Tehran rejimi azərbaycanlıları qırğına verir – Sulduzlu

Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bəlucistanda və İranın şimali-şərqində kürdlərin yaşadığı yerlərdə güdaza verilir. İran azərbaycanlı əsgərləri öz siyasətinə alət edir. Bu sözləri Axar.az-a güneyli milli fəal və siyasi şərhçi Rəhim Sulduzlu İranda daxili qarşıdurmaları yatıran güneyli gənc hərbçilərin öldürülməsindən danışarkən deyib. O, molla rejiminin millətlər və məzhəblərarası ixtilaf üzərində siyasətini formalaşdırdığını bildirib: “Təəssüf ki, hər ikisindən Azərbaycan türkləri öz nəsibini alıb. Bəluclar məzhəb etibarı ilə sünnidirlər. Onlara qarşı dini ayrı-seçkilik edilir və qırğına verilir. Bu qırğınları isə guya azərbaycanlı əsgərlərin etdikləri görüntüsünü yaratmağa çalışırlar. Bununla da bəluc və Azərbaycan xalqının arasını vururlar. Gənclərimiz bu münaqişələrin qurbanına çevrilir. Eyni siyasət həm də ərəb və lorlar arasında aparılır. Başqa qeyri-fars millətlər də üz-üzə qoyulur. Onlar arasında da nifaq salınır. Burada da düşmənçilik toxumu səpilir. Meyvəsini özü yeyir, xalqları da bir-birinə düşmən etməklə, ömrünü uzadır”. Sulduzlunun sözlərinə görə, İranın mərkəz bölgələri sayılan ərazilərində xidmət edənlərin əksəriyyəti farslardan ibarət olur: “Güney Azərbaycan gəncləri orada yaşayan digər xalqlar kimi hərbi xidmət keçməyə məcburdur. Onların başqa çarələri yoxdur. Amma İranın mərkəz bölgələrində xidmət edən əsgərlərin bir çoxu farslardır. Farslar hakimiyyətin dəyişməsinin tərəfdarı olsalar da, İran adlanan ölkənin bölünməsini istəmədikləri üçün qorxulu sayılmırlar. Odur ki, İranın mərkəzi yerlərində hərbi xidmət edirlər”. Qeyd edək ki, Bəlucistan vilayətində baş verən münaqişələri gənc azərbaycanlı əsgərlərin əli ilə yatırırlar. Sarvan münaqişələrində ölənlərin çoxu Azərbaycan və Xorasan türkləridir. Bu isə sosial şəbəkələrdə azərbaycanlıların narazılığına səbəb olub.

"Böyük müharibə olacaq"-Tehran İsraili təhdid etdi

İran İslam Respublikasının rəhbərliyi növbəti dəfə İsraili təhdid edib. İranın nüvə obyektlərinə hücum böyük bir müharibə demək olacaq və bunun üçün İsrail məsuliyyət daşıyacaq. Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı yüksək rütbəli iranlı mənbəyə istinadla məlumat yayıb. “İsrailin İranı nüvə obyektlərinə hücumla hədələməsi rəsmi terrordur və beynəlxalq ictimaiyyət buna heç bir reaksiya vermir. İran müharibəyə can atmır, lakin dünya anlamalıdır ki, İsrailə cavab vermək üçün Tehranın “qırmızı xətləri” yoxdur”, - mənbə vurğulayıb. Qeyd edək ki, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi İranın uranı rekord sürətlə zənginləşdirdiyini, bunun İsrailin cavabına səbəb ola biləcəyini deyib.

Milli fəal Saleh Molla Abbasi girov qarşılığında azadlığa buraxıldı

Güney Azərbaycanın Əhər şəhərindən olan milli-mədəni fəal Saleh Molla Abbasi mayın 22-də saxlanılaraq prokurorluğa aparılıb. Məlumata görə, ona qarşı Əhər şəhəri prokurorluğunun 3-cü bölməsində "yalan məlumatlar yaymaq" ittihamı irəli sürülüb. Bir neçə saat dindirildikdən sonra Saleh Molla Abbasi 120 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Məqsəd Əhməd Obalını öldürmək olub - AÇIQLAMA

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalının vəziyyəti orta ağırdır.  Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib. “Əhməd Obalı və oğlu Dənizə qarşı terror hücumu onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş verib. İlkin məlumata görə, onlara 6 nəfər hücum edib. Amerika polisi həmin şəxsləri tutub. Hücumda məqsəd Əhməd Obalını öldürmək olub. Əhməd bəyin sağ qolu və barmaqları qırılıb. Boynunu qırmağa çalışıblar. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər”. Sadiq İsabəyli hücumun arxasında İran və erməni terror dəstələrinin olduğunu düşünür: “Bu hadisənin terror aktı olduğunu deyə bilərik. Əhməd bəyə hücumun arxasında terror dövləti dayanır. İlkin versiya kimi, İranla erməni terror dəstələrinin işbirliyini qeyd edə bilərik. Ümid edirik ki, qısa zamanda cinayətin sifarişçiləri üzə çıxacaq. Əlbəttə, belə hadisə Əhməd bəy və onunla eyni düşüncədə olan insanların susdurulmasına hesablanıb. Lakin niyyətlərinə çata bilməyəcəklər". Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar: "Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım". 

Əhməd Obalının son durumu ilə bağlı AÇIQLAMA

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib.  Sozcu.az xəbər verir ki, Günaz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı faktı təsdiq edib. “Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hazırda durumu orta ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik”, - A.Obalı qeyd edib. Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir: “Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”.musavat.com

Yazıçı Sərvinaz Əhmədi həbs edildi

Yazıçı, tərcüməçi və uşaq hüquqları müdafiəçisi Sərvinaz Əhmədi həbs cəzasına məhkum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda yazıçının həyat yoldaşı, işçi hərəkatı fəalı və jurnalist Kamyar Fəkurun da saxlanıldığı, barəsində cinayət işi açıldığı qeyd edilib. Xanım yazıçı “hökumətə qarşı təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün fəaliyyət” ittihamlarına görə 3 il 3 ay həbs cəzasına məhkum edilib. Yazıçılar Birliyi İran hökumətinin Sərvinaz Əhmədi və başqa yazıçılara qarşı repressiyalarını pisləyib, bunu Tehran hökumətinin repressiya maşınının daha da qəddarlaşmasının nümunəsi adlandırıb. Qeyd edək ki, İran xanım yazarların həbsinə görə dünyada liderdir.

İsfahanda qarşıdurma: polis zəhərli qaz tətbiq etdi

Mayın 17-dən 18-ə keçən gecə İsfahan şəhərinin Dəstgerd həbsxanası qarşısında edamlara etiraz edən vətəndaşlarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat yayıb. Vətəndaşlar etiraz aksiyalarında həbs edilən və Dəstgerd həbsxanasında saxlanılan Məcid Kazimi, Saleh Mirhaşimi və Səid Yəqubi Cəl adlı məhbusların edamı ilə bağlı qərarın icrasının dayandırılmasını tələb ediblər. Həbsxana qarşısında izdiham yarandığı üçün hökumət qüvvələri yolları bağlayıb, etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, adı çəkilən məhkumların edamı ilə bağlı Beynəlxalq Əfv Təşkilatı mayın 17-də bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

Təbrizdə nümayişlərə çağırış edildi

Mayın 16-dan 17-ə keçə gecə Təbrizin bir neçə məhəlləsində yazılı vərəqələr və bəyanat yayılıb. Çağırışlarda milli fəallar azərbaycanlıları 22 may (1 xordad) qiyamının ildönümündə iştirak etməyə çağırıblar. Bununla yanaşı yayılan bəyanatda Tehran rejiminin azərbaycanlılara qarşı bütün sahələrdə ayrı-seçkilik etdiyi, xüsusilə qadınların ikiqat zülmə məruz qaldıqları qeyd edilib. Bəyanat müəllifləri, qadınları, müəllimləri, tələbə və ümumiyyətlə bütün təbəqələrdən olan azərbaycanlıları 22 may hadisələrinin 17-ci ildönümü ilə bağlı keçiriləcək aksiyalarda fəal iştirak etməyə dəvət ediblər.

Şərqi Azərbaycanda uçqun: 19 nəfər xəsarət aldı

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qaraqaya kəndində yağan güclü qar uçqun ilə nəticələnib. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat verib. Qar uçqunu nəticəsində 19 nəfərin xəsarət aldığını deyən H.Münəccim axtarış-xilasetmə dəstələrinin vaxtında müdaxiləsi nəticəsində onların həyatının xilas edildiyini bildirib. Qeyd edək ki, mayın 14-dən başlayaraq Güney Azərbaycanın bir sıra bölgələrində güclü qar yağıb, bəzi yerlərdə yollar bağlanıb.

İranda baş redaktor güllələndi

İranın Xuzistan əyalətinin İzə şəhərində "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Həmşəhri" qəzeti məlumat yayıb. Hadisə mayın 12-i gecə saatlarında baş verib. Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib. Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur. Silahlı hücumun təfərrüatı açıqlanmayıb. Hadisə araşdırılır.

Ərdəbilli mili fəala 6 il həbs cəzası verildi

Əslən Ərdəbil əyalətinin Təzəkənd kəndindən olan və Tehranda yaşayan milli fəal Ramin Əliniya Təzəkəndə ağır həbs cəzası verilib. Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi milli fəalı “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” ittihamına görə 5 il, “rejim əleyhinə təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhlum edib. Bununla yanaşı məhkəmə milli fəalın 2 il müddətinə sosial mediada, ictimai təşkilatlarda üzvlüyünə, fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyub. Ramin Əliniya Təzəkənd özünün idarə etdiyi "Gündəm" adlı sosial media kanalında hakimiyyəti tənqid etdiyinə görə rejimin qəzəbinə tuş gəlib. Qeyd edək ki, 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

BMT-dən İranla bağlı dəhşətli statistika

Mayın 9-da BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda son beş ayda 209 nəfərin edam edildiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlama yayıb. Volkerin sözlərinə görə, 2023-cü ildə İranda hər həftə orta hesabla 10 nəfər edam edilir. “Bu statistika dəhşətlidir. İran edamları dayandırmalıdır”, -Türk bildirib.