“Lukoil”in vitse-prezidenti intihar etdi

“Lukoil” şirkətinin vitse-prezidenti Vitali Robertus öz kabinetində intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb. Bildirilib ki, Robertusun cəsədi “Lukoil”un Moskvanın Sretenski bulvar küçəsində yerləşən ofisində tapılıb. Qeyd olunub ki, Robertus bir müddət zənglərə cavab verməyib. Şirkətin böyük prezidenti Oleq Paşayev Robertusun ofisində olmasına baxmayaraq, telefon zənglərinə cavab verməməsindən narahat olub və onun otağına gedib. Paşayev içəri keçib, Vitali Robertusun tualetdə iplə asılmış meyitini aşkar edib. Qeyd edək ki, şirkət Robertusun qəfil vəfat etdiyi barədə martın 12-də məlumat yayıb.(APA)

Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib

Özbəkistan və Qırğızıstanda analoji hadisəyə görə Qazaxıstan bu yaz quraqlıq təhlükəsi ilə üzləşib. Sozcu.az xəbər verir ki, bu barədə “TASS” Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin müavini Arsen Cakanbayevə istinadən məlumat yayıb. O izah edib ki, problem qonşu ölkələrin su ehtiyatlarına təsir edən quraqlıqdadır: “Qırğızıstanın Toktoqul su anbarında suyun həcmi ötən illə müqayisədə 300 milyon kubmetr azdır. Çirçik hövzəsində isə suyun həcmi ötən illə müqayisədə 100 milyon kubmetr azdır. Buna görə də daxil olan suyun miqdarı azdır. Cari il bu suyun olmaması səbəbindən problemlər yarana bilər”. Onun sözlərinə görə, ölkənin Türküstan və Qızılorda bölgələri risk altındadır. Artıq yerli hakimiyyət orqanlarına çəltik səpinini azaltmaq tövsiyə olunub. Belə ki, bu məhsul daha çox su tələb edir.

BMT Çaddakı sudanlı qaçqınlara ərzaq yardımını dayandıracaq

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) maliyyə çatışmazlığı səbəbindən aprel ayından Çaddakı düşərgələrdə olan yüz minlərlə sudanlı qaçqına yardımı dayandıracaq. "Report"un məlumatına görə, bu barədə qurumun xəbərində deyilir. "Sudanda davam edən böhran Çada humanitar yardım üçün kifayət qədər maliyyənin olmaması deməkdir. Ümumdünya Ərzaq Proqramının 1,2 milyon sudanlı qaçqına verdiyi yardım aprel ayında dayandırılacaq", - açıqlamada bildirilir. Proqram üçün 242 milyon dollar məbləğində ianəyə ehtiyacı olduğu qeyd edilir. BMT-nin məlumatına görə, minlərlə sudanlı qaçqın Çad sərhədindən Sudanın Darfur bölgəsinə keçməyə davam edir, yağışlı mövsüm yaxınlaşdıqca şərqi Çad və Darfurdakı düşərgələrə humanitar yardımların çatdırılması çətinləşəcək. Statistikaya görə, Sudanda münaqişə başlanandan bəri Çaddan təxminən 560 min qaçqın və daha 150 min repatriant gəlib. Bundan əlavə, Sudandan qaçqın axını Çadda onsuz da çətin olan ərzaq vəziyyətini çətinləşdirir. Bundan əvvəl Çadın keçid dövrü prezidenti Mahamat İdriss Debi İtno, Kamerun, Liviya, Niger, Nigeriya və Mərkəzi Afrika Respublikasından olan qaçqın düşərgələrinin yerləşdiyi ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı fövqəladə vəziyyət elan edib.

"Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır" - Qulu Məhərrəmli

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.  Mövzu ilə bağlı tanınmış media eksperti Qulu Məhərrəmli Moderator.az-a danışdı. Bildirdi ki, məsələnin bu dərəcə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, "düşük" şoulara nə aşağılar dözür, nə də yuxarılar: "Ona görə bu kimi tədbirlərin görülməsi vacibdir. Çünki televiziyanın auditoriyaya geniş təsiri var. Bu cür verilişlərin sayca çoxalması, orada qoyulan problemlərin az qala milli problem səviyyəsinə qalxması, ailə məsələlərinin müzakirəsi xalqın min illər boyu formalaşdırdığı dəyərlərin tapdalanmasını sükutla qarşılamaq olmur. Reaksiya normaldır, amma tədbir görmək çox önəmlidir. Veriliş açmaq, onu bağlamaq məsələnin inzibati həllidir. Bu şouların əksəriyyəti ona görə təşkil edilir ki, reklam bazarından pay götürsünlər, reytinqi artırsınlar və sair. Mənə elə gəlir ki, 10 il geriyə qayıdıb o dövrdə hazırlanan şouların portretini götürməliyik. Verilişlərdə elə məsələləri müzakirə etmək olar ki, bəli, onlar şou üçün aktualdır, ictimai əhəmiyyət daşıyır. Onların heç birində şəxsi, ailə, insan məsələsi, insanların həyatının lağ-lağıya çevrilməsi, onların təhqir olunması heysiyyatının tapdalanması yoxdur. Bunu düşünmək lazımdır. Televiziyada həm xəbər, həm serial, həm ciddi, ictimai müzakirələr olmalıdır. Yəni çox rəngarəng, çoxşaxəli auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır.  Əsas problem şou proqramlardadır, orada müzakirəyə çıxarılan problemlərdədir. Verilişlər birmənalı şəkildə o xətdən imtina etməlidir. Ucuz şou, sensasiya, insan taleyi, şəxsiyyətin alçalması, təhqir edilməsi, düşük, mənasız ssenariləşdirilmiş oyun epizodları yığışdırılmalıdır. Şou olanda nə olar ki, orada da ciddi problemlər qoyula və cəmiyyətə müəyyən mesajlar ötürmək olar. Sadəcə, normal mövzular seçmək və peşəkar yanaşmaq, yaxşı rejissoralı verilişlər etməklə vəziyyətdən çıxmaq olar. İllik olaraq televiziyalara müəyyən dərəcə maliyyə yardımı verilsin ki, düşük şouları yerinə yaxşı verilişlər hazırlansın".

"Rusiya və İsrailin silah satışı azalıb..."

"Rusiya tarixdə ilk dəfə olaraq silah ixracında ikinci yeri Fransaya verib..." "2019-2023-cü illərdə Avropaya silah tədarükü iki dəfə artıb..." Son beş ildə Rusiyanın silah satışı 53 faiz aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Stoqholm Beynəlxalq müharibə problemlərinin araşdırılması İnstitutunun məruzəsində deyilir. Qeyd edək ki, söhbət müdafiə ixracından deyil, konkret olaraq silah ixracından gedir. Burada təyyarələr, gəmilər, tanklar və digər zirehli texnika, zenit sistemləri və artilleriya (digər ölkələrdən modellərin modernləşdirilməsi üzrə sifarişlər daxil olmaqla) nəzərə alınır. Rusiya tarixdə ilk dəfə olaraq dünya silah ixracında ikinci yeri Fransaya verib, bu ölkə "Rafal" qırıcılarının ixracı hesabına reytinqdə irəliyə gedib. Onlar Amerika qırıcıları kimi o qədər də nüfuzlu hesab edilmir, lakin ərəb dünyası və Asiyada onları hindlilər, səudiyyəlilər, Əmirliklər, Misir və s. əldə edir.  Avropada "Rafal" qırıcılarını yanız xorvatlar və yunanlar alır, Avropa İttifaqının digər ölkələri "F-16s" və "F-35bs"-ə üstünlük verir. Silah ixracı həcminə görə dördüncü yerdə Çin, daha sonra Almaniya, İtaliya, Britaniya, İspaniya, İsrail və Cənubi Koreya qərarlaşıb. Rusiya 2019-cu ildə 31 ölkəyə silah ixrac edib, 2023-cü ildə belə ölkələrin sayı 12 rəqəm azalıb. Məruzəyə görə, Rusiya hesabat dövründə 78 döyüş təyyarəsi, 5 böyük döyüş gəmisi, 16 "yer-hava" sinfindən olan raket sistemləri, 464 tank və 8 vahid digər texnika ixrac edib. Rusiya silahının ən iri idxalçıları son beşillikdə Hindistan olub, bu ölkənin payına bu ixracın 34 faizi düşüb, daha sonra Çin (21 %) və Misir (7, 5 %) gəlir. Bütün bunlar Avropanın silahlandırılması fonunda baş verir. Bu qitəyə silah tədarükü 2019-2023-cü ilkərdə təxminən iki dəfə, 94 faiz artıb. Avropanın payına dünya silah ixracının təxminən üçdə bir hissəsi düşür. Bu regiona əsas silah tərarükçüsü ABŞ-dır, bu ölkə Avropa ölkələri tərəfindən alınan "müdafiə" silahlarının 55 faizini tədarük edir. Təəccüblü deyil ki, ABŞ-da silah ixracı 17 faiz, ümudünya silah bazarında onun payı 34 faizdən 42 faizə yüksəlib. 2019-2023-cü illərdə ABŞ  107 ölkəyə müharibənin aparılma vasitələrini tədarük edib. Bu, Amerika Hərbi-Sənaye Kompleksi üçün rekord rəqəmdir. Fransa silah ixracını 47 faiz artırıb. Parisin ən böyük alıcıları Hindistandır, bu ölkənin payına Fransa silah ixracının 30 faizi düşür. Fransa döyüş təyyarələrinin Qətər və Misirə tədarükü əhəmiyyətli tövhəsini verir. İsrail dünyanın 10 ən böyük silah ixracatçılarına daxildir, hərçənd, 2019-2023-cü illərdə müdafiə satışı aşağı düşüb. İsrail 18 döyüş təyyarəsi, 30 "yer-torpaq" sinfindən olan raket sistemləri, 19 tank, 45 vahid digər zirehli texnika, 95 artilleriya sistemi ixrac edib. İsraildən əsas silah sistemlərinin alıcıları Filippin, Mərakeş və Britaniyadır. Bu dövrdə Ukrayna Avropada ən böyük, dünyada dördüncü silah idxal edən ölkəyə çevrilib.  Bu silahların əhəmiyyətli hissəsi Kiyevı 2022-ci il fevralında Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlanandan sonra Kiyevə göndərilib. Son beş ildə müharibənin aparılma vasitələrinin dünyada ən böyük alıcısı Hindistan olub.

DTX: “Telegram”da dezinformasiya yayan şagird istintaqa cəlb olunub

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Dölət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir. Sənəddə qeyd olunur: Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapıb, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib. Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

Rus general-polkovnikin öldürülməsi xəbəri yayıldı

Sosial şəbəkələrin Rusiya və Ukrayna seqmentində Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski və rusiyalı hərbi jurnalist Yeqor Quzenkonun hərbi əməliyyatlar zamanı öldürülməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Sozcu.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov sözügedən məlumatların dəqiqləşdirildiyini bildirib. Qeyd edək ki, Rusiya tərəfi də hər hansı rəsmi açıqlama verməyib.

Ruslan Əliyev işdən çıxarıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.  Sozcu.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi sədrin müavini Azər Məmmədova həvalə edilib. “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı "oxu.az"a təsdiq edib. Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. 

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağa edilib

Litvada Rusiya dövlət qeydiyyat nömrələrinə malik avtomobillərdən istifadəyə qoyulan qadağa qüvvəyə minib. Sozcu.az xəbər verir ki, istisnalar diplomatik korpusun nəqliyyat vasitələrinə, Kalininqrad vilayətinə və oradan tranzit keçən nəqliyyat vasitələrinə aiddir. Bütün digər belə avtomobillər ya Baltikyanı respublikanın ərazisini tərk edib, ya da sahibləri onları Litvada yenidən qeydiyyatdan keçirməli olublar. Gömrük idarəsinin məlumatına görə, martın 10-na Litvada 50-yə yaxın Rusiya dövlət nömrə nişanlı avtomobil qalıb. Belə ki, bu nəqliyyat vasitələri müsadirə ediləcək və onların sahibləri 200 avrodan 6 min avroya qədər cərimə ediləcək. Kalininqrad vilayətinə və oradan tranzit keçən avtomobillər isə Litvada 24 saat qala bilər.

Zelenskidən Papaya cavab: Onları biz dayandırırıq!

Rusiya qatilləri Avropaya yalnız ona görə getmirlər ki, onları əllərində silah, mavi-sarı bayraq altında ukraynalılar dayandırırlar. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Roma Papası Fransiskin Ukrayna ilə bağlı təklifinə cavabında deyib. “Ukraynada bir vaxtlar evlərin və kilsələrin çoxlu ağ divarları var idi, indi onlar rus mərmiləri tərəfindən yandırılır və dağıdılır. Və bu, müharibəyə son qoyulması üçün kimin dayanmalı olduğunu çox gözəl deyir”, - deyə dövlət başçısı bildirib. Qeyd edək ki, Roma Papası Fransisk Ukraynaya “ağ bayraq qaldırmağı və danışıqlar aparmağı” təklif edib.

Rusiyanın daha bir nəhəng təyyarəsi məhv edildi

Rusiyanın Q.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə PUA hücumu nəticəsində A-50 kəşfiyyat təyyarəsinə ciddi ziyan dəyib. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb. “Taqanroq təyyarə zavodu və modernizasiya üçün orada olan A-50 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin səhər zərbələri nəticəsində məhv edilib. Bu məlumatı mənə təsdiqləyiblər”, - Qonçarenko bildirib. Ukrayna tərəfi rəsmi olaraq açıqlama verməyib.

Ələsgər Məmmədli ilə bağlı qərar verildi

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır.