Zelenskinin formulu üzərində işləyirik - Bayden

ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin “sülh formulu” əsasında münaqişənin həlli yollarını tapmaq üçün Kiyev nümayəndələri ilə daim işləyir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. “Sülhə gəlincə, bizim hamımız onu istəyirik. Hər şeydən çox isə ukraynalılar istəyir. Mənim komandam sülh formulu və “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipi üzərində prezident Zelenskinin komandası ilə sıx əməkdaşlıq edir. Onlarla daima görüşürük”, - Bayden bildirib.

BMT Nigerdə üsyançılarla danışıqlar aparmaq üçün xüsusi nümayəndə göndərir

BMT Baş katibi Antoniu Quterreş Nigerə siyasi böhranın sülh yolu ilə həlli üçün xüsusi nümayəndə göndərir. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib. Xüsusi nümayəndə Santos Simao tezliklə Nigerin paytaxtı Niameydə olacaq. Orada o, dövlət çevrilişinin təşkilatçıları ilə görüşəcək Simao onları Nigeri konstitusiya nizamına qaytarmağa və Bazumu azad etməyə çağıracaq. Dujarrikin sözlərinə görə, Santos Simao ECOWAS və digər maraqlı tərəflərlə daimi əlaqə saxlayır.

Rusiyanın itkiləri 257 minə yaxınlaşır

Ukrayna müharibənin 541-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 510 hərbçi, 4332 ədəd tank, 8410 ədəd zirehli döyüş maşını, 5193 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7658 ədəd avtomobil texnikası, 4276 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Baxmutda Rusiya helikopteri məhv edildi

Rusiya ordusuna məxsus K-52 helikopteri məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb. Məlumata görə, helikopter Baxmut istiqamətində vurulub.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qəzaya düşən blogerin son durumu açıqlandı

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir.

Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib.

Ev sahibini döyərək öldürən kirayəçilər məhkəmə qarşısında

Tovuzda ev sahibini döyərək öldürməkdə təqsirləndirilən Aynaz Alıyeva və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib. Qeyd: Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub. İlkin araşdırma zamanı evdə kirayə qalan 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın evdə yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta əşya ilə vurması nəticəsində 71 yaşlı qadının aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev şübhəli şəxs qismində tutulub.

F-16 Rusiyanın bütün aviasiyasını məhv edəcək

Əgər Ukrayna bir neçə yüz F-16 qırıcısı və bir neçə yüz uzaq mənzilli ATACMS raketi alarsa, müharibə həftə ərzində başa çata bilər. Sozcu.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib. “F-16 fantastik şeydir. Bunlar uçan hava hücumundan müdafiə platformalarıdır. Bu təyyarələr Qara dəniz ərazisi üzərində görünəndə cənub limanlarına edilən bütün bu hücumlar dərhal dayandırılacaq. Bundan əlavə, bu, hücum silahıdır. F-16-lar eyni Engelsə (Rusiyanın Saratov vilayətindəki aviabazası) çata və Rusiyanın bütün strateji aviasiyasını məhv edə bilərlər”, - politoloq bildirib. Onun sözlərinə görə, müharibə Ukraynan bu silahları istifadə etmədən də başa çata bilər, əsas odur ki, bunlar ölkəyə verilsin: “Mən əminliklə deyirəm ki, bu silahlardan istifadə olunmasa da müharibə bitəcək. Ruslar onun Ukrayna ərazisində olduğuna əmin olduqda, 24 iyun hadisələri (Priqojin qiyamı) ilə Rusiyanın hərbi-siyasi rəhbərliyində baş verən dağıdıcı proseslər məntiqi nəticəyə gətirib çıxaracaq. Bu raketlər və təyyarələr Ukrayna ərazisində və hava məkanında peyda olanda Kreml başa düşəcək ki, heç bir ümid yoxdur, Putin müqavimət göstərsə, sadəcə olaraq onu uzaqlaşdıracaqlar”.

Qarabağdakı erməni kəndlərinə silah daşınır - Separatçılar müharibəyə hazırlaşır?

“Laçın istiqamətində Ermənistanla sərhəd-keçid məntəqəsi qurulandan sonra qarşı tərəfdən hər hansı bir hərbi kontingentin Qarabağa keçid imkanları birmənalı olaraq məhdudlaşdırılıb. Ermənistanın artıq belə bir şansı yoxdur”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.  O, “Caliber” nəşrinin Qarabağa silah daşınması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib. R. Məmmədli hesab edir ki, 10 noyabr 2020 bəyanatından sonra Qarabağa silah daşınıb: “Hətta DTX rəisinin müavini Ceyhun Şadlınskinin ötən ilin oktyabrında bununla bağlı məlumat xarakterli açıqlaması olmuşdu. Bundan sonra ekoloqların aksiyası, eləcə də Laçın ərazisində sərhəd-keçid məntəqəsinin qurulması prosesi məhdudlaşdırıb. Yəni Ermənistan ərazisindən artıq Qarabağa hərbi texnikanın gətirilməsi mümkün deyil. Mən “Caliber”in bu informasiyanı hansı formada əldə etdiyini, yaxud Qarabağa silahların hansı formada daşındığını bilmirəm. Lakin ola bilər ki, onlar daxildəki yerdəyişməni nəzərdə tutsunlar”.  Müsahibimiz aydınlaşdırıb ki, Qarabağ ərazisində Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun bölmələri hələ də xidmət aparır: “Hətta erməni separatçılarına məxsus hərbi birləşmələr də mövcuddur ki, onlarda orada xidmət aparırlar. Ola bilsin ki, “Caliber” bunu, yəni mühəndis-istehkam işlərinin, eləcə də yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutub. Çünki praktiki olaraq Qarabağa silah daşımaq hazırda mümkünsüzdür”. 

Vasif Talıbov məhkəməyə verilir

Naxçıvanda fəaliyyət göstərən və bütün varidatı zorla əlindən alınan Türk iş adamı Əli Sərdar Oba Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu məhkəməyə verməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ovqat.com-a məlumatı iş adamının özü verib. Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğuna bu barədə müraciət edib və qurumdan rəsmi şəkildə Vasif  Talıbovu "məhkəməyə ver” razılığı alıb.  İş adamı iddiasının rəsmi dəlili kimi Baş Prokurorluqdan ona göndərilən məktuba istinad edir. Məktubda yazılır ki, iş adamının şikayətinə Baş Prokurorluğun İstintaq idarəsində baxılmış, Cinayət Məcəlləsinin 179 3.1, 308.2. 311 3.1,  311. 3.2, 311. 3. 3 və 311 3.4-cü maddələri ilə ibtidai istintaq aparılmış, 232006021 nömrəli cinayət işinə əlavə edilmişdir. İbtidai istintaq zamanı iş adamının müraciətindəki xüsusatların mülki xarakterli olduğu təsbit olunmuş və aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Ali Sərdar Obanın iddiasına görə, Vasif Talıbov ona 13 milyon 700 min dollar borcludur. Baş Prokurorluqdan göndərilən məktubda isə dollar yanlışlıqla manat olaraq göstərilib.

Rusiyanın bu şəhərində bina üzərindəki elektron lövhədə Putinə ağır söyüş yazıldı...-FOTO

Rusiyanın Tümen vilayətinin Surqut şəhərində yerləşən "SİA-PRESS" xəbər agentliyinin binasının fasadındakı elektron lövhədə Putinə ədəbsiz müraciət olan hərəkətli yazı xətti peyda olub. Sozcu.az  "UNİAN"xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə yerləşdirilib. Müraciət müəllifləri Rusiya rublunun bir dollar üçün 100 vahidə düşməsindən hiddətlənib. “100 rubldan dollara? Putin "tı ...yel, tı ..ylo i vor"!"("Putin sən......... oğrusan?") "SİA-PRESS" xəbər agentliyi dərhal bunun təxribat olduğunu bildirib. “Vəziyyət bizim üçün xoşagəlməz, gözlənilməz və  hiddətləndiricidir, orada yerləşdirilən təxribat xarakterli mesajlar dərhal silinib”, - deyə agentlik rəhbərliyi yazıb. Bina sahiblərinin dediyinə görə, Rusiya liderinə söyüşlü müraciət xüsusi olaraq yay festivalı günü, onun yanından çoxlu sayda insanın keçdiyi vaxt yayılıb. Rusiyada rublun çöküşü haqda son xəbərlər... Xatırladılır ki, Rusiya rublu inkişaf etməkdə olan bazarlar arasında ən pis valyutalar üçlüyündə нук фджи. Ötən gün o, üçrəqəmli həddi keçib. Eyni zamanda, Rusiya hökumətinin başçısı Mixail Mişustin həyasızcasına deyir ki, onların iqtisadiyyatı guya uyğunlaşıb və “kifayət qədər sabit artım nümayiş etdirir”. Rusiyalı təbliğatçı Vladimir Solovyov canlı yayımda gileylənib ki, artıq xaricdə Rusiyaya gülürlər.