Rusların olduğu bazada partlayış baş verdi

Berdyansk şəhərində rus hərbçilərinin yerləşdiyi “Roza” istirahət bazasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Pyotr Andryuşenko məlumat verib. “Berdyanskda saat 01:40-da güclü partlayış baş verdi. Partlayış hətta 50 km aralıda yerləşən Urzuf kəndində belə eşidilib”, - Andryuşenko bildirib.

Ən yüksək bal toplayan abituriyent bu universiteti seçdi

Dövlət İmtahan Mərkəzinin (DİM) 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini seçir. Sozcu.az xəbər verir ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır. Cavid Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.

Ukrayna ordusu son sutkada Rusiyanın 30 "Shahed" PUA-nı məhv edib

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsalı olan 30 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya ordusu gecə boyu ümumilikdə 33 PUA ilə Ukrayna ərazisinə hücum edib. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusların qorxulu yuxusu olacağıq - Budanov

Ölkədə “Ölməz komandirlərin xüsusi dəstəsi” yaradılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. “Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. “Ölməzlər dəstəsi” Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq”, - o bildirib.

Avropalı deputatlar Azərbaycan-Ermənistan sərhədinə GƏLİR

Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-22-də baş tutacaq. Səfər zamanı Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyəti İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq niyyətindədir. Həmçinin hökumətdə və parlamentdə görüşlər keçirmək nəzərdə tutulub.

Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub. Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.

Ruslar cəbhə xəttindən qaçırlar – Ukrayna

Luqansk vilayətinin işğal olunmuş ərazilərində ruslar cəbhə xəttindən qaçırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda qeyd olunub. Məlumata görə,Novorassoş yaşayış məntəqəsi yaxınlığındakı meşə massivində fərarilərin axtarışlarına başlanılıb. Axtarışlarla Rosqvardiyanın əməkdaşları məşğul olur. Ukrayna Baş Qərargahının spikeri Aleksey Qromov bildirib ki, təkcə Luqansk vilayətində gündəlik 50-dək fərari saxlanılır.

“Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox” - Xalq artistinin fiqura söhbətinə cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışı geniş müzakirələrə səbəb oldu. Bəziləri çoxuşaqlılığın tərəfini tutdu, bəziləri bunun qadını robot olaraq görmək olduğunu iddia etdi.  Xalq artisti Afaq Bəşirqızı da açıqlamasında  çoxuşaqlı ailələrin tərəfdarı olduğunu qeyd etdi və bəzi qadınları sərt şəkildə qınadı: "Fiqura qorumaqla ailə olmur. Onlara "ailə” deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər". Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ailələrin çoxuşaqlı olmasındansa, az uşaqla daha yaxşı tərbiyə və təhsilin verilməsinin tərəfdarıdır: "Ailə quruculuğu deyə bir şey var. Əgər ailə 5 uşağı saxlaya biləcəksə, onda bu qədər uşaq dünyaya gətirə bilər. 1-2 uşağı dünyaya gətirib ona mükəmməl tərbiyə, təhsil verib, mükəmməl şəkildə cəmiyyətə qazandırmaq daha vacibdir. Yoxsa dünyaya 5 uşaq birdən gətirib işsiz vəziyyətdə onları yetim kimi saxlamaq hesab edirəm ki, düzgün deyil.  Bu məsələyə fiqura söhbətinin isə aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti onsuz da hər zaman çoxuşaqlı olmağı sevib. Əvvəllər hətta ziyalı ailələrdə də minimum 4 uşaq olub. Sadəcə olaraq bu gün 4-5 uşağa baxmaq çətindir.  Biz ayağımızı öz yorğanımıza görə uzatmalıyıq ki, sabah cəmiyyətə yiyəsiz uşaqlar verməyək. Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqlar onsuz da Vətənə fayda verməyəcək. İndi isə belə uşaq böyütmək həm də maddi baxımdan çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə  verə bilər. Amma kimin imkanı varsa, 5 uşağı saxlaya biləcəksə, onlar uşaq sahibi olmalıdır. Əgər baxa biləcəksənsə, əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Yenə qeyd edirəm ki, bunu bacaran etməlidir". Ekspert uşaqpulu məsələsinə də toxunub: "Uşağına təhsil verib  yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur.  Əgər dövlət də uşaqpulu verəcəksə, bu da gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, sözsüz ki, bu ailələrin çoxalmasına dəstək verə bilər".

Qaradağda milyonluq abadlıq və yol təmiri - Süleyman Mikayılovun sevimli şirkətləri yenə qalib oldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.  Sozcu.az xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir. "Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.  "Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.  Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.  Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir. (qaynarinfo)

Düşmən Naxçıvana atəş açdı, Ordumuz tədbir görür

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.

Hərbçimizi yaralayan 2 snayper məhv edildi

Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Sozcu.az xəbər ki, 15 iyun 2023-cü il tarixdə Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralamış Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

"Laçın" postu atəşə tutuldu: hərbçimiz yaralandı - Rəsmi

09:40 Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib. Nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir. Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər. *** 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.