Ermənistan sərhəddə dayaq məntəqələri qurur - Video

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - məlumatda vurğulanıb.

Musa Quliyev: Dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir

Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir: “Çünki uzun ömür artır. Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-cı ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur”.APA

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq - Saakaşvili

Ukraynanın qələbəsi tezliklə gələcək, bu, mütləq olacaq. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan videomüraciətində bildirib. "Mən Ali Radaya müraciət etmək istərdim. Belə çətin şəraitdə məni unutmadığınız üçün təşəkkür edirəm. Mən də sizin üçün darıxıram. Bu illər ərzində bir dəqiqə belə olmayıb ki, Ukrayna haqqında düşünməyim. Dəstəyinizə görə sizə çox minnətdaram, mən vətənpərvər və Ukraynanın minnətdar vətəndaşı olaraq qalıram və sizə demək istəyirəm: bizim qələbəmiz tezliklə gələcək, mütləq gələcək", - deyə Saakaşvili qeyd edib.

İtaliyada zəlzələ olub

İtaliyanın şimalında 5 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzinə verilənlərinə görə, yerli vaxtla 22:19-da qeydə alınmış zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri əhalisi 8 min nəfər olan Tolmedzo kommunasından 13 km cənub-qərbdə olub. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb. Xatırladaq ki, İtaliyada dağıntılara yol açmış sonuncu güclü zəlzələ 2016-cı ildə qeydə alınıb. O zaman 300-ə yaxın insan həlak olmuş, 400-dən çox insan yaralanmışdı.

Bu, epidemiya kimi bütün dünyaya yayılır - İnterpol

Mütəşəkkil cinayətkarlıq epidemiya kimi bütün dünyaya yayıla bilər və miqyası getdikcə artır. Sozcu.az xəbər verir ki, bunu İnterpolun Baş katibi Yurgen Ştok bildirib. “Mənim dünyanı mümkün mütəşəkkil cinayətkarlıq epidemiyası barədə xəbərdar etmək qərarım yüngül qəbul edilmir”, - Y.Ştok qeyd edib.

Qarabağda ermənilərə məxsus dayaq məntəqəsi aşkar olundu – Video

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd "Ural" və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib. Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir. Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.

BMT TŞ Qəzza ilə bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib. Sozcu.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 14 ölkəsinin hamısı qətnamənin lehinə səs verib. Yalnız ABŞ səsvermədə bitərəf qalıb.

Sabah rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

Mart ayının 26-da Azərbaycanda yağıntılı hava şəraiti müşahidə ediləcək. Sozcu.az xəbər verib ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Azərbaycan kəndlərinə girən erməni BELƏ HƏBS OLUNDU

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə birləşmə məlumat yayıb. Məlumata görə, birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur. A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib. Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan isə artıq bir müddətdir birləşmənin təxribat planları və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır. Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar. Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın əvvəlində Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı.

"Crocus City Hall"da ölənlərin sayı artdı: RƏQƏM...

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.  ***  Moskva vilayətində “Crocus City Hall”dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb. Bu barədə “112” teleqram kanalı məlumat yayıb. Məlumata görə, onlardan 3-ü uşaqdır. Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.  ***  Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda yaralıların sayı 183 nəfərə çatıb. Onlardan səkkizi uşaqdır. Bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Rusiya səhiyyə naziri Mixail Muraşko isə “Rossiya-24” telekanalına bildirib ki, xəstəxanalara 115 nəfər aparılıb və onlardan 61-nin vəziyyəti ağırdır. 

Moskva teraktı: Bir azərbaycanlı həlak oldu

Moskvadakı terror aktında həlak olanlardan biri azərbaycanlıdır. Sozcu.az xəbər verir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytında "Krokus Siti Holl"a edilən terror hücumunda həyatını itirənlərin adları açıqlanıb. Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

Rusiyanın istənilən hücumuna hazırıq - Makron

Qərb nə qədər lazımdırsa, Rusiyadan gələn hücum qarşısında Ukraynanı dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. “Mən strateji qeyri-müəyyənlik yaratmışam və getdikcə daha çox ölkə bunu dəstəkləyir. Biz artıq Ukraynanı sadəcə olaraq dəstəkləyəcəyimizi demirik, rəsmi şəkildə deyirik ki, lazım olduğu qədər intensiv şəkildə dəstəkləyəcəyik. O deməkdir ki, biz Rusiyanın həyata keçirəcəyi istənilən hücuma cavab verməyə hazırıq”, - Makron bildirib. Onun sözlərinə görə, Qərbdə çoxları Rusiyanın Ukraynada dayanmayacağına inanır: “Kim fikirləşirsə ki, Rusiya Donbas və Krımda dayanacaq, səhv edir. Hər kəs də bu fikri bölüşür. Prezident Co Bayden də bir neçə gün öncə də belə bir söz dedi. Ona görə də mən hər kəsi yaxşı düşünməyə çağırıram”.