Millət İttifaqını bir arada bu iradə tutdu

Sinan Oğan kampaniyasına İmamoğlunun sloqanı ilə nöqtə qoydu. Cəhənnəmin qapılarını qapadacaqlarını, yəni bu dövrü bitirəcəklərini söylədi.  Dünən dediyi "bizə kim vəzifə təklif etsə, 2-ci turda onu dəstəkləyəcəyik" açıqlaması ciddi etirazlara səbəb olmuşdu. Çünki Türkiyə toplumunda müdhiş bir dəyişiklik tələbi var. Cumhur İttifaqı xaricindəki bütün vətəndaşlar - türkü, kürdü, ələvisi, sünnisi, millətçisi, dindarı, sosialisti, liberalı - bir sözlə, hər kəs dəyişikliyə, ədalətə, azadlığa təşnədir. Bu dəyişikliyə mane ola biləcək hər addıma, qərara, açıqlamaya dərhal və çox sərt etirazlar gəlir. Meral Akşeneri masaya bu iradə qaytardı, əks təqdirdə, partiyası əriyib bitəcəkdi. Millət İttifaqını bir arada bu iradə tutdu. Belə bir məsəl var: əgər aslan, ceyran, canavar, dovşan, ayı, zebra yan-yana qaçırsa, deməli, meşədə yanğın var. Türkiyənin də durumu budur. Ölkədə yanğın var. Söhbət heç də sosial-iqtisadi çətinliklərdən getmir. Anadolu torpaqlarında hələ 1808-ci ildə "Sənədi ittifaq" ilə başlayan, 1839-da "Tanzimat" fərmanı, 1876-da "Qanuni Əsası" (1-ci Məşrutiyət) ilə davam edən demokratikləşmə, modernləşmə cəhdləri olub. Pis-yaxşı, bu yarımçıq ənənə Cümhuriyyətin qurulmasında köməyə gəldi. Cümhuriyyət dövründə isə 1950-ci ildən bəri qazanılan və tədricən, fasilələrlə institutlaşan demokratik nailiyyətlər var. İndi bu demokratik birikim və onunla paralel laik sistem, sekulyar yaşam tərzi təhlükə qarşısındadır. Yuxarıda saydığım əhali təbəqələri bunu qəti istəmir. Hər kəs hüquq və azadlıqların, dünyəviliyin nə qədər həyati olduğunu dərk etdi. HDP-li kürdlə İYİ Partili və ya partiyasız türk millətçisini, CHP-li ilə Səadət partiyalını bir araya gətirən bu ortaq maraqdır. Ölkənin bu nailiyyətlərini itirib, Orta Şərq tipli despotizmə yuvarlanması onlar üçün kabus ssenarisidir. Əslində AKP və MHP-lilərin də çoxu bunu istəmir, əgər hakimiyyətdən düşsələr, bunların necə bir demokratiya mücahidinə çevriləcəklərini görəcəyik. Yaşasın laik, demokratik Türkiyə Cümhuriyyəti! Şahin Cəfərli 

“Çingiz kimsəsizlər məzarlığında dəfn olunacaq, nəşi indi Təzəpir məscidindədir...”

“Gecə ilə mənə o qədər zənglər gəldi ki. Telefonlarım səhərə kimi susmayıb. Allah Siyavuşa rəhmət etsin. Başa düşürəm, kimə zəng etsinlər?! Siyavuş yazıq da elə onun dərdindən getdi. Yenə də ölünü yerdə qoymaq günahdır. İndi mənə məlumat verdilər ki, Siyavuşun oğlu Çingizin bütün dəfn xərclərini Akademik Milli Dram Teatrı öz üzərinə götürüb. Sağ olsunlar, onlar da, Mədəniyyət Nazirliyimiz də bu işlərlə məşğuldurlar. Hazırda Təzəpir Məscidində kəfənlənir, kimsəsizlər məzarlığında dəfn olunacaq. Mən bilirdim ki, teatrın direktor əvəzi İlham Əsgərov onun nəşini yerdə qoymayacaq. İlham bizim kollektivdə çalışıb, çox yaxşı, insan adamdır. İşini də bilən biridir”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. “Mənə də indi zəng edib dedilər. Sağ olsun. Yenə də Mədəniyyət Nazirliyi, yenə də teatr. Mənim maddi imkanım yox idi onu dəfn edim. Hazırda yoldayam, mən də dəfnə gedirəm. Əslində sənətkarın övladını teatr dəfn etməsə də, yenə də o bu son vəzifəsini yerinə yetirdi” deyə sənətkarın oğlu Eldar Aslan bildirib.

RLC (Red Line Channel) kanalı müvəqqəti fəaliyyətini dayandırmalı oldu.

RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi ki, Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. RLC-nin əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Bu fəaliyyətinə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı. Mart ayında Facebook səhifəsi hak olundu və son 1 illik materialları Facebook səhifəsindən silindi. Bu materialların böyük hissəsinin yüz minlərlə baxış, minlərlə bəyənmə sayı vardı. Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəldi.  Son bir neçə ayda biz RLC kanalı olaraq fəaliyyətimizə ara verərək yeni formatlar üzərində işləyirdik. Hər gün efirə çıxmaq, yeni verilişlərlə ölkədə baş verənlərin operativ təhlilini həyata keçirmək istəyirdik. Mətbuat azadlığının böğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir. RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar, yəni müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. Ölkədə xalqdan maliyyələşib müstəqil fəaliyyət göstərmək avtoritar rejimlərin həm hekayələrini yalanlayır, həm də arzuolunmaz presedentlər yaradır. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi. RLC fəaliyyətini müvəqqəti dayandırır. RLC olaraq haradan və necə başlaya biləcəyimiz üçün yenidən yola çıxacağıq.  Hörmətlə, RLC-nin baş redaktoru Samirə Qasımlı

Tanınmış azərbaycanlı aktyor öldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəzzaq Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə aktyorun həmkarı İlham Əsədov sosial şəbəkə hesabında məlumat verib. Qeyd olunub ki, 74 yaşlı aktyor bu gecə dünyasını dəyişib. O, doğulduğu Lənkəran rayonunda dəfn ediləcək.

Aftandil İsrafilov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Sozcu.az xəbər verir ki, tanınmış qarmon ifaçısı, xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.

“Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

Akademik Milli Dram Teatrına direktor təyinatının yubanması müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Mərhum Xalq artisti Azər Paşa Nemətovun dünyasını dəyişməsindən sonra ölkənin ən qədim teatr məbədinə kimin rəhbərlik edəcəyi maraq doğurur.  Yenisabah.az xatırladır ki, iddialılar sırasında üç tanınmış mədəniyyət adamının - Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova və tanınmış rejissor Mehriban Ələkbərzadənin adı hallanır.  İddialılardan biri - sevilən aktrisa Bəsti Cəfərova hər hansı vəzifədə gözünün olmadığını deyib. Xalq artisti bildirib ki, Azdramaya rəhbərlik etməyi düşünmür, onu ancaq sənəti maraqlandırır.  Adı Akademik Milli Dram Teatrının direktoru postuna namizədlər sırasında hallanan, hətta bəzi çevrələrdə ən şanslı namizəd kimi xarakterizə edilən  tanınmış və təcrübəli aktyor Nurəddin Mehdixanlı isə məsələyə fərqli münasibət bildirib. Xalq artisti sözügedən vəzifə ilə bağlı hər hansı iddiasının olub-olmadığına dair suala birmənalı cavab verməyib. O, "Azdrama"ya yeni direktor təyin edilərkən kollektivlə məsləhətləşməyin vacib olduğunu bildirib. Adı namizədlər sırasında hallanan digər iddialı - tanınmış rejissor, Əməkdar Mədəniyyət Xadimi Mehriban Ələkbərzadə ilə bağlı durum isə bir qədər fərqlidir. Məlumatlara görə, xanım Ələkbərzadə "Azdraman”ın sükanı arxasına keçməyə həvəslidir. Onun ölkənin ən qədim sənət ocağına rəhbərlik etməsi üçün bütün imkanlarını səfərbər etməsi barədə məlumatlar da var. Bəzi tanınmış sənət adamlarının bu təyinatın gerçəkləşməsi üçün M.Ələkbərzadəyə lobbiçilik etdiyi bildirilir.  “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Akademik Milli Dram Teatrının kollektivi bu təyinata soyuq yanaşır. Onlar “özgənin”, yəni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində çalışan M.Ələkbərzadənin Azdramaya rəhbərlik etməsini istəmirlər. Hətta yeni direktorla bağlı təyinatın bu səbəbdən yubandığını iddia edənlər də var.  Mədəniyyət Nazirliyinin məsul şəxslərindən biri saytımıza bildirib ki, "Azdrama”nın yeni direktoru adı mətbuatda hallanan namizədlər arasından seçilməməsi tamamilə mümkündür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Mədəniyyət naziri Adil Kərimli verəcək.  Mənbə təyinatın yubanmasını milli mentalitetimizdən irəli gələn bəzi amillərlə əlaqələndirib:  “Məlum olduğu kimi, Azər Paşa Nemətov bu il aprel ayının 9-da dünyasını dəyişib. Nazir onun 40 mərasimi başa çatana kimi yerinə yeni şəxsin təyin olunmasını düzgün hesab etməyib. "Azdrama"nın yeni direktorunun kim olacağı ilə bağlı qərar may ayının 20-dən sonra veriləcək”. 

Tamaşaçılar hansı aktyorun üzünə tüpürür? - Əməkdar artist danışdı

Həm dünyada, həm də yerli televiziyalarda ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir.  Son illər isə bir çox sənət adamı yerli serialları tənqid hədəfinə çevirir onların uğursuz olmasından gileylənir.  Bir neçə gün öncə Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da bu məsələyə toxunaraq yerli serialları sərt tənqid etdi. Rejissor “Camaat bu seriallara baxıb bizə tüpürür”- deyə üsyan etdi.  Bəs görəsən, vəziyyət həqiqətən bu qədər acınacaqlıdırmı? Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva bildirib ki, ölkəmizdə serial çəkilişlərinə son illərdə başlanıb və hələ ki, bu, işin başlanğıcıdır. Onun sözlərinə görə, ilk addımlardan mükəmməl işin ərsəyə gəlməsini gözləmək doğru deyil:  “Azərbaycanda serialların çəkilməsinə təzə başlanıb. Son illər seriallar ölkəmizdə dəbə düşüb. Heç kim birdən-birə istədiyi, mükəmməl nəticəni əldə etmir. Ola bilər ki, bəzi seriallar maraqsızdır, ssenarisi, mövzusu mənasızdır, bunda aktyorlar günahkar deyil. Aktyora nə ssenari verilirsə, onu da oynayır. Bu gün serialların uğursuz olması o demək deyil ki, daim belə olacaq. Həmişə belə davam etməyəcək ki. Şeirdə deyildiyi kimi, çalxalandıqda nehrədə yağ, yağı yağ üstə qalar, ayranı ayran olar. Bugünkü işlər hamısı ələnəcək, bərkiyəcək və nəhayət, lazımi səviyyəyə gələcək. Başlanğıc həmişə belə olur. Bu bir prosesdir. Ona görə də indi bəzi seriallar maraqsız, bəziləri maraqlıdır, cəmiyyətdə də bəziləri sevir, baxır, bəziləri isə əksini düşünür. Hər şey zövqdən asılır. Mənə elə gəlir ki, vaxt gələcək bu gün uğursuz seriallar çəkənlər də yüksək səviyyəli iş təqdim edəcəklər”.  Aktrisa serialların uğursuzluğunda maliyyə problemlərinin də böyük rol oynadığını qeyd edib:  “Əlbəttə ki, bizdə yüksək maliyyə də yoxdur, seriallara milyonlarla pul ayrılmır. Həmişə ssenaristlərə də, aktyorlara da az məbləğdə qonorar ödənilib. Maliyyə işini biz həll etmirik. Yaxşı filmin, serialın ərsəyə gəlməsi üçün pul əsasdır. Bu hər sahəyə aiddir, yaxşı tamaşanın ərsəyə gəlməsi üçün də teatra pul lazımdır. Bütün komponentlər olmalıdır ki, keyfiyyətli iş ortaya çıxsın. Onlar da olmasa, yerində saymaq lazım deyil. Başlanğıc olmalıdır, bizdə də bu var, biz bu gün bu sahəyə sıfırdan başlamışıq. Maliyyə də yəqin ki, haçansa olacaq, biz sənətçilər də buna ümid edirik. İnşallah. Hər şey yaxşı olar”.

Mayda 10 gün iş olmayacaq - TƏQVİM

Mayda 10 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. Belə ki, gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. 2023-сü ildə mayın 28-i bazar gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində 29 may da istirahət günüdür. Beləliklə mayda şənbə və bazar günləri də daxil olmaqla 10 gün qeyri-iş günü olacaq.

“Atamın vəziyyəti ağırdır, heç kim kömək etmir” - Xalq artistinin qızı

“Atamın vəziyyəti çox ağırdır. Xəstəxanadan evə buraxıldıqdan sonra stansionar olaraq müalicəsini davam etdiririk”.  Sozcu.az xəbər verir ki,bu sözləri Xalqa artisti Ramiz Məlikin qızı Musavat.com-a açıqlamasında deyib. Aktyorun qızı 79 yaşlı Xalq artistinin hansı xəstəlikdən əziyyət çəkdiyini bildirməsə də, mədəniyyət nazirliyi tərəfindən hər hansı bir köməklik olmadığını vurğulayıb: “Zəng edib, vəziyyət ilə maraqlanıblar. Amma vəziyyəti ilə bağlı heç bir yardım və dəstək göstərilməyib”. Xatırladaq ki, bir neçə gün öncə Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi.  Bununla bağlı kulis.az-a danışan aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini demişdi: "Mənim səhhətimdə yaranmış problemi Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı bilir. Hətta nazirlikdən evə gəlib səhhətimlə maraqlananlar oldu. Dedi ki, "Ramiz müəllim, sizə kömək etməyə hazırıq”. Üstündən bir az keçəndən sonra dedi ki, kömək üçün nazirliyin büdcəsi yoxdur. Maddi kömək olmadan xəstə indiki zamanda sağala bilməz. Bir yandan dərmanlar, bir yandan həkimlərin haqqı, bir yandan da xəstəxana xərcləri, mən bunların hamısını ödəyə bilmirəm. Hər yan od tutub yanır. Mənə dəstək yoxdur. Heç olmasa, hospitalda aparılan müayinə, xəstəxana xərclərimi İcbari Tibbi Sığorta ilə həll etsinlər. Dövlətimdən, Heydər Əliyev Fondundan dəstək gözləyirəm”. 

Qazinin qızı uğrunda mübarizəsi… - Foto

Vətən şüharibəsi şəhidlərindən bəhs edən “Mən burdayam, İlahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir. Kult.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib. “Müharibədə yaralanan qazinin qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib”, - Dadaşov bildirib. “Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, Anım Günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu Rasim Cəfər canlandırır.

QƏHRƏMANIN ANIM GÜNÜ - 30

18 aprel Azərbaycan Milli Qəhramanı, Ahıska türkü İsgəndər Aznaurovun şəhidlik məqamına ucalmasının 30-cu ili tamam olur. İsgəndər bəy 1993-cü ilin 18 aprel tarixində Gədəbəyin strateji əhəmiyyətə malik Keçəldağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Böyük sevgi, sayğı və hörmətlə xatırlayır, yaddaşımızda yaşadırıq! Ceyhun Nəbi

Azərbaycan Ədliyyəsinin Patriarxı Xəlil bəy Xasməmmədli - V hissə

Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur                   V Hissə      Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi  müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı.  Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir :  . “Hörmətli  Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın  harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228).     20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95).       1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi.     Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir.     Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi.      1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117).     İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir:     “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97).     Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir.   1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019.  4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi