“Ukrayna Rusiya ərazisinə hücum edə bilər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısı başlamazdan əvvəl keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu, Ukraynanın özünümüdafiə hüququdur: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”. Müharibəni Rusiya Prezidenti Vladimir Putinin başlatdığını xatırladan Y.Stoltenberq qeyd edib ki, ancaq o özü də dayandıra bilər: “Biz Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Həmçinin Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir. NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Ukrayna diversantları tankların da köməkliyi ilə Belqorod vilayətinin Şebekino şəhərindəki sərhəd-keçid məntəqəsinə hücum ediblər. Döyüşlər davam edir. Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, gecə boyunca da şəhər güclü atəş altında olub, mərmilərdən biri vilayətin daxili işlər idarəsinin binasına düşüb. Bəzi sakinlər isə şəhəri tərk etməyə hazırlaşırlar. Vilayətin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin mərkəzinin və ətrafının “Qrad”dan atəşə tutulduğunu bildirib, nəticədə 5 mülki vətəndaş xəsarət alıb.
“İran Qarabağ problemini ermənilərin xeyrinə həll etməyə hazırdır”. Sozcu.az xəbər verri ki, bunu erməni iranşünas Vardan Voskanyan jurnalistlərə deyib. O bildirib ki, iranlılar çox vaxt anlaşılan görünən məntiqə uyğun hərəkət etmirlər. “Bu mənada bizim regionda birlik dövləti var. Ermənistan və İranın maraqlarının böyük ölçüdə üst-üstə düşdüyü göz qabağındadır. Söhbət həm Ermənistanın, həm də iranlıların açıq şəkildə danışmadığı Qarabağın təhlükəsizliyindən gedir. İranlı ekspertlərlə təmaslara əsaslanaraq əminliklə deyə bilərəm ki, İran tərəfi məncə, buna hazırdır. İran Qarabağ probleminin ermənilərin xeyrinə həllini dəstəkləyir. Ona görə də hesab edirəm ki, bu münasibətlərdə İranın müsbət irəliləyişindən istifadə etməmək düzgün olmaz”, – deyə Voskanyan sərsəmləyib.
“Meyvə-tərəvəzin bölgələrdəki qiymətinin ucuz olması monopoliya deyil, əksinə, bu, sadəcə olaraq, idarəçilikdəki səriştəsizlikdir. Çox ciddi idarəçilik problemi var”. Bu sözləri Yenisabah.az-a açıqlamasında fermer, kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov deyib. O, bölgələrdə meyvə-tərəvəz qiymətlərinin paytaxt Bakıya nisbətən daha ucuz satılmasından söz açıb. Xatırladaq ki, ötəngünkü yazımızda bölgələrdə meyvə və tərəvəz məhsullarının maya dəyərindən daha ucuz olması ilə bağlı məlumat vermişdik. Belə ki, Göyçayda göycə alçasının kilosu 50 qəpik olsa da, Bakıda bu qiymət 4-5 manat aralığında dəyişir. O cümlədən, Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur. Xaçmaza gəldikdə, pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır. Öz növbəsində, Ş. Nəcəfov xatırladıb: “Yadınızdadırsa, Azərbaycanda “Meyvəli MMC” yaradıldı və guya kəndlinin məhsulunu alıb satacaqdılar və s. Dövlət buna böyük pullar ayırmışdı ki, bu pullar da yeyildi. Onsuz da Azərbaycanda büdcədən pul ayrılanda bu, oliqarx məmurların savaş meydanına çevrilir ki, o pulu basıb yesinlər. Qısası bu, çox ciddi bir səriştəsizlikdir. Kənd Təsərrüfatı nazirliyi hər zaman kənd təsərrüfatı məhsullarının ucuz satışı üzrə yarmarkalar təşkil edirdi. Amma Azərbaycanda hələ bir dəfə də olsun kənd təsərrüfatı məhsullarının maya dəyəri dövlət tərəfindən çıxarılmayıb ki, bu məhsul fermerə neçəyə başa gəlir? Hətta bunun üzərində tenderlər olmalıdır ki, maya dəyərini də bilək. Sual edirəm, Cəlilabadın kartofunun, Qubanın almasının, yaxud mal və qoyun ətinin maya dəyəri neçəyədir? Bu gün Hindistan ətinin qiymətinə 5-6 manata tenderlər edirlər, amma yerli məhsul batıb gedir”. Mütəxəssisə görə, bu gün müvafiq sahədə heç nə doğru deyil: “Dövlət, ilk növbədə, yerli fermerdən yararlanmalı və o məhsulları ondan alaraq, ona uyğun da tenderlərin keçirilməsi təmin olmalıdır. Fermeri bazarda görsəniz, bilin ki, o, ziyan edir. Çünki normalda biri istehsal etməli, o birisi marketinqini həyata keçirməli, digəri isə satmalıdır. Yəni bunun bir dəyər zənciri formalaşmalıdır ki, Azərbaycanda həmin dəyər zənciri yoxdur. Fikrimcə, yeni kadrların təyinatı da başqa bir dərddir. Haradansa tutub gətiriblər, göydən nazirliyə paraşütlə düşüb sanki. Ümumiyyətlə, o sahəni bilmir, kadr bazasını tanımır. Ona görə də problem budur, monopoliya deyil”. Müsahibimiz iddia edib ki, bu gün bir çox şeylər maya dəyərindən aşağı satılır, bunun xarici bazarlara çıxışı təmin olunmur, fermerə ciddi dəstək verilmir: “Bu gün o sistem yaradılmır, amma A-dan Z-ə dəyər zənciri formalaşmalıdır. Həmişə deyilir, lakin kimsə bunu etmir. Bu gün hər şey çox bahadır, amma yerlərdə maya dəyərindən aşağı satılır. Bu yaxınlarda kənd təsərrüfatı naziri təyin olundu. Görün, bir dəfə də olsun o, kollektivlə görüşübmü, ayrı-ayrı strukturlarla müzakirələr açıbmı? Hazırda ölkədə su və satış problemi var. Amma praktiki nəticə yoxdur, çünki bu sahədə olanlar yad adamlardır, heç bilmirlər ki, harada başlamaq və kimlərlə görüşmək lazımdır. Kənd təsərrüfatında da ciddi mütəxəssislər var ki, onlara görüşüb nələrisə müzakirə etmək, problemi yerində lazımi adamlardan eşitmək, habelə fermerlərlə dialoq qurmaq lazımdır. Bunların da heç biri olmur deyə get-gedə kəndlər də boşalır, kəndli yazda əkinçi, qışda dilənçi olur. Yəni hər dəfə bir amma çıxır ki, kənd insanı uğur qazanmasın. Axı bu insan həyata bir dəfə gəlib və bunun həyatı eksperiment deyil ki, bunların həyatı ilə təcrübə aparasınız?” “Bir neçə il bundan qabaq faraş kartofun gömrükdən buraxılmasını əngəlləmişdilər. Bunlar başa düşmürlər ki, faraş kartof sahədən çıxıb bazara gələnə qədər qaralır və o, saxlanmalı mal deyil. Adını qoymuşdular ki, qiymət bahadır və payızlıq kartof anbarlarda yığılır. Çünki ağlı başında olan hökumət faraş kartofun ildırımsürətli bazarlara çıxışı təmin etməlidir ki, bu məhsul sahibkarın əlində qalmasın. Yadınızdadırsa, gömrük faraş kartofun Rusiyaya çıxışını qapatmışdı. Amma başa düşmürlər ki, faraş kartof yaşıl dəhlizlə keçməlidir, bu qaralır, saxlamaq olmaz. İndi hansısa məmur guya öz ağlında ölkə daxilində bolluq yaratmışdı və demişdi ki, faraş kartofun çıxmasını qadağan etmişdi. Bax, belə problemlər və səriştəsizliklər ölkəni geri salır”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Ukraynanın əks-hücum planı təsirlidir. Sozcu.az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrehem deyib. “Ukrayna əks-hücumu başlayanda rusları pis oyanmalar gözləyəcək. Yaxın günlərdə siz ukraynalıların böyük güc nümayişini görəcəksiniz”, - Qrehem bildirib. Senator hücum planı və detallarla bağlı danışmayıb.
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
"Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək". Sozcu.az xəbər verir ki, bunu İYİ Partiyadan qopmuş ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ "Halk TV"nin efirində qonaq olarkən deyib. "Bu seçkilərin 2 il üçün olduğunu düşünürəm. Hökumət 5 il davam gətirməyəcək. Bələdiyyə seçkilərindən sonra yenidən ümumi seçkilər üçün təqvim başlayacaq", - o bildirib. Özdağ 2024-cü ilin əvvəllərində baş tutacaq bələdiyyə seçkilərindən də danışıb. "Milliyyətçi liqadan söhbət gedir. Məsələn, yerli seçkilərdə X bir namizədi biz, İYİ Partiya və MHP hansısa vilayətdə eyni namizədi dəstəkləyə bilərik. Bir az çətin olar, bilmirəm, amma ola bilər. Eyni şey MHP ilə də ola bilər", - Özdağ əlavə edib.
“Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satışı ilə bağlı bəzi məlumatlar əldə edirik. Hətta ofisimizdə bunlardan bir neçəsinin nümunəsi də var”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Ukraynada müharibə getdiyi üçün hazırda Azərbaycana duz idxal olunmur. Bununla belə, müsahibimiz qeyd edib ki, bazarda Ukraynadan gətirildiyi iddia edilən duzların satışına da rast gəlinir: “Onun üzərində guya Ukraynada istehsal olunduğu, markalandığı və yodlaşdırıldığı barədə məlumatlar əks olunub. Əslində isə elə deyil və daha çox İran duzuna oxşayır. Bu da onu göstərir ki, İran ölkəmizə “Ukrayna məhsulu” adı ilə saxta duz idxal edir. Ofisdə başqa bir istehsalçıya məxsus duz da var. İstehsalçı naməlum mənbədən gətirdiyi duzu “yodlaşdırılmış məhsul” kimi satışa çıxarır, amma tərkibində 1 faiz də olsun yod yoxdur. Bazarda yerli duz göllərindən yığılmış və üzərinə “Yodludur” sözü yazılmış, əslində yod olmayan digər duz məhsullarının da satışı təşkil olunur. Bundan başqa, şampunlar, İrandan gətirilmiş, üzərində Azərbaycan dilində məlumatlar olmayan və tərkibində təhlükəli maddələr olan yuyucu vasitələr və digər naməlum məhsullar satılır”. Qeyd edək ki, son vaxtlar mətbuatda və sosial şəbəkələrdə saxta düyü məhsullarının satılması ilə bağlı məlumatlar və videogörüntülər dolaşmaqdadır. Bu məlumatları təkzib edən Eyyub Hüseynov Azərbaycanda süni düyü məhsullarının satılmadığını və ölkəyə belə bir məhsulun daxil olmadığını bildirib: “Dünyada belə bir texnologiyadan istifadə olunur, amma ölkəmizdə buna icazə verilmir. Bizdə hər düyünün öz dəmləmə xüsusiyyətləri var. Əgər düyü düzgün dəm almırsa, o dəqiqə bunu bəzi dövlət qurumlarınınn boynuna yıxırlar ki, gətirdiyiniz məhsullar keyfiyyətsiz, yaxud da saxtadır. Kim belə bir halla qarşılaşırsa və aldığı düyü sünidirsə, ofisimizə yaxınlaşsın. Əgər bizim laboratoriyada məhsulun saxta olduğunu görsək, həmin şəxsə 100 manat verəcəyəm. Yaxşı olardı ki, əhali az təmizlənmiş düyü məhsullarına üstünlük versin. Parıldayan və cilalanmış düyünün qidalılığı az olduğu üçün almasınlar. Nisbətən sarı və yerli düyü yaxşı məhsul sayılır”. Bütün qida məhsullarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında satışa çıxarıldığını deyən AİB sədri bildirib ki, xaricdən ölkəyə heç bir məhsul daxil olmur: “Saxta məhsul ona deyirlər ki, hansısa şirkətin nişanı ilə başqa məhsulu satışa çıxarırlar. Bu da saxta məhsul adlanır. AQTA yalnız məhsulların təhlükəsizliyinə cavabdehlik daşıyır. Ölkədə məhsulun keyfiyyətinə məsul olan dövlət orqanı isə hələ də yoxdur”. Onun sözlərinə görə, rəhbəri olduğu quruma Ukraynadan və Rusiyadan gətirilən ət məhsullarının tərkibi və keyfiyyəti ilə bağlı istehlakçılardan çoxlu suallar daxil olur: “Məlumdur ki, ölkə əhalisinin çoxu xaricdən gətirilən ət məhsullarına üstünlük verirlər ki, bununla da çox böyük səhvə yol verirlər. Yerli ət məhsulları isə daha ekoloji təmiz və istehlaka yararlıdır. Yaxşı olardı ki, istehlakçılar ət alarkən üzərindəki etiketlərə və nişanlara etibar etməsinlər”. Belə bir sual yaranır: Əgər AQTA istehlak bazarına nəzarət edirsə, o zaman belə məhsullar hansı yollarla satışa çıxarılır? Bu məhsulların kənardan gətirilmədiyini söyləyən ekspertin sözlərinə görə, onlar ölkə daxilində, hətta Bakıda hazırlanırlar: “Düz deyirsiniz, gərək AQTA bu məsələyə də nəzarət etsin, amma təəssüf ki, qurumun nəzarətindən yayınan belə hallar da baş verir”.
Dünyada heç kim silahdan şərə qarşı ukraynalılar qədər effektiv istifadə etmir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib. “Rusiyanın hər bir hücumundan Ukrayna və bütün dünya açıq-aydın bir nəticə çıxarır: Rusiya şər yolu ilə sona qədər, daha doğrusu, öz məğlubiyyətinə qədər getmək istəyir. Çünki şərin məğlubiyyətdən başqa bir sonu olmur və olmayacaq. Dünya görməlidir ki, terror məğlub olur”, - deyə dövlət başçısı bildirib.
"Bu gün Ukrayna hava hücumundan müdafiə sistemlərinin Rusiya üzərində qələbəsi günüdür..." "HHM qüvvə və vasitələrilə bütün raketlər məhv edilib, yüzlərlə, bəlkə də minlərlə Kiyev sakininin həyatı xilas edilib..." Ukraynanın paytaxtı Kiyev bazar günü səhər raket atəşinə məruz qalıb. Sozcu.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko özünün "Telegram-kanal"ında şəhərin mərkəzində partlayışlar haqqında yazıb və kiyevliləri sığınacaqlarda qalmağa çağırış edib. Obolonsk rayonunda raketin qalıqları yolun hərəkət hissəsinə düşüb. Podolsk rayonunda (bu, şəhərin mərkəzidir) qalıqların düşməsi nəticəsində ikimərtəbəli binanın damı yanmağa başlayıb. Yanğın lokallaşdırılıb. Bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Bir müddətdən sonra Desnyansk rayonunda (paytaxtın sol sahil hissəsidir) partlayışıar baş verib. Kliçkonun dərc etdiyi fotoşəkildə Rusiyanın döyüş sursatının yolun hərəkət hissəsinə düşməsi görünür. Xilasetmə-yanğın xidmətləri raketlərin alışan qalıqlarını söndürməklə məşğuldur, o, şərh edib. "Bu gün Ukrayna HHM-nin Rusiya üzərində qələbəsi günüdür", - bunu Kiyevdə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenko deyib. O, güman edib ki, Rusiya Ukraynaya "İsgəndər" və "Kinjal" ballistik raketlər buraxıb, onlar müttəfiqlərimizin verdiyi "böyük hündürlükdə Qərbin müasir HHM vasitələri ilə" vurulub. "Bu gün Kiyevin yüzlərlə, bəlkə də minlərlə sakinlərinin həyatı xilas edilib", - Geraşşenko qeyd edib. Müxbirin rusiyalıların Kiyevə hücumlarının nə qədər davam edəcəyi barədə sualına cavabında ukraynalı məmur əmin edib: "Nə qədər ki, Putin sağdır, bu, davam edəcək". "Müharibənin başa çatdırılmasının ən yaxşı yolu Putinin fiziki cəhətdən aradan götürülməsidir", - o, əlavə edib. USQ Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib ki, Rusiya Ukraynaya "İsgəndər" operativ-taktiki raket kompleksləri ilə hücum edib. "Ballistik trayektoriya ilə uçan raketlərdən istifadə edilib, onlar kifayət qədər tez uçub gəlir. İlkin məlumata görə, bunlar "İsgəndər"lər olub. Onlar müxtəlif modifikasiyadadır. "İsgəndər-M" ballistik, "İsgəndər-K" qanadlı raketdir. Hansı növ silahın istifadə edilməsi barədə sonradan məlumat veriləcək", - İqnat məlumat verib. Bu zaman spiker istisna etməyib ki, rusiyalılar ballistik trayektoriya ilə uçan C-300 və C-400 zenit raketlərini tətbiq edə bilərdi. İqnatın sözlərinə görə, Rusiya Kiyevə şimal istiqamətindən hücum edib. "Haradan hücum edilməsi barədə sonradan məlumat veriləcək. C-300 də, C-400 də, "İsgəndər"lər də yerdə olan komplekslərdir...Bu dəfə yerüstü qurğulardan zərbələr endirilə bilərdi", - o, əlavə edib. Sonradan USQ Baş komandanı Valeri Zalujnı "Telegram-kanal"da məlumat verib ki, HHM sistemləri vasitəsilə Rusiyanın bütün raketləri vurulub. "Şimal istiqamətdən cəmi 11 "İsgəndər-M" və "İsgəndər-K" raket buraxılıb. Hava hücumundan müdafiə sistemlərinin qüvvə və vasitələrilə bütün hədəflər məhv edilib", - Zalujnı deyib.
Xəbər verildiyi kimi Suraxanı rayonu Hövsan qəsəbəsində ötən gecə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza qəsəbə gedən yolun Qum adası istiqamətində baş verib. “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan ana, uşaq və nənəni vurub. Hər üç nəfər zərbənin təsirindən hadisə yerində ölüb. Hadisənin baş verməsinə səbəb sözügedən yolda quraşdırılan işıq dirəklərinə hələ də elektrik enerjisinin verilməməsidir. Sürücülər gecə saatlarında həmin yoldan rahat və təhlükəsiz istifadə edə bilmir. Elə bu səbəbdən də demək olar ki, hər gün magistral yolda bədbəxt hadisələr yaşanır. Aidiyyəti qurumun məsələ ilə bağlı ard-arda vədləri sürücü və sərnişinləri əməlli-başlı təngə gətirib. Sürücülər indi də yol boyu qoyulan işıq dirəklərinin işıqlandırılacağı günü gözləyirlər. Qeyd edək ki, Bizim.Media təmir olunan Zığ-Hövsan yolunun işıqlandırılmaması problemini təxminən 20 gün əvvəl gündəmə gətirmişdi. Sürücülərin şikayəti əsasında aktuallaşdırılan məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli təkrar olaraq bildirmişdi ki, işıqlandırma qoşuludur, sadəcə ərazidə müəyyən texniki problemlər olduğu üçün məsələ gecikir. Texniki problem isə yaxın vaxtlarda aradan qaldırılacaq və işıqlandırma yenidən bərpa olunacaq. Göründüyü kimi, heç nə dəyişməyib, əksinə problem gündən-günə dərinləşir. Vaxtaşırı avto-qəzaların və ölüm hallarının baş verməsi o yoldan istifadə edənləri ciddi narahat etməyə başlayıb. 8 ilə inşa olunan 18 kilometrlik yolun istifadəyə tam olaraq yararlı olması isə uzana-uzana gedir. Sadəcə magistral yolun asfaltlanması işləri başa çatan bu yolda işıq olmadığı üçün yerüstü piyada keçidlərindən də istifadə etmək mümkün deyil. Baxmayaraq ki, aidiyyəti qurum hələ ötən ilin dekabrından Hövsan-Zığ yolunun təmirinin tam olaraq yekunlaşdığını elan edib. Maraqlıdır, bəxti açılmayan bu yol nə qədər can almalıdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətə keçsin? Xatırladatmaq yerinə düşər ki, Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri maliyyə vəsaiti ayrıldıqca aparıldığı üçün iş ləngiyib. Bu ilin əvvəlindən isə magistral yol istifadəyə verilib. Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb. İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla həmin yolun əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb. Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb. Ötən ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Sonuncu dəfə isə ötən il oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb. Beləliklə, sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılıb. Problem həllini tapana kimi məsələni aktuallaşdıracağıq... demokrat.az
ABŞ Prezidenti Co Bayden Rusiyanın qeyri-strateji nüvə silahlarını Belarus ərazisinə daşınmasına son dərəcə mənfi yanaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.