10 yaşlı uşağı maşın vurub öldürdü

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili 2015-ci il təvəllüdlü kənd sakini Aytən Ağazadəni vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Ağdaşda avtomobil tələbəni vurub öldürdü

Ağdaşda avtomobil piyadanı vurub. Sozcu.az apa-ya istinadən xəbər verir ki, bu gün Ağdaş şəhərində Murad Əsədovun idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yeniyetmənin Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanılıb.

Astara məktəblisi Bakıda vəfat etdi

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb. Yaxınları bildiriblər ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib. Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.

Faciəvi şəkildə ölən şəxs FHN əməkdaşı imiş

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayon sakini Kənan Abdullayev dəmiryol xəttində qatarın altında qalması nəticəsində ölüb. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə nəticəsində həyatını itirən K.Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. K.Abdullayev ailəli idi, bir azyaşlı övladı var.

Bakıda oğul atasını öldürdü

Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Rahib Tağıyev küçəsi ev 20-də baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirova bir neçə bıçaq zərbəsi vurub. N.Əmirov hadisə yerində ölüb. M.Əmirovun özü də xəsarət alıb. O, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sərhədçilərimizə atəş açıldı - Ölən və yaralanan var

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, mayın 1-i saat 21:55-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Salyan reydi istiqamətində sahildən 0.3 mil məsafədə sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum üzmə vasitəsi müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri məlumatlandırılaraq sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb. Xəzər dənizinin Azərbaycana mənsub hissəsinin cənub-şərq istiqamətində keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı hədəfin saxlanılması məqsədilə saat 22:40-da sərhəd gəmisi tərəfindən işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilib, xəbərdarlıq atəşi açılıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərən sərhəd pozucularının saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib, nəticədə sərhəd pozucularının hər ikisi yaralanıb. Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularının ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi üzrə təxirəsalınmaz tədbirlər görülüb. Təxliyə zamanı həkimlərin səyinə baxmayaraq sərhəd pozucularından birinin həyatını xilas etmək mümkün olmayıb. Digər sərhəd pozucusunun isə müasir tibb müəssisəsində müalicəsi davam etdirilir. Layner tipli itisürətli üzmə vasitəsinə keçirilmiş baxış zamanı 33 kiloqram 75 qram narkotik vasitə marixuana, 2 ədəd “Garmin” markalı GPS və 1 ədəd “THURAYA” markalı peyk telefonu aşkarlanaraq götürülüb. İlkin araşdırma tədbirləri nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1985-ci il təvəllüdlü Qaranicat Nuri Qurban Məhəmməd (yaralı) və 1990-cı il təvəllüdlü Uməhəmmədi Behsad Saleh (ölən şəxs) olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

7-ci sinif şagirdi vəfat etdi

Sumqayıt şəhər 39 saylı orta məktəbin yeddinci sinif şagirdi Fuad Bəylərli vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. F.Bəylərli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İranda güclü zəlzələ oldu: xəsarət alanlar var

09:27 İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib. *** İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb. Bu barədə İRNA məlumat yayıb.

Bakıda 29 yaşlı gənc faciəli şəkildə öldü

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mərhum bu gün doğulduğu Biləsuvar rayonunda dəfn olunub.

“Venesiya”da baş verən hadisənin səbəbi məlum oldu

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib. Bu barədə Sozcu.az-a AQTA-dan bildirilib. Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb. Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub. Sozcu.az Report-a istinadla xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Bakıda güclü yanğın

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.