Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Bəndəliyev Elsun Habil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Tərtər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Tərtər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Gəncədə evə hücum: iki nəfər bıçaqlandı

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb. Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb. Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub. Faktla bağlı araşdırma aparılır.

Astarada tibb bacısı evində qətlə yetirildi

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda ölüm

Bu gün səhər Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib. Qurumdan Sozcu.az-a verilən məlumata görə, dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.

Şuşadakı dəhşətli qəzada ölənlərin sayı 6 nəfərə çatdı

Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb. Sozcu.az-ın report-a istinadən məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb. Belə ki, Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Ağsuda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub. Sozcu.az xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır. Fakt araşdırılır. 18:48 Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub. Sozcu.az-ın məlumatına görə, VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir. Fakt araşdırılır.(report)

Azərbaycanda daha bir zəlzələ hiss edildi

Yerli vaxtla saat 11:09-da İran ərazisində maqnitudası 4.7 olan zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

Sumqayıtda DƏHŞƏT: 85 yaşlı kişi məktəblini bıçaqladı

Sumqayıtda yeniyetmə bıçaqlanıb. Hadisə 41-ci məhəllədə qeydə alınıb. Bıçaqlanan 13 yaşlı Əli Qurbanzadə xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirməkdə 85 yaşlı Şahhüseyn Qənbərov şübhəli bilinir. İlkin məlumata görə, bıçaqlanma şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır./News24.az

Ağsu dolaylarında maşın aşdı: ata və oğlu öldü

Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb. Qəzada həyatını itirən şəxslərin ata və oğul olduğu bildirilir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.

Kəlbəcər yolunda ağır qəza: ölü və yaralılar var

Gəncə-Toğanalı-Kəlbəcər yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var. Sozcu.az Report-a istinadla xəbər verir ki, UAZ markalı avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xaçmazda dava düşüb, güllələnən və bıçaqlananlar var

Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var. Rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Rüstəmov Ramik Ramiz oğlu Nabran kəndi ərazisində Zalov Cami Nizam oğlu ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb. Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şıxmətov Şöhrət Gülmət oğlu isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir. Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İsrail Qəzzada daha bir xəstəxanaya zərbə endirdi – YENİLƏNİB

HAMAS-ın üzvlərinin təcili yardım maşınından istifadə etdiyi müəyyən edilib. Buna cavab olaraq İsrail aviasiyası təcili yardım maşınını vuraraq Həmas terrorçularını zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin X hesabında bildirilib. *** İsrailə Qəzzada Əl-Şəfa xəstəxana kompleksinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, zərbə dron vasitəsilə bir neçə təcili yardım maşını xəstəxanaya yaxınlaşan zaman həyata keçirilib. Ölən və yaralananların olduğu bildirilir.