"Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?"

Xalq artisti Rasim Balayev Azərbaycan telekanallarını tənqid atəşinə tutub.

Sozcu.az xəbər verir ki, “YouTube”da yayımlanan "Mirinin Dibçəyi" layihəsinin növbəti qonağı olan R.Balayev televiziya məkanındakı boşluqlardan, Azərbaycan tamaşaçılarının zövqünün korlanmasından söhbət açıb:

“Bu gün televiziyalar boş-boş şounun dalınca düşüblər. Ancaq filankəsin donu belə getdi, o birinin uşağı oldu və s. Səviyyəsiz şeyləri efirə verirlər. Ona görə də baxılmır. Baxılsa da, ancaq müəyyən kütlə baxır, məndən inciməsinlər. Ağlı üstündə olan adam televiziyaya baxmır. Son illər onlar insanların da zövqünü korlayıblar. Ancaq qeybət, səviyyəsiz söhbətlər... Bilirsiniz, elə şeylər var ki, onları efirə çıxarmaq olmaz. Məhkəməlik hadisələri efirə çıxarırlar. Məsələn, bir haramzadə oğlan anasını evdən qovur, tamaşaçı da buna baxır. Sonra cavan oğlan düşünür ki, deməli, ananı da evdən qovmaq olarmış, bu adiləşir, insanları pozur. Kiminsə anasını evdən qovmasını xalqa göstərməklə nə demək istəyirsiniz?! Bu işlər qapalı məhkəmələrdə həll olunmalıdır. Bu gün ciddi, insanı düşündürən söhbətlərə tamaşaçılar qulaq asmırlar. Çünki aparıcılar artıq istəklərinə nail olublar və insanların zövqünü korlayıblar”. 

Aktyor televiziyaya yalnız peşəkarları gətirməklə  bu vəziyyəti düzəltməyin mümkün olduğunu bildirib:

“Bu durumu dəyişmək üçün efirdə peşəkarlar olmalıdır. Televiziya bu gün açıq qapı olub, kim istəyir efirə çıxır. Əvvəl ancaq nümunəvi insanları efirə çıxarırdılar, indi fərq etmir. Bu gün ekrana şübhəli adamlar çıxır, bilmirsən qadındır, ya kişi. Qadınlar çıxıb efirdə əxlaqdan danışır, baxırsan ki, özünün heç əxlaqı yoxdur. Özü də dəhşətlisi odur ki, insanlar o adamı tanımır, amma mən yaxşı tanıyıram. Riyakarlar, yalançılar çıxıb görkəmli adamlardan sitat gətirir, camaat da elə bilir bu intellektual adamdır. Azərbaycan televiziyası bərbad vəziyyətdıdir”.

Share on Facebook