Zelenskidən şok: Trampın razılaşmasını imzalamadı

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşdən sonra təbii ehtiyatlarla bağlı sazişə dair sənədləri imzalamayıb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatına görə, Zelenski nadir metallar haqqında sazişi imzalamaqdan imtina edib. Bildirilib ki, Zelenski Trampla üzbəüz görüşə ümid edirdi, lakin bunun əvəzinə maliyyə razılaşması təklifi ilə qarşılaşıb.

Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı keçirilir

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub. Prokurorların bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir. Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib. Məhkəmə onun əsassız sayıb və etirazını təmin etməyib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salındı

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardmın növbəti hissəsi yola salınıb. Sozcu.az xəbər verir ki, Ukrayna üçün qeyd olunan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi fevralın 7-də göndərilib. Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd olunan avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur. Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? Sozcu.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib. Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.

Tramp ÜST rəhbərinin amerikalı olmasını istəyir - Reuters

ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar planını nəzərdən keçirir. Planın əsas məqamlarından biri ÜST-nın sədri postuna amerikalının təyin edilməsidir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyinə plan və Tramp administrasiyasının təklif sənədi ilə əlaqəli iki mənbə məlumat verib. Qeyd olunur ki, ÜST-də islahatlar planı ABŞ prezidentinin 20 yanvarda andiçmə mərasimindən əvvəl onun müşavirlərinə verilib. Sənəddə ABŞ-ın təşkilatdan çıxması, eləcə də ÜST ilə qarşılıqlı fəaliyyətə “köklü yeni yanaşma”nın qəbulu ilə bağlı tövsiyələr yer alıb.

Paşinyandan mesaj: “Sülh müqaviləsində çox dərin və həssas mövzular var”

Son illərdə Azərbaycanla sülh prosesində böyük irəliləyişlər əldə etdik. Sozcu.az xəbər verir ki, bunu Atlantik Şurasında (Antlantic Council) çıxışı zamanı Nikol Paşinyan deyib. O, moderatorun suallarını cavblandırarakən vurğulayıb: "Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizi nəzərdə tuturam. Daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, biz əməkdaşlıq edirik, iki qonşumuz olan Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik.  Son illər Azərbaycanla sülh prosesində böyük irəliləyişlər əldə etdik. Bu irəliləyişi sizə aydınlaşdırmaq üçün deyim ki, hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və bu müqavilənin 17 bəndindən 15-i üzrə artıq tam razılıq əldə etmişik. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq". Ermənistan baş naziri əlavə edib: "Təbii ki, Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin təbii ki, davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılması üçün beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı". Paşinyan çıxışının davamında qeyd edib: "Əlbəttə, ümid edirik ki, regional vəziyyətimizdə sıçrayış olacaq və  Azərbaycanla sülh müqaviləsini yekunlaşdırıb onu imzalaya biləcəyik. Sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədlərinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razı olduq ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Əslində, bu, gələcək dünyanın təməl daşıdır və hər şey onun ətrafında əlaqələndirilir. Bunu niyə deyirəm? Çünki bu, açıq şəkildə göstərir ki, sülh indi əldə edilə biləndən daha çoxdur və indi yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır".

Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başladı

Azərbaycan Ordusunun Quru Qoşunlarının mühasibi vəzifəsində çalışmış rüşvət almaqda ittiham olunan Alı Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib. Qeyd edək ki, Quru Qoşunların mühasibi vəzifəsində çalışmış Alı İsrayıl oğlu Əliyev qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur. Ona ötən ilin mart ayında Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.

Paşinyan Putinlə ixtilafını dilə gətirdi: “Təhdid dilində dialoq ola bilməz”

Yerevanla Moskva arasında dialoq təhdid dili ilə aparıla bilməz. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 17-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən mətbuat konfransında bildirib. "Aydındır ki, Aİ-yə üzvlük haqqında qanun layihəsi ilə bağlı Rusiyanın narahatlığı var. Bu, faktdır ki, bizim də Rusiya Federasiyasının siyasəti və mövqeyi ilə bağlı müəyyən narahatlıqlarımız mövcuddur. Lakin söhbətimiz heç vaxt “təhdid dilində” olmayıb və olmayacaq”. Paşinyanın sözlərinə görə, Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanunun qəbulunu rədd edərsə, o zaman müəyyən müddətdən sonra müvafiq referendum keçiriləcək. "Bəs niyə Ermənistan vətəndaşları arasında Aİ ilə bağlı bu cür fikirlər və istəklər formalaşıb? Bu, həm də Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlıdır. Ermənistanla Rusiya arasında bu barədə söhbət olub və davam edir. ", - Paşinyan qeyd edib.

Onlar işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır - QAYDA

Qanunla nəzərdə tutulmuş hallarda işəgötürən işçilərin iş yeri və orta əməkhaqqını saxlamalıdır. Bu, Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov hərbi toplanışa çağırılan işçinin hüquqlarını şərh edib. Sozcu.az xəbər verir ki, o, "vergiler.az"a şərhində hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması qaydasından danışıb. Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə iş yeri saxlanılan və əməkhaqqı ödənilən hallar sadalanır. Onlardan biri də (g bəndi) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etmək, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunmaqdır. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 52-ci maddəsində toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı aşağıdakı kimi qeyd edilib: Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əməkhaqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir. Misal 1: Fərz edək ki, özəl təşkilatda mühasib vəzifəsində çalışan Fərid sentyabr ayında hərbi toplanışla əlaqədar 14 günlük hərbi təlimlərə çağırılıb. Beləliklə, sentyabr ayı üçün ona verilməli əməkhaqqının necə hesablanacağına baxaq: Qeyd edək ki, Fərid iyul ayında 22 iş günü çalışıb və 900 manat əməkhaqqı alıb. Avqust ayında isə 23 iş günü çalışıb və 1.000 manat əməkhaqqı alıb. Onun tarif maaşı isə 750 manatdır. Sentyabr ayında 22 iş günü vardır və Fərid həmin günlərin 10 iş gününü (14 təqvim günü) hərbi təlimlə əlaqədar işdə olmayıb. Bu zaman onun sentyabr ayında alacağı əməkhaqqının məbləği belə hesablanacaq: (900 + 1.000) : (22 + 23 ) = 42.22 manat (1 günlük orta əməkhaqqı məbləği); 10 x 42.22 = 422.22 manat (hərbi təlimdə olduğu dövrə düşən orta əməkhaqqı məbləği); 750 : 22 = 34.09 manat (sentyabr ayında bir iş gününə düşən əməkhaqqı məbləği). Fərid 22 iş gününün 10 iş gününü təlimdə, 12 iş gününü isə işdə olub. Deməli, işlədiyi günlərə görə hesablama belə olacaq: 12 x 34.09 = 409.08 manat; 422.22 + 409.08 = 831.3 manat. Beləliklə, sentyabr ayı üçün onun alacağı ümumi əməkhaqqı 831.3 manat təşkil edəcək. İyul və avqust aylarında tarif maaşından əlavə bonuslar da aldığı halda, Fəridin sentyabr ayında alacağı əməkhaqqı 750 manatdan yüksək olacaq.

Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çağırışçılara hərbi möhlətin verilməsi, hərbi xidmət yerinin təyin edilməsi, habelə SHXÇDX və Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində xidmətə qəbulla bağlı vədlər verərək dələduzluq edib. O, 2021-ci il iyul ayında hərbi möhlətin verilməsi üçün 4800 manat, 2022-ci il may ayında möhlət hüququn verilməsi müqabilində 4000 manat, 2023-cü il may ayında möhlət hüququn verilməsi müqabilində 4500 manat pul alıb. Həmçinin təqsirləndirilən şəxs təhsillə əlaqədar 1 illik hərbi xidmətdən möhlətin verilməsi üçün 4000 manat məbləğində pul alıb. Bununla yanaşı, o, hərbi çağırışçının Daxili Qoşunlarda xidmət keçməsini təmin edəcəyi vədi verərək 5000 manat pul alıb. Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayında bir nəfərin SHXÇDX-də hərbi qulluqçu kimi qəbul edilməsinə kömək edəcəyi vədini verərək 13 min manat, digər şəxsdən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətə düzəldəcəyi vədi verərək 14 min manat almaqda ittiham olunur. Daha sonra zərərçəkənlər ifadə verib. Zərərçəkən H.Əmrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirib və şikayətçi olmadığını qeyd edib. İş üzrə digər zərərçəkən M.Muradov ona dəyən maddi zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirib. Təqsirləndirilən şəxs zərərçəkənlərin çıxışına münasibət bildirərək qeyd edib ki, hərbi xidmətə möhlət hüququ vermək onun səlahiyyətində deyil: "Çağırışçılara xəstəliklə əlaqəli hərbi xidmətdən möhləti xəstəxana verir. Bu, mənim səlahiyyətimdə deyil. Zərərçəkənə dəymiş ziyan ödəniləcək. Xidmətdə qulluğa qəbula gəldikdə isə rəhbərlik dəyişildi və o iş qaldı. Həmin şəxsə də ziyan ödənilib". Məhkəmə fevralın 27-də davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.apa)

Sədr açıqladı: Bu ərazilərdən tramvay xətti keçəcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin. Sozcu.az xəbər verir ki, bu sözləri Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib.

Sabah ASAN Xidmət işləyəcək? - RƏSMİ

Sabah ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq. Bu barədə Sozcu.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib. Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.