Kürdəmirdə baş verən ağır qəzanın TƏFƏRRÜATI

Kürdəmirin Atakişili kəndində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sozcu.az "Report”a istinadən xəbər verir ki, "Toyota Prius”un sürücüsü və sərnişinləri bu gün 15 İyun Milli Qurtuluş günü münasibətilə Mingəçevir şəhərində baş tutacaq konsert proqramına səhnə konstruksiyalarını quraşdırmaq üçün gedirlərmiş. Hadisə səhər saat 5 radələrində baş verib. Qeyd edək ki, Bakı şəhər sakini, 24 yaşlı Ruslan Əli oğlu Xasıyanovun idarə etdiyi "Toyota Prius” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış, Bərdə rayon sakini 26 yaşlı Salman Lətif oğlu Allahverdiyevə məxsus "Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota Prius”un sərnişini, 23 yaşlı Elnur Cavanşir oğlu Mənsimov hadisə yerindəcə dünyasını dəyişib. Qəza zamanı habelə sürücü və digər sərnişinlər - Bakı şəhər sakinləri, 32 yaşlı Vahid Hüseynağa oğlu Qasımov və 1991-ci il təvəllüdlü İslam Rövşən oğlu Səmədov, eləcə də "Mercedes”in sürücüsü S.Allahverdiyev ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Düşmən yenə atəş açdı: Ordumuz tədbir görür - Təcili

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

Füzulidəki mövqelərimiz atıcı silahlardan atəşə tutuldu

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ermənilər Naxçıvanı atəşə tutdu

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", MN-dən bildirilib.

Bakıda maşından 5 min manatlıq saat oğurlanıb

İyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. DİN-dən Sozcu.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakıda köşkdən pul və mobil telefon oğurlayan şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 30-da Z.Bünyadov prospektində yerləşən köşklərin birindən 1525 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın İbayev saxlanılıb. Araşdırma aparılır.

Bakıda çağırışa gedən təcili yardım piyadanı vurdu

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub. Sozcu.az xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Sumqayıtda zavod yanır - Video

Sumqayıtda zavod yanır. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Gənc cüdoçunu öldürən şəxsə hökm oxundu

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakıda məktəbin həyətində kütləvi DAVA

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib. 2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Salyanda avtomobil velosipedçini vuraraq öldürdü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ələsgər oğlu Səmədov velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb. Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.