları silah gücünə qovublar. Bu dövlətin 1988-ci ildən həm Ermənistan, həm də Qarabağ ərazisində konkret olaraq azərbaycanlıların soyqırımı ilə məşğul olublar və hərbi cinayət törədiblər. Bu məsələ cəzasız qala bilməz. Onlar sərt Azərbaycan qanunları ilə məhkum olunmalıdırlar. Artıq ortada Gəncənin, Bərdənin bombalanması kimi ciddi faktlar var. 30 illik dövrdə Azərbaycan ərazilərində qondarma rejim qurdular və ölkə suverenliyinə müdaxilə etdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin istəyi ilə razılaşdırılıb". X.Teyyublu əlavə edib ki, proses hərbi cinayətkarların məhkəməyə çıxarılması ilə bitməli deyil: "Ermənistanda gizlənən Qarabağda separatçılıqla məşğul olmuş, hərbi cinayətlər törətmiş digər şəxslər də beynəlxalq qanunlar çərçivəsində Azərbaycana təhvil verilməlidir. İstintaqın uzanmasının bir səbəbi də budur ki, hadisənin təməl başçıları Ermənistanda gizləniblər. Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtmaları üçün yardım göstərməlidir. Həmçinin etiraf etməlidir ki, 1 milyon azərbaycanlı soydaşlarımızı silah gücünə qovublar. Bundan sonra səmimi şəkildə Ermənistanla sərhədlərin bərpası həllini tapmalıdır".

Ukraynadan Qərbə xəbərdarlıq: Vaxtı deyil!

Tərəfdaşlarımızın axsaması və ya yorulması vaxtı deyil. Zəiflik, fundamental məsələlərdə güzəştlər Avropa ölkələri və ABŞ-a da zərər verəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb. Sibiqa qeyd edib ki, strateji səhvlər uzunmüddətli perspektivdə çox baha başa gələcək.

5 il öncə paltar reklamı ilə məşğul idi, indi cərrahdır

Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. Sozcu.az xəbər verir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə  yazıb: Qənirə Ataşovanın sözlərinə görə, Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğul imiş. Reklamdan cərrahlığa bir addım..."