Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Qızılağac Milli Parkındakı yanğın tam söndürüldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb. Bu barədə Sozcu.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub. "Xatırladaq ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib", - məlumatda qeyd olunub.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 529-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 249 700 hərbçi, 4237 ədəd tank, 8262 ədəd zirehli döyüş maşını, 4965 ədəd artilleriya sistemi, 705 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 466 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7441 ədəd avtomobil texnikası, 4126 ədəd PUA, 1359 qanadlı raket, 18 gəmi/qayıq, 734 xüsusi avadanlıq itirib.

Gəncədə maşın elektrik dirəyinə çırpıldı: ölən var

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb. "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb

Bakıda evdən 24,5 min manatlıq oğurluq edən yeniyetmə saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən 7 500 manat pul və 17 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

56 yaşlı kişi uçurumdan yıxılaraq öldü

Gədəbəydə 56 yaşlı kişi uçurumdan yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, hadis ötən gün baş verib. Belə ki, rayon sakini, 1967-ci il təvəllüdlü Tofiq Quliyev Pərvin Məmmədliyə məxsus fərdi yaşayış evinin həyətində ot biçərkən öz ehtiyatsızlığından uçurumun kənarından yıxılıb. Təxminən 10 metr hündürlükdən yıxılan şəxs ölüb.  Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır. 

Bakıda avtomobil elektrovozla toqquşdu: ölən var

2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektrovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77 FV 520 olan "Hunday Elantra" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. Bu barədə Sozcu.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Qeyd olunub ki, maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib. "ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq". Qeyd edək ki, sürücülərin yol-hərəkəti haqqında Qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş verib, 6 nəfər xəsarət alıb, 3 nəfər isə dünyasını dəyişib. Ötən ilin eyni dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş vermiş, 4 nəfər xəsarət alıb, 1 nəfər isə həlak olub. Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə 100 AZN məbləğində cərimə tətbiq olunur.

Ağsuda su anbarında batan şəxsin meyiti çıxarıldı

Ağsu rayonunda “Cavanşir” su anbarında batan şəxsin meyiti tapılaraq çıxarılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oğul atasını öldürüb hadisə yerindən QAÇDI

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Bakıda bir ailənin 3 üzvünü qətlə yetirən şəxsin istintaqı başa çatdı

Ötən il Buzovnada bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirən Səfərov Nofəl Səfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib. Belə ki, ötən il noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb. Hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76 mənzil 4 ünvanında baş verib. Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanının pəncərəsindən yıxılaraq xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada vəfat edib. Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Azər Qaraşovu oğlu öldürübmüş

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.