Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olmasının 108-ci ili tamam olur

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür.  O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı.  Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.  M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur.  Sözcü. az

Gəncədə bəstəkar Qəmbər Hüseynliyə hörmətsizlik !!!

Gəncə şəhərində məhşur "cücələrim" mahnısının bəstəkarı Qəmbər Hüseyinlinin xatirə lövhəsi aylarladı baxımsız şəkildə qalmaqdadır. Qeyd edək ki, ona məxsus xatirə lövhəsində adı və soyadının hərfləri yerində mövcud deyil. Görkəmli bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Uşaqların sevimli mahnısı "cücələrim"in bəstəkarının anadan olduğu şəhərdə ona məxsus lövhədə utancverici duruma aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik...!!! Sözcü.az

Bu gün Azərbaycanda Milli Kino Günüdür

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır.  Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediyası olmuşdu. 2001-ci ildən Azərbaycan prezidentinin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.  Sözcü.az

Xan Şuşinskinin qızı istefa verdi

Ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.  Sozcu.az xəbər verir ki, o bu barədə mətbuata açıqlamasında bildirib: “Tanınmış nəslin nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin övladı olaraq hər zaman mədəniyyətə, mədəni dəyərlərimizə yaxın insan kimi 2011-ci ildə atamın adına Xan Şuşinski Fondunu təsis etmişəm. Ötən dövr ərzində Xan Şuşinski Fondu olaraq mədəniyyət və incəsənətimizin təbliğinə töhfə vermişik və bu missiyamızı bu gün də davam etdiririk.  2021-ci ildə qeyri-hökumət təşkilatları tərəfindənmənə etimad göstərilib və Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişəm. Bu müddətdə İctimai Şura olaraq mədəniyyətimizin inkişafı ilə bağlı faydalı işlər görmüş, nazirliyə əhəmiyyətli təkliflər vermişik.  Nazirlik yanında bu il yenidən formalaşdırılan İctimai Şura üçün Xan Şuşinski Fondunun rəhbəri kimi yenə də mənə qeyri-hökumət təşkilatları tərəfindən  etimad göstərildi və mən Şuraya üzv seçildim. Mənə və rəhbərlik etdiyim fondun fəaliyyətinə göstərilən diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu gün öz istəyimlə İctimai Şuradan istefa vermək qərarına gəlmişəm. Biz Xan Şuşinski Fondunun prinsiplərinə sadiq qalaraq, bundan sonra da mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışacağıq.”

Çinarlı(Georqsfeld) qəsəbəsinin salınmasının 135 illiyi

Bu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar. Georqsfeld Mədəniyyət Klubu 

Azdrama qarşı dələduzluq: zərərçəkənlər var

Akademik Milli Dram Teatrına (Azdram) qarşı dələduzluq edilib, zərərçəkənlər var. Sozcu.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: "Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

Ekspert: "Məktəb sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır"

"Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır". Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib. Ekspert bildirib ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir: "Mütəxəssis hazırlamaq bilavasitə ali məktəbin vəzifəsidir. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması məzunun topladığı balla deyil, onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.

“Dodağını şişirtdirənlərin heç birinin mənəviyyatı yoxdur!” - Əməkdar artist

Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb. Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır. Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər. Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva son zamanlar müğənniləri efirdə gördükdə tanımadığını etiraf edib: "Mən düşünürəm ki, insanların bir qismi bədbəxt hadisə zamanı, qəzadan sonra xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldırmaq üçün əməliyyat etdirir. Bu, məcburiyyətdən irəli gəlir. Lakin bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər. Mən artıq son vaxtlar efirlərə baxanda müğənnilərin heç birini tanımıram. Müğənnilər bir kənara, artıq sadə insanların da hamısının görünüşü eyniləşib. Yəqin biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, zamanla insanlar robot kimi bir-birinə oxşayacaq, fərdilik itəcək, hamı eyni sifətdə, eyni qiyafədə olacaq. Allah betərindən saxlasın!" Aktrisa bu cür hədsiz estetik prosedur keçirənlərə haqq qazandırmadığını deyib: "Mən buna qətiyyən haqq qazandırmıram. Bu, xoşuma gəlmir. Adam çalışıb özlüyündən çıxmamalıdır. Çünki hər kəs bir fərddir. Elə hamı şir olmaz ki... Hər kəs şirsifət olmalıdır deyə bir şey yoxdur, canavar da, tülkü də, zürafə də, at da var. Hərənin öz gözəlliyi var. Xarici gözəlliyə bu qədər üstünlük verməkdənsə, bir az daxili gözəlliklərini artırsalar daha yaxşı olar. Mənən qidalanan adamlar belə şeylərə getməz, mənasız prosedurlara can atmazlar. Düzdür, bu gün bəziləri çox qışqırır, ağızdolusu mənəviyyatdan danışırlar, amma görünən odur ki, vəziyyət heç də deyildiyi kimi deyil. Kimin nəyi yoxdursa, ondan danışır. Bar-bar bağıranların, dodağını şişirtdirənlərin, bu mövzuda danışanların heç birinin mənəviyyatı yoxdur! Düşünürəm ki, belə şeylər lazımsızdır".

Rasim Balayev: "Elxan Qasımovu oğlu "yıxdı"

“Elxan oğlundan sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa gedirdi. Yüksək səviyyədə əməliyyat olundu. Biz onun sağalacağına ümid edirdik. Amma o, elə oğlunun adını çəkib, “Samir”, – deyirdi. Axırda getdi Samirin yanına…”. Sozcu.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında hazırda Elxan Qasımovun vida mərasimində iştirak edən Xalq artisti Rasim Balayev deyib. Aktyor bu gün həm də yaxın dostunu itirdiyini bildirib. Rasim Balayev Elxan Qasımovun Azərbaycan incəsənəti və mədəniyyəti üçün önəmli fiqur olduğunu da vurğulayıb. Məlumat üçün bildirək ki, bu ilin mayında 78 yaşlı Elxan Qasımovun səhhətində problemlər yaranıb. O, bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Əməkdar artist bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir. Elxan Qasımov bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.

"Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?"

Xalq artisti Rasim Balayev Azərbaycan telekanallarını tənqid atəşinə tutub. Sozcu.az xəbər verir ki, “YouTube”da yayımlanan "Mirinin Dibçəyi" layihəsinin növbəti qonağı olan R.Balayev televiziya məkanındakı boşluqlardan, Azərbaycan tamaşaçılarının zövqünün korlanmasından söhbət açıb: “Bu gün televiziyalar boş-boş şounun dalınca düşüblər. Ancaq filankəsin donu belə getdi, o birinin uşağı oldu və s. Səviyyəsiz şeyləri efirə verirlər. Ona görə də baxılmır. Baxılsa da, ancaq müəyyən kütlə baxır, məndən inciməsinlər. Ağlı üstündə olan adam televiziyaya baxmır. Son illər onlar insanların da zövqünü korlayıblar. Ancaq qeybət, səviyyəsiz söhbətlər... Bilirsiniz, elə şeylər var ki, onları efirə çıxarmaq olmaz. Məhkəməlik hadisələri efirə çıxarırlar. Məsələn, bir haramzadə oğlan anasını evdən qovur, tamaşaçı da buna baxır. Sonra cavan oğlan düşünür ki, deməli, ananı da evdən qovmaq olarmış, bu adiləşir, insanları pozur. Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?! Bu işlər qapalı məhkəmələrdə həll olunmalıdır. Bu gün ciddi, insanı düşündürən söhbətlərə tamaşaçılar qulaq asmırlar. Çünki aparıcılar artıq istəklərinə nail olublar və insanların zövqünü korlayıblar”.  Aktyor televiziyaya yalnız peşəkarları gətirməklə  bu vəziyyəti düzəltməyin mümkün olduğunu bildirib: “Bu durumu dəyişmək üçün efirdə peşəkarlar olmalıdır. Televiziya bu gün açıq qapı olub, kim istəyir efirə çıxır. Əvvəl ancaq nümunəvi insanları efirə çıxarırdılar, indi fərq etmir. Bu gün ekrana şübhəli adamlar çıxır, bilmirsən qadındır, ya kişi. Qadınlar çıxıb efirdə əxlaqdan danışır, baxırsan ki, özünün heç əxlaqı yoxdur. Özü də dəhşətlisi odur ki, insanlar o adamı tanımır, amma mən yaxşı tanıyıram. Riyakarlar, yalançılar çıxıb görkəmli adamlardan sitat gətirir, camaat da elə bilir bu intellektual adamdır. Azərbaycan televiziyası bərbad vəziyyətdıdir”.

Azərbaycan dili imtahanına qeydiyyat BAŞLADI

Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 7-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 25-dən 5 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına (ikinci cəhd) yazıla bilərlər. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün “Azərbaycan dili” imtahanına (ikinci cəhd) qeydiyyat isə sabah başlayacaq və bu barədə məlumat veriləcək. “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 18 iyun tarixində keçiriləcək. Xatırladaq ki, 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 7-də olan imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

Dığalardan ABSURD "İDDİA": "Muğam ermənilərə məxsusdur"

Ermənilər ənənələrinə xas olaraq indi də Azərbaycan muğamına göz dikiblər.  Sozcu.az xəbər verir ki, bunu mayın 14-də Ermənistanın İctimai Televiziyasında yayımlanan “Çərçivədən kənar” verilişində erməni reper Super Sako deyib. Erməni dığası Sako muğamın ermənilərə məxsus olduğunu və “qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını” sərsəmləyib. “Muğam bizimdi. Bizim qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi yoxdu. Bu musiqini Komitas (erməni bəstəkarı – red.) gəlib təmizlədi, çünki muğamı Avropaya təqdim edəndə o notları başa düşmədilər. Və erməni mahnısını yaymaq üçün gəlib o qeydləri sildi”, – deyə Sako çərənləyib. Bu çıxış erməni ictimaiyyəti arasında böyük hiddətə səbəb olub, ona görə yox ki, muğamı da özəlləşdirmək istəyirlər. Buna səbəb Komitası muğamın silinməsində günahlandırması olub. Erməni opera müğənnisi Asmik Papyan deyib: “Bu, sadəcə olaraq dəhşətdir və qəbuledilməzdir. Belə bəyanatlar verilə bilməz və hər kəsin İctimai Televiziyanın efirində danışmaq, müsahibə vermək hüququ yoxdur, ola da bilməz. Müsahibimiz bu suallara cavab verməli deyildi. Çox ayıbdır. Komitas böyük sənətkardır. Komitas haqqında belə danışmaq olmaz”.