Partlayışda xəsarət alan bacı-qardaş vəfat etdi

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Əbdül qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Əbdül oğlu Quliyev xəstəxanada dünyasını dəyişib. Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

Priqojinin təyyarəsində ölənlərdən biri ermənidir

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub. Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib. Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Hindistanda körpü uçdu: 17 nəfər öldü

Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib. “İndiyədək 17 nəfərin meyiti tapılıb, itkin düşənlər var”, - polis əməkdaşı bildirib. İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.

İsmayıllıda idman zalı yandı

İsmayıllıda idman zalında yanğın olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsmayıllı rayonunun Çayqovuşan kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli tikilinin (idman zalı kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Türk Hava Yolları"nın təyyarəsi Bakıya təcili eniş etdi

Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az bu barədə hava limanına istinadən xəbər verir. Məlumata görə, buna səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.

Ağsuda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Sozcu.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Sumqayıtda idman müəllimi həbs edildi - Səbəb

Ötən gün Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, məşqçi yeniyetmə qıza seksual xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Düşmən təxribata cəhd etdi, Ordumuz dərhal dayandırdı!

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ana özünü bıçağın qarşısına verdi - DƏHŞƏTLİ hadisənin TƏFƏRRÜATLARI

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb. Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıb. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir. Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.

Gədəbəy və Laçındakı mövqelərimiz atəşə tutuldu

Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.

Şəkidə sirkə turşusu içən sərxoş kişi öldü

Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib. Həmin zaman evdə olan ailə üzvləri tərəfindən o, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Ṣöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb. Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb. Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.