Kəsdiyi ağac başına düşdü, öldü

Daşkəsəndə ağac kəsən kişi başına budaq düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə mayın 16-da rayonun Astaf kəndi ərazisində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Səməd Kamandar oğlu Həsənov meşə massivində ağac kəsən zaman budaq qırılıb. Bu zaman budaq onun başına düşüb və S.Həsənov ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hərbçilərin öldüyü qəza ilə bağlı rəsmi AÇIQLAMA

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Sozcu.az-a verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı  90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və  yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəza zamanı həlak olanların hərbi qulluqçular olduğu bildirilir.

Goranboyda qəza - Hərbçilər öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes" markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər. Faktla bağlı araşdırmalar davam etdirilir. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi hərbçidir. Belə ki, Nicat Nəbiyev N saylı hərbi hissədə müddətdən artıq qulluq edən əsgər, Elvin Quliyev isə gizir kimi xidmət aparırmış.

Qəzada həyatını itirən 16 yaşlı Aylanın FOTOSU

Məlum olduğu kimi, mayın 13-də Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında 2007-ci il təvəllüdlü Ayla Osman qızı Əliyeva həyatını itirib. Sozcu.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ayla Bakı şəhər 263 saylı orta məktəbin 10-cu sinif şagirdi imiş. Hadisə vaxtı Aylanın anası Vəfa Əliyeva sürdüyü “Hyundai Sonata” markalı avtomobilin idarəetməsini itirərək qarşıda gedən TIR-a çırpıb. Nəticədə 16 yaşlı Ayla hadisə yerində həyatını itirib. İlkin ehtimala görə, qəza V.Əliyevanın diqqətinin yayınması səbəbindən baş verib. Qəza anını və həyatını itirən Aylanın fotosunu təqdim edirik:

Sabunçuda əməliyyat - 92 nəfər SAXLANILDI

Sabunçuda aprelin 1-dən bu günə qədər keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və üzərində odlu silah saxlayan daha 92 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 91 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, bu ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum molunmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov da saxlanılılıb. Onun üzərindən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub. Rafiq Bağıro odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Qeyd edilən faktla bağlı arşadırmalar davam etdirilir.

Bakıda toyda dava: 1 nəfər bıçaqlandı

Bakıda toyda bıçaqlanma olub. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları 36-cı dalanda baş verib. 1992-ci il təvəllüdlü Əmrah Kalam oğlu Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Həmidulla oğlu Əsgərov a kürək nahiyəsindən daxilə nüfuz edən 1 bıçaq xəsarəti yetirib. Faktla bağlı 11 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən Əmrah Alışov saxlanılıb.

İsmayıllı sakini dostunu bıçaqlayaraq qaçıb

İsmayıllıda bıçaqlanma olub. Sozcu.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1975-ci il təvəllüdlü Ceyhun Əliyev kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Onun aralarında yaranmış mübahisə zamanı dostu, rayonun Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov tərəfindən bıçaqlandığı bildirilir. Onların İsmayıllıya istirahət məqsədilə gəldikləri deyilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. C.Əliyevə kəsici alətlə xəsarət yetirdikdən sonra hadisə yerindən yayınan Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.apa

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb

Bakıda sürücü müştərini döyərək telefonunu əlindən alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Zod istiqamətində gərginlik: Ordumuz cavab tədbirləri görür

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Ağdamda orta məktəbdə yanğın olub

Ağdam rayonunun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Sozcu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda toyda ər arvadına 8 bıçaq zərbəsi vurub

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb. Hadisə “Təbrik” restoranında qeydə alınıb. Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları araşdırma aparır (APA).

Keçmiş polis sevdiyi qıza görə özünü öldürdü

Ağdaş rayonunda keçmiş polis əməkdaşı intihar edib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış və bir müddət əvvəl səhhəti ilə bağlı daxili işlər orqanlarından xaric edilmiş 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək canına qəsd edib. İlkin ehtimala görə, o, sevdiyi qıza görə həyatına son qoyub. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.