Usta kondisioneri düzəldərkən yıxılıb öldü

Bakıda usta faciəvi şəkildə ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb. Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Rahim Oqtay oğlu Manafovun çağırışı ilə kondisioner quraşdırmaq üçün "Yasamal yağdəyişmə mərkəzi"nə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Şamaxıda 5 uşaq anası döyüldü

Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Camal şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülə (adlar şərti verilib – red.) xəsarət yetirib.  Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 27-də baş verib.  Camal sərxoş vəziyyətdə yaşadıqları evdə aralarında ailə mübahisəsi zəminində yaranmış münaqişə zamanı arvadının baş və bel nahiyələrindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib.  Hadisəni törədən Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  O bildirib ki, Könül onun arvadıdır, həmin şəxslə əvvəllər münasibəti yaxşı olub, aralarında ədavət, dava-dalaş olmayıb:  “Könül ilə 2007-ci il avqust ayında ailə həyatı qurmuşam. Həmin nigahdan 5 övladım var”.  Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 27-də dostunun ad günündə spirtli ikçi qəbul edib:  “Evə daxil olan zaman otaqda arvadımdan içmək üçün çay gətirməsini dedim. Arvadım çay gətirmək üçün getdi. Çayı gətirən zaman dişinin ağrıdığını, niyə bu qədər içirsən dedi. Könülə niyə deyinirsən deyərək əsəbləşdim. Aramızda mübahisə yarandı. Mən şisə içkili olduğum üçün özümü saxlaya bilmədim. Arvadımın baş nahiyyəsinə bir dəfə, kürək nahiyyəsinə isə bir neçə dəfə yumruqla vurdum. Bundan sonra evdə olan atam bizim səs-küyümüzə otağa daxil oladu və bizi sakitləşdirdi. Həmin hadisədən sonra arvadımıa aramızda heç bir hadisə olmasada, fevralın 28-də arvadım atasının evinə getdi. Uşaqların ikisini arvadım aparsa da, üçü mənimlə birlikdə qaldı”. Təqsirləndirilən deyib ki, həmin hadisə zamanı arvadına başqa heç bir qanunsuz hərəkət etməyib. Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.  Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Camalın barəsində olan cinayət təqibinə xitam verilib.  O, cinayət məsuluiyyətindən azad edilib. 

Fəhlə iş yerində nərdivandan yıxılıb ÖLDÜ

Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb. Bu barədə Sozcu.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var. Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Kürdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həbsdə olan qohumuna narkotik keçirmək istəyən qadın saxlanıldı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu - Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə - marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şpritsin içərisində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda təcili eniş edən təyyarə yola düşdü

"Britiş Eyrveys" (British Airways) aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boinq 787" (Boeing 787) təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb. "Britiş Eyrveys" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub. “Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər. Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində batan şəxsin axtarışları davam etdirilir

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək

Cəlilabad sakini qətlə yetirildi: saxlanılan var

Mayın 27-də saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə Ş.Əzimovun həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov şübhəli bilinir. O, saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. R.Aslanov polisə könüllü təslim olub. Araşdırma aparılır.

Göygöl sakini həmkəndlisini bıçaqladı

Göygöl rayonunun Mollacəlilli kəndində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, kənd sakini Nəsrəddin Əhmədov gecə saatlarında həmkəndlisi Ayxan Nağızadəyə bıçaqla ağır xəsarət yetirib. İlkin araşdırma zamanı hadisənin Ayxan Nağızadənin həmkəndlisi barəsində nalayiq ifadələr işlətməsi səbəbindən baş verməsi məlum olub. Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göygöl RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

Tovuda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

09:22 Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. DİN-in Mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. *** Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub. Report-un məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib. Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub. Faktla bağlı araşdırma davam etdirilir.