Tramp: ABŞ ərazisini genişləndirməyə çalışacaq və Marsa bayraq sancacaq

ABŞ ərazisini genişləndirməyə və Marsı tədqiq etməyə çalışacaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib. “Birləşmiş Ştatlar bir daha özünü böyüyən, rifahını artıran, ərazisini genişləndirən, şəhərlər salan, ümidləri ilhamlandıran, amerikalı astronavtları göndərməklə bayrağını Mars planetinə qədər yeni üfüqlərə daşıyan, öz taleyinin ardınca gedən bir dövlət kimi görəcək", - Tramp bildirib.

Bakıda yumurta qəhətə çəkildi

Artıq iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşanır. Sozcu.az xəbər verir ki, cəm iki gün əvvəl 7-8 qəpiyə, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılan yumurta qəhətə çəkilib. Bununla bağlı müxtəlif şayiələr yayılır. Bildirilir ki, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar. İndi isə iki gündür marketlərə yumurta gətirilmir. Süni yaradılan böhranın məqsədi isə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurtanın qiyməti 20 qəpiyə qədər bahalaşacaq./publika.az

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1061-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 818 740 hərbçi, 9 811 ədəd tank, 20 412 ədəd zirehli döyüş maşını, 22 055 ədəd artilleriya sistemi, 1 262 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1046 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 34 401 ədəd avtomobil texnikası, 22 615 ədəd PUA, 3051 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.

Hərbi xidmətə çağırış yaşı 21-ə qaldırılır? – Açıqlama

Hər ölkədə hərbi xidmətə çağırış yaşı, xidmət müddəti və qaydaları fərqlidir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən edilib. Zaman-zaman 18 yaşın az olduğu, 20-21 yaşa qədər artırılması ilə bağlı təkliflər irəli sürülür. Məsələn, Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir. Bizdə də bu yaşın qaldırılması mümkündürmü? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov gələcəkdə bu məsələyə baxıla biləcəyini deyib. Onun sözlərinə görə, bizdə də hərbi xidmətə çağırış yaşının artırılması mümkündür: “Azərbaycanın xidmətkeçmə haqqında öz qanunu var. Onun əsasında 18 yaşlı oğlanlar əsgərliyə çağırılır. Təbii ki, gələcəkdə Azərbaycan artıq peşəkar orduya keçəcək. O zaman isə 18 yaşlı əsgərin xidmətinə demək olar ki, ehtiyac olmayacaq. Çünki bizdə bu gün 22-25 yaşlı gənclər var, hansı ki, onlar çox böyük həvəslə orduda xidmət etmək istəyirlər. Çox güman onlara üstünlük veriləcək. Müharibə bitib, hər şey qaydasındadır. Artıq peşəkar orduya üstünlük vermək lazımdır”.

Hökumənin ailəsinin aldadılmasına “Kapitalbank”dan CAVAB - 80 minlik fırıldaq

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Məsələ ilə əlaqədar “Kapitalbank”-dan Sozcu.az-a bildirilib ki, dələduzluq faktı ilə bağlı araşdırma başladılıb: “Mövzu ilə bağlı araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı mətubata məlumat veriləcək”. Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

"Dqr"çilərin məhkəməsi: İttihamı 6 prokuror müdafiə edir

Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimirinin və Vardanyan Ruben Karlenoviçin məhkəməsidir. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb. Sozcu.az-ın məlumatına görə, məhkəmədə dövlət ittihamını aşağıdakılar müdafiə edir: Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev; Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev; Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev; Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

5 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya olunur

Rusiyanın Stavropol diyarının Predqornı rayon məhkəməsi Rusiya miqrasiya qanunvericiliyini pozan 6 əcnəbiyə qarşı inzibati işlərə baxıb. Sozcu.az yerli mediaya istinadla bildirir ki, onların arasında beş Azərbaycan və bir Özbəkistan vətəndaşı da var. Qeyd olunur ki, miqrantlar ölkədə icazə verilən qalma müddətini keçib və xarici vətəndaşların hüquqi statusu haqqında federal qanunu pozaraq, Rusiya Federasiyasının ərazisini vaxtında tərk etməyiblər. Məhkəmə iclası zamanı bütün təqsirləndirilən şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsinin tələblərini pozmaqda təqsirli olduqlarını bildiriblər. Məhkəmə onları cərimələyib və barələrində Rusiyadan deportasiya qərarı çıxarıb. Məhkəmə qərarları hələ qanuni qüvvəyə minməyib.

İsraillə HƏMAS atəşkəs sazişi İMZALADI

HƏMAS və İsrail Qəzza zolağında atəşkəs sazişi imzalayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekekanalı məlumat yayıb. Kanalın mənbələri qeyd edib ki, bütün tərəflər Qəzza zolağı ilə bağlı sazişi imzalayıblar. Məlumata görə, sənədə yekun düzəlişlər edilib.  Bildirilir ki, İsrail cümə axşamından etibarən Qəzza zolağına hücumları azaltmağa söz verib. Müqavilə üç mərhələdə həyata keçiriləcək. Altı həftə davam edəcək birinci mərhələdə İsrail qoşunların anklavdan tədricən çıxarılmasına başlayacaq. HƏMAS bütün qadınlar, uşaqlar, 55 yaşdan yuxarı kişilər və iki ABŞ vətəndaşı da daxil olmaqla 33 nəfəri azad edəcək. Birinci mərhələnin başlamasından sonra on altıncı gündə sazişin ikinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqlara başlanılacaq. Onun çərçivəsində qalan israilli məhbusların azad edilməsi və daimi atəşkəs nəzərdə tutulur. İsrail qoşunlarını tamamilə çıxaracaq, həmçinin mindən çox fələstinli məhbusu azad edəcək. Üçüncü mərhələdə tərəflər ölənlərin cəsədlərini dəyişdirəcək, Misir, Qətər və BMT-nin nəzarəti altında olan Qəzza zolağında yenidənqurma işlərinə başlanacaq.

Qarabağdan qaçan ermənilərin komandirinə iş kəsiləcək

Qondarma “artsax ordusu”nun keçmiş “komandiri” Cəlal Arutyunyan təqsirli bilinib. Sozcu.az xəbər verir ki, hakim Qarik Abelyanın sədrliyi ilə Sünik (Zəngəzur) vilayətinin ümumi yurisdiksiya məhkəməsi Arutyunyanı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilib. İttihama görə, o, 12 oktyabr 2020-ci il tarixində elan edilmiş hərbi vəziyyət dövründə komandir kimi xidmətə səhlənkar münasibət göstərib. O, xidməti vəzifələrini lazımınca yerinə yetirməməkdə, onlara qarşı vicdansız və səhlənkar münasibətdə, səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Cinayət işinin materiallarına görə, Azərbaycan ordusunun D-20 diviziyasına hücumu zamanı komandanlıq Cəlal Arutyunyanın müavini, artilleriya rəisi Gennadi Baqdasaryanla əlaqə saxlayıb və bu barədə məlumat verib, lakin Cəlal hadisəyə laqeyd yanaşıb.

Onlar Trampın şam yeməyindən imtina etdi

Amerikanın keçmiş liderləri Bill Klinton, Corc Buş və Barak Obama yanvarın 20-də Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Obama və Klinton artıq şam yeməyinə dəvət alıb, lakin iştirak etməyi planlaşdırmırlar: “Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib”. Buşun nümayəndələri isə qeyd ediblər ki, keçmiş liderin dəvət almasından xəbərsizdirlər.

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”larının ölkədə olduğunu təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a qurumun mətbuat xidmətindən məlumat verilib. "Braziliyadan Qazaxıstana gətirilən “qara qutu”ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən də öyrənilir", - nazirlikdən bildirilib. Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Göygöldə 8-ci sinif şagirdini bıçaqlayan yeniyetmə SAXLANILDI

Göygöl rayonunda 8-ci sinif şagirdinə xəsarət yetirən yeniyetmə tutulub. Sozcu.az xəbər verir ki, məlumata görə, hadisə zamanı 2010-cu il təvəllüdlü İ. Hüseynov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Məhərrəmov saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.