14 oktyabr millət anasının doğum günüdür Keçmiş Rusiya müsəlmanları qadın hərakatının öncüsü, müsəlman dünyasında ilk qadın jurnalı "Aləmi-nisvan"ın baş redaktoru, Kırım Cümhuriyyəti parlamenti sədrinin katibi(həmçinin türk dünyasında ilk 4 qadın millət vəkilindən biri), İsmayıl bəy Qaspıralının qızı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım Qaspıralının anadan olmasının 137-ci ili tamam olur. Millət anası Şəfiqə xanım Qaspıralını sevgi və hörmətlə xatırlayırıq ! Sözcü.az
Oktyabrın 16-da Təbrizin Tərbiyət Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulacaq. Kult.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Bildirilib ki, tamaşanın səhnəyə çıxarılmasına bir həftə qalmış biletlərin hamısı satılıb. Yaqub Sədiq Camalinin rejissoru olduğu tamaşanın böyük maraq doğurmasının səbəbi səhnə əsərinin Azərbaycan dilində olması ilə əlaqələndirilir.
Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur. Üzeyir bəyin musiqi yaradıcılığı ona böyük şöhrət gətirmiş və günü bu gündə musiqi mirası öz möhtəşəmliyini qorumaqdadır. Musiqi yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. Üzeyir bəyi doğum günündə böyük hörmət, sevgi və sayğı ilə anırıq ! Sözcü.az
"Krestı" həbsxanasını "Rusiyanın Bastilyası" adlandırırlar. Çoxlu sayda siyasi məhbusun məhbus həyatı yaşadığı bu həbsxana yuxarıdan baxanda xaçlara bənzəyir. Bu səbəbdən məhbuslar buranı rusca cəm şəklində "Кресты" adlandırırlar. 1905-ci il inqilabından sonrakı dövrdə “Xaçlarda” siyasi məhbuslar üstünlük təşkil etməyə başladı. Onun kameralarında Leon Trotski, Aleksandr Kerenski, Lev Qumilyov, Lev Kamanev, Anatoli Lunçarski kimi simalar məhbus olublar. Rus Bastilyası "Krestı" həbsxanasının əsası 19-cu əsrin sonlarında Sankt-Peterburqun Vıborq tərəfində qoyulub. Rus əsilli Çexiya memarı Antoniy Osipoviç Tomişkonun layihəsi əsasında 1884-cü ildən 1892-ci ilə qədər tikilib. Əvvəlcə 960 kamerada yerləşdirilməsi planlaşdırılan 1150 məhbus üçün nəzərdə tutulub. Daha sonra tək hücrələr kimi dizayn edilmiş hüceyrələrin sayı 999-a çatdırlıb. Əlimərdan bəy Topçubaşinin "Krestı" həbsxanasında məhbusluq həyatı 1-ci Dumanın sabiq deputatı kimi "Vıborq bəyannaməsi"nə imza atdıqdan sonra məhkəmənin qərarı ilə baş vermişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Bakı quberniyasından seçilənlərdən biridə Əlimərdan bəy Topçubaşi idi. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovmuşdur. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və Kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. Deputatlar Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin Vıborq çağırışını 6 müsəlman deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə "Krestı"də həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən də xaric edilmişdir. Onunla birgə bu sənədə Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl Xan Ziyadxanlıda imza atmışdı. Birinci Dövlət Dumasının keçmiş üzvlərinin iclası 1906-cı il iyulun 9-10-da ( 22-23 iyul ) Vıborqdakı Belvedere mehmanxanasında keçirildi Dumanın bütün fraksiyalarından təxminən 220 keçmiş deputat iştirak edirdi. "Vıborq bəyannaməsində" bu sözlər qeyd olunmuşdur: Vətəndaşlar! Xalq təmsilçiliyinin tapdalanmış hüquqlarının müdafiəsinə qalxın, Dövlət Dumasının müdafiəsinə qalxın. Rusiya bir gün belə xalqın təmsilçiliyindən məhrum qalmamalıdır. Buna nail olmaq üçün bir yolunuz var: Hökumətin xalq nümayəndələrinin razılığı olmadan xalqdan vergi toplamaq və ya xalqı hərbi xidmətə çağırmaq hüququ yoxdur. Buna görə də, indi Hökumət Dövlət Dumasını buraxdığına görə, ona nə əsgər, nə də pul verməmək hüququnuz var. May ayının 8-də Əlimərdan bəyi paytaxt polislərinin əhatəsində faytonla “Krestı” həbsxanasına gətirdilər. Tarixçi Cəmil Həsənli "Tarixi şəxsiyyətin tarixi - Əlimərdan bəy Topçubaşov " kitabında(səh 188) yazır ki, “Krestı” həbsxanasında Əlimərdan bəy təkadamlıq kamerada yatırdı. Məhz özünün yazdığı kimi, o, 1908-ci ilin iyul ayında Osmanlı imperatorluğunda baş vermiş “Gənc türklər” inqilabının qələbəsi haqqında “sevincli xəbəri” də elə həbsxana divarları arasında eşitdi. O, Türkiyədə konstitusiyalı sistemin tətbiqini çox yüksək qiymətləndirir və gənc türklər hərəkatına rəğbətlə yanaşırdı. “İttihad və Tərəqqi” partiyasının 1908-ci ilin yayında qan tökmədən inqilab etməsi tarixin son dərəcə nadir hadisələrindən biri idi. İyul ayının 24-də Türkiyədə Osmanlı millətçiləri konstitusiyanın əldə edilməsinə nail olanda Rusiya Dumasının birinci müsəlman deputatlarının ən qabaqcıl nümayəndələri hələ imperiyanın müxtəlif həbsxanalarında oturmaqda idilər. Həmçinin Cəmil Həsənli öz kitabında( səh189-190) qeyd edir ki, Əlimərdan bəy “Krestı” həbsxanasında dünya tarixinə, ədəbiyyatına və fəlsəfi fikrinə aid son illərdə nəşr olunmuş çoxlu kitab oxumuşdu. O, çox səliqə ilə “Krestı” həbsxanasında mütaliə etdiyi kitabların siyahısını tutmuşdu. Üç ay ərzində onun 50-yə qədər kitab oxuması adamı heyrətə salır. Kitabların mövzu dairəsi çox rəngarəng idi. Burada Avropa tarixindən tutmuş Şərq ədəbiyyatına, xristian təlimlərindən tutmuş islam mədəniyyətinə qədər geniş bir dairə əhatə edilmişdi. Bu kitabların bir hissəsi XX əsrin əvvəllərində müxtəlif Avropa dillərindən rus dilinə tərcümə olunmuşdu və dövrün qabaqcıl ideyalarını özündə əks etdirirdi. Bu kitablar onun maraq dairəsi haqqında aydın təsəvvür yaradır və geniş dünyagörüşündən xəbər verirdi. Onun mütaliə etdiyi kitabların siyahısında S.Arnoldinin “Mədəniyyət və vəhşi tayfalar”, N.Kareyevin “Dünya tarixinin ümumi gedişi”, B.Çiçerinin “Qədim və yeni dünyanın siyasi mütəfəkkirləri”, Arnold Bergerin “Reformasiyanın mədəni vəzifələri”, Veyzerin “Yaponiya bizim günlərimizdə”, fon Ziboldun “Yaponiyada islahatlar”, M.Solovyevin “Polşanın süqut tarixi”, “I Aleksandr və I Napoleon”, “Şərq məsələsi”, “Din və tərəqqi”, B.Pavloviçin “Tatarçılığın qəddar dövrü”, V.Berenştamın “Siyasətə yaxın”, Hüquq uğrunda”, M.Kovalevskinin “Rusiyanın iqtisadi quruluşu”, Şlezingerin “XX əsrin əvvəllərinin qadınları”, Belyavskinin “Köhnə və yeni etiqadlar”, E.Renanın “İisusun həyatı”, “Mark Avreli” və “Apostollar”, Q.Senkeviçin “Tufan” və “Hara gedirsən?”, N.Şelqunovun “Təzadlar ölkəsində. Türküstan”, E.Vodovozovanın “Türklər, bolqarlar, serblər”, R.Qamsunun “Aclıq”, F.Beyerleynin “Yena və ya Sedan?”, E.Reklünün “Hindistan və Hindiçin”, “Ön Asiya: Əfqanıstan, Bəlucistan, İran, Asiya Türkiyəsi və Ərəbistan”, A.Budiloviçin “Özgə xalqların təhsil məsələləri”, V.Çerevanskinin “Müsəlman sünni məzhəblərin işləri üzrə qeydlər”, Q.Lisonkovun “Torpaq məsələsi”, L.Tolstoyun“Torpaq məsələsinin yeganə mümkün həlli”, O.Mirabonun “İşgəncəbağı”, “Sebastian Rok” və “Ev qulluqçusunun gündəliyi”, F.Bred Hartın “Hekayələr”, Cerom Klapka Ceromun novellaları, Qraf Amorinin “Yapon sarayının gizlinləri”, Stendalın “Vaiz”, A.Blokun şeirləri, N.Kareyevin “Yeni tarix”, B.Börnsonun Norveç hekayələri və povestləri, Q.Beloqlovskinin Loris Melikovvə digərləri haqqında xatirələr, M.Qorkinin “Tövbə”, A.Kuprinin povest və hekayələri, İ.Potapenkonun povest və hekayələrinin adları var idi. 1908-ci il avqust ayının 8-də Topçubaşi "Krestı" həbsxanasından azad edilmişdir. Ceyhun Nəbi
Şəmkir(Annenfeld) və Çinarlıda( Georgsfeld) yaşamış almanların nəvələrindən bir qrup babalarının yaşadığı Şəmkir şəhəri və Çinarlı qəsəbəsini ziyarət ediblər. Onlar Şəmkir və Çinarlıda babalarından miras qalmış bir sıra məkanlara baş çəkiblər. Səfəri təşkil edən Almaniyada fəaliyyət göstərən "Avrokavkaziya" cəmiyyətinin sədr müavini soydaşımız Dr.Rasim Mirzəyevdir. Onlara ümumi olaraq “Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin rəhbəri, tədqiqatçı Ruslan Quliyev və Çinarlı qəsəbəsində isə Georgsfeld Mədəniyyət Klubunun nümayəndəsi Ceyhun Nəbi bələdçilik ediblər. Çinarlı qəsəbəsində babaları yaşamış Violetta Ayxholts xanım babaları Österir Emil və Kühfun Yakobun evini taparaq ziyarət etmişdir. Sözcü.az
XIX əsrin az saylı, sağlam mövqeyli din xadimlərindən biri –Hacı Məcid Əfəndi Əfəndizadə (1829-1908) indiki İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıtdıqdan sonra Şamaxı Cümə məscidinin baş imamı, Şamaxı qəza qazisi (sünni), Bakı Quberniya Müsəlman Məclisinin sədri olmuşdur. 1869-cu ildə Seyid Əzim Şirvaninin açdığı "üsuli-cədid" məktəbindən sonra Şamaxıda açılan, yeni tipli məktəblərin açılmasının təşəbüskarı və iştirakçısı olmuşdur. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla yaxın münasibətdə olmuşdur. Mirzə Ələkbər Sabir onun ölümünə iki mərsiyə yazıb, Əhməd bəy Ağaoğlu onu "ustadı-kamil" adlandırıb, Mirzə Cəlil isə Ağaoğlunun Hacı Məcid Əfəndini tərifləməsini "Molla Nəsrəddin" jurnalında istehza ilə qeyd edir (1906, 21 aprel, say 16). Ömər Faiq Nemanzadə isə xatirələrində yazır: " Hacı Məcid Əfəndi Qafqazın ən böyük ruhani alimlərindən biridir. Şirvan mahalında ondan böyük və nüfuzlu kimsə yox idi. Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmət və ya təmir etmək üçün minlərcə manat yığdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi...Hacı Məcid Əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü..." Nəqşibəndi təriqətinə mənsub idi. Fotoda: Hacı Məcid Əfəndi(ortada),oğlu Süleyman Əfəndi və şagirdi Molla Abdulla Ceyhun Nəbi
Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur. 105 il öncə Gəncədə ilk sayı nəşr edilmiş bu qəzet Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dönəmini öyrənmək üçün ən geniş, sanballı, məlumatlılıq baxımından yüksək dərəcədə zəngin bir mənbədir. Bu baxımdan onu əvəz edəcək ikinci bir mətbu nəşr yoxdur. Yazar kadroları arasında dövrün çox önəmli jurnalist kadrolarının, yazarlarının, qələm sahiblərinin yer aldığı bu mətbuat orqanı qızıldan belə dəyərli mirasdır. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, Şəfiqə xanım Əfəndizadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Piri Mürsəlzadə, Əhməd Cavad, Fərhad Ağazadə kimi dövrün qabaqcıl imzalarının yer aldığı bu mətbu orqan Azərbaycan mətbuat tarixinin şah əsəridir. Qəzeti ərsəyə gətirənləri, nəşr edənləri, yazarları böyük sevgi və ehtiramla anırıq ! Sözcü.az
Şəmkir rayon Çinarlı qəsəbəsinin girişində, Gəncə-Şəmkir yolunun üstündə körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli və alt hissəsi yeni görkəmdə restavrasiya olunub. Bu heykəl Çinarlı qəsəbəsinin simvollarından biridir(həmçinin kifayət qədər tarixi var idi) və qəsəbənin girişində özünəməxsus gözəllik verir. 2022-ci ilin may ayında yüksək sürətlə avtomobilin çırpılması nəticəsində heykəl dağılaraq parça-parça olmuşdu. Dağılmış heykəlin bərpası ilə bağlı Çinarlı qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Rəşad Tağıyev ilə səyyar görüşdə bu məsələni birbaşa onun diqqətinə çatdırmışdılar. "Əməkçi qadın" heykəli artıq yeni görkəmdə yerinə qoyulub. Heykəlin heykəltaraşı Savalan Hüseynovdur. Sözcü.az
1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı: " İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir». Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi
Milli üslubda şeirləri ilə tanınan şəmkirli haqq şairi, araşdırmaçı-yazar Sənan Səbuhi Şəmkirli Türkiyədə ödülə layiq görülüb. "Məni danışdıran vicdanımın səsidir" adlı ilk şeirlər kitabı ilə oxuculara tanınan Sənan Səbuhi şeirləri ilə türkiyəli oxucular tərəfindəndə rəğbətlə qarşılanıb və sevilib. Şeirləri və bir sıra araşdırmaları ilə rəğbət görən gənc şair, araşdırmaçı "İmaj Maqazin Sanat Ödülləri" layihəsinə uyğun olaraq İmaj Medya Maqazin təşkilatı tərəfindən ödülləndirilib. Tədbirdə bir sıra millət vəkilləri, jurnalistlər, tanınmış media təmsilçiləri iştirak edib. Gənc şair aldığı ödülü onu əziyyətlərlə böyütmüş ata-anasına mükafat olduğunu və onlara aldığını bildirib. Mükafatlandırma tədbiri 3 sentyabr tarixində İstanbulda baş tutub. Sözcü. az
Keçmiş Rusiya müsəlmanları qadın hərəkatının öncüsü, ilk türk-müsəlman qadın jurnalı "Aləmi-Nisvan"nın baş redaktoru, Kırım Cümhuriyyətinin qurucularından, həmin Cümhuriyyətin parlamentinin katibi, qadın millət vəkillərindən biri, İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım 1975-ci il 31 avqustda İstanbulda vəfat edib. Məzarı İstanbul Zincirlquyu məzarlığındadır. Ceyhun Nəbi
Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ? Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir. Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır. Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi