Bakıda maşından 5 min manatlıq saat oğurlanıb

İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb. Araşdırma aparılır.

Bakıda çağırışa gedən təcili yardım piyadanı vurdu

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. Sozcu.az xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Sumqayıtda zavod yanır - Video

Sumqayıtda zavod yanır. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Gənc cüdoçunu öldürən şəxsə hökm oxundu

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakıda məktəbin həyətində kütləvi DAVA

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib. 2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Salyanda avtomobil velosipedçini vuraraq öldürdü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ələsgər oğlu Səmədov velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb. Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.

Ağcabədidə axtarışda olan şəxs SAXLANILDI

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərdən biri – rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub. Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib. Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Xırdalan parkında dəhşət: Qadın karuseldən yıxıldı

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub. M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Su kanalında 44 yaşlı kişi meyiti tapıldı

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb. Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sürücü sükan arxasında infarkt keçirdi, qəza oldu

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.