Uşaqlara quru çörək və su verən bağça müdiri işdən çıxarıldı

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub. Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, sosial şəbəkədə sözügedən bağçada uşaqların səhər yeməyi zamanı quru çörək və su ilə qidalanması barədə video yayılıb.

Tokayevdən Xəzərlə bağlı həyəcan təbili: Fəlakət yaxınlaşır!

Xəzər dənizi ilə bağlı vəziyyət acınacaqlıdır. Ekoloji fəlakət yaxınlaşır. Sozcu.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Çoxtərəfliliyin həyata keçirilməsi, regional təhlükəsizliyin təmin edilməsi və davamlı inkişafın təşviqi” şüarı ilə “ŞƏT Plus” formatında keçirilən sammitdə çıxışında deyib. “Bu problem Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilərdi. Ona görə də bu gün təklif etdim ki, ŞƏT-in himayəsi altında Astanada Su Problemlərinin Təhlili Mərkəzi yaradılsın. Bu yaxınlarda BMT Baş katibinin iştirakı ilə Almatıda BMT-nin Mərkəzi Asiya ölkələri və Əfqanıstanda Davamlı İnkişaf Mərkəzi açılıb. Bu, bizim çoxtərəfli diplomatiya prinsiplərinə möhkəm sadiqliyimizi təsdiqləyir. Fürsətdən istifadə edərək, 2026-cı ilin aprelində BMT-nin tərəfdaşlığı ilə Astanada Regional Ekoloji Sammitinin keçirilməsi ilə bağlı qərar barədə bütün tərəfdaşları məlumatlandırıram”, – deyə Tokayev bildirib.

Moskvadakı azərbaycanlılar üçün məcburi qayda - Bu gündən qüvvəyə minir

Sentyabrın 1-dən Moskva şəhərində və Moskva vilayətində “Amina” mobil əlavəsindən istifadə etməklə əcnəbi vətəndaşların miqrasiya məqsədilə qeydiyyata alınması üçün eksperimentə başlanılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Çoxfunksiyalı Miqrasiya Mərkəzi məlumat yayıb. Yeni mexanizm bir müddət sonra mövcud proseduru əvəz edəcək. Məlumata görə, ərizə regiona işləmək üçün gələn Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Moldova və Ukrayna vətəndaşları üçün məcburi olacaq: “Amina” yaşayış yerini və onun dəyişdirilməsi barədə distant şəkildə Daxili İşlər Nazirliyinə məlumat verməyə, həmçinin şəxsi səfər etmədən miqrasiya mərkəzinin ünvanında qeydiyyatdan keçməyə imkan verəcək”.

“Eməni soyqırımının tanınması bizə heç nə vermir” – Paşinyandan Netanyahuya etiraz

"Erməni soyqırımının tanınmasının xarici siyasətçilərin əlində geosiyasi alver vasitəsinə çevrilməsinə ehtiyac yoxdur". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyandeyib. O, İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı"nı tanımasını tənqid edib: “Biz anlamalıyıq: doğrudanmı istəyirik ki, erməni soyqırımının tanınması bizim reallığımızla və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alətə çevrilsin?” Onun sözlərinə görə, Netanyahu tərəfindən səsləndirilən bu bəyanat nə Ermənistan Respublikası, nə də onun əhalisi ilə əlaqəlidir. Paşinyan vurğulayıb ki, "soyqırımı"nın tanınması ölkəyə heç bir fayda vermir.

Ali məktəblər Bakıdan bu regiona köçürülməlidir, başqa yol yoxdur

Universitetlərin hamısı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan universitet nəyə lazımdır ki?! BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün universitetlər regionlara, əsasən də Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir, başqa yol yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır: “Xankəndidəki Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa milkiyyət məsələsi həll edilməlidir. Universitet şəhəryaradan müəssisədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq...”

Braziliya İsrailin yeni səfirini qəbul etmədi

Braziliya Prezidenti Lula da Silva İsrailin yeni səfir təyinatını təsdiqləməyib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, İsrailin Braziliyadakı səfiri Daniel Zonşayn ötən həftə istefaya getdikdən sonra rəsmi Təl-Əviv onun yerinə ölkənin Kolumbiyadakı keçmiş səfiri Qali Daqanı təyin edib. Lakin Daqan Braziliyadan hökumətindən lazımi razılığı almayıb. İsrail də buna cavab olaraq yeni səfir göndərməyəcəyini və münasibətləri aşağı səviyyəyə endirdiyini açıqlayıb. Qeyd edək ki, iki ölkə arasındakı gərginlik Braziliya Prezidenti Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini nasistlərlə müqayisə etməsindən sonra başlayıb. İsrail bundan sonra Lula da Silvanı arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.

Onunla görüşəcəyimə ümid edirəm - Tramp

Şimali Koreya lideri Kim Çen İnlə nə zamansa görüşəcəyimə ümid edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib. “Həqiqətən, mən onu bir gün görəcəyəm. Onunla görüşü gözləyirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.

ABŞ icazə vermir, yoxsa Ukrayna Rusiyanı vurardı

Pentaqon artıq bir neçə aydır ki, Ukraynanın uzaq mənzilli raketlərdən istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsini bloklayır və bununla da Kiyevin Moskvanın işğalına qarşı mübarizədə güclü silahlardan istifadə imkanlarını məhdudlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” amerikalı rəsmilərin sözlərinə istinadən yazıb. Bildirilir ki, ABŞ Müdafiə Nazirliyində hələ ictimaiyyətə açıqlanmayan yüksək səviyyəli təsdiqləmə proseduru Ukraynanın yazın sonlarından bəri Amerika istehsalı olan uzaq mənzilli taktiki raket komplekslərini (ATACMS) Rusiya ərazisindəki hədəflərə qarşı işə salmasına imkan vermir. Qeyd olunur ki, Ukrayna ən azı bir dəfə ATACMS raketlərindən Rusiya ərazisindəki hədəfə qarşı istifadə etməyə cəhd göstərib, lakin rədd cavabı alıb. Nəşr yazır ki, Pentaqon hücumlara icazə verməkdən imtina edib, çünki Ağ Ev Moskvanı sülh danışıqlarına başlamağa inandırmağa çalışırdı. Vacib məqam odur ki, belə zərbələrə icazə vermək yalnız şəxsən müdafiə naziri Pit Heqsetin səlahiyyətindədir. Bu, həm ATACMS raketlərinə, həm də ABŞ-dan hədəf üzrə nişan alma məlumatı alan Britaniya-Fransa istehsalı “Storm Shadow” qanadlı raketlərinə aiddir.

Gümrüdə ermənilər ayağa qalxdı: “Rusiya hərbi bazası Ermənistandan çıxarılsın”

Gümrüdəki Rusiya hərbi bazası yaxınlığında “Respublika Naminə” partiyasının təşkil etdiyi etiraz aksiyası başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edirlər.

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Son hadisələr Ermənistan üçün yeni tarixi imkanlar yaradıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Son hadisələr (Azərbaycanla sülh sazişinin paraflanması və nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma – red.) dövlətimiz üçün yeni tarixi imkanlar yaradıb, Ermənistanın müstəqilliyi və suverenliyini daha da möhkəmləndirib. Bu gün biz müstəqilliyimizin, suverenliyimizin dəyərini hər zamankindən daha çox dərk edirik. Müstəqilliyimizi möhkəmləndirən, ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızın layiqli həyatını təmin etmək imkanı verən sülhdür”, - spiker bildirib.

Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. O, xarici agent materiallarının yaradılması və yayılmasında iştirak, arzuolunmaz təşkilatların materiallarının yayılması, xarici agent platformalarında respondent kimi iştirak və Rusiya hakimiyyətinin hərəkətləri haqqında yalan məlumatların yayılmasında ittiham edilir.

Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI

“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub. Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”. Sozcu.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağ haqda sualı cavablandırarkən deyib. Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq: "Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”. Paşinyanın sözlərinə görə, hökumət biznes mühitinin, tranzitin və ixracın inkişafına kömək etmək üçün bütün sərhədlərdə sadələşdirmələrə çalışacaq: "Əminliklə deyə bilərəm: biz yuxarıda göstərilən beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq". Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib. Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.