Nazirliyin əməkdaşlarına atəş açıldı - Xəsarət alan var

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. Sozcu.az-ın məlumatına görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb. Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır.//Report

Bakıda cibgirlik edən şəxs TUTULDU

Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Sozcu..az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan pulqabılarını oğurlaması da müəyyən olunub.

Bakıda evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edilib

Bakıda evlərdən və avtomobildən 28 000 manatlıq oğurluq edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qobustanda ağır qəza: 5 nəfər öldü - Adlar

09:38 Qobustanda yol qəzası olub, 5 nəfər ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər ölüb. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. *** Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, KİA markalı, 77 KX 479 avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq səkiyə dəyib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. “Hazırda qəza zamanı ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir”, - DYP-dən bildirilib. *** Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Qəbələdə piyadanın ölümü ilə bağlı cinayət işi açılıb

Mayın 17-si axşam saatlarında Qəbələ şəhəri ərazisində Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub. Sozcu.az-ın xəbərinə görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən orada vəfat edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.apa

Torpaq sürüşməsi: 7 kəndi birləşdirən yol çökdü

Lənkəranda torpaq sürüşməsi olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb. Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür: "Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqalada Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb". Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.

Qaxda iki azyaşlı dərmandan zəhərlənib

Qaxda iki azyaşlı dərmandan zəhərlənib. Sozcu.az-ın məlumatına görə, mayın 17-i axşam saatlarında rayonun Qum kənd sakini 2020-ci il təvəllüdlü Zaira Məmmədova və Fıstıqlı kənd sakini 2020-ci il təvəllüdlü Melisa Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar. Müayinə zamanı yaxın qohum olan hər iki azyaşlının nəzarətsiz qalaraq sakitləşdirici dərman içərək zəhərlənmələri məlum olub. Zaira Məmmədova və Melisa Məmmədliyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Azyaşlıların vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.apa

İrəvanda atışmada vəzifəli şəxs yaralandı

İrəvanda atışma zamanı paytaxtın Davitaşen inzibati rayonunun rəhbərinin müavini yaralanıb. Hadisə mayın 19-da səhər saatlarında baş verib. Bildirilir ki, Maştots rayon polis şöbəsinə evlərdən birinin yaxınlığında atəş açıldığı barədə məlumat daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazidə avtomat silahların gilizləri aşkar edilib. Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır. Mənbə: Shamshyan.com

30 il əvvəl törədilən cinayət üzrə məhkəmə BAŞLAYIR

Xəbər verildiyi kimi 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Prokurorluq və Daxili işlər orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramovun qeyd edilən tarixdə Fikrət İbrahimovun yaşadığı evə gələrək odlu silahdan 2 dəfə atəş açaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Qobustanda qazi faciəvi şəkildə öldü

Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Mirdamət Mirkamıl oğlu Kamilov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

Çağırışa gedən təcili yardım maşını aşdı

Masallıda çağırışa gedən təcili tibbi yardım maşını aşıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. İlkin məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına aiddir. Məsələ ilə bağlı Masallı Bioloji Təbabət Klinikası ilə əlaqə saxladıq. Klinikadan bildirilib ki, hadisə dünən Masallıda baş verib: “Ambulanslarımızdan biri çağırışa gedərkən qəza baş verib. Hadisə zamanı ambulansda pasiyent olmayıb. Həkim və tibb heyəti arasında ölən və xəsarət alanlar yoxdur”.

Quduzluğa yoluxmuş qoyunları kəsib uşaqlarına kabab bişirdi - Azərbaycanda

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.  Sozcu.az xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib. Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb. İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib. Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər-hansı bir narahatlıq müşahidə olunmayıb./AZƏRTAC