SEPAH təyyarəsinin İrəvana nə daşıdığı bilindi

Xəbər verdiyimiz kimi, 29 mart-4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib. Sozcu.az xəbər verir ki, erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürdüyünü yazıb. Qeyd edək ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.

Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlanıb

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb. Sozcu.az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər. Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Raul Məmmədov “Report”a açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb. Hadisənin təfərrüatı araşdırılır.report

"Uşaqlara qarşı sosial şəbəkələrdə nalayiq hərəkət edənlərin cəzası sərtləşdirilməlidir"

"Son zamanlar insanlar "TikTok"dan gəlir əldə etmək üçün asan yollar fikirləşirlər. artıq zəhmət çəkib işləmək istəmirlər. Asan qazanc mənbəyi əldə etmək üçün övladlarını belə öz niyyətlərinə alət etməkdən çəkinmirlər". Bunu Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki,  bu kimi halları əvvəllər gənclərdə görürdük, indi isə cəmiyyətin az qala bütün yaş qruplarını əhatə edir: "Bu yolla həyatlarına davam etmək istəyirlər. Ətrafında bu cür insanları görənlərin meyili daha da artır. "TikTok" fenomenləri, blogerlərin hər biri bu işə minimum məbləğlə başlayıblar, indi isə maksimum gəlir əldə etmək səviyyəsindədilər. Bu yola necə davam ediblər, hansı mərhələlərdən keçiblərsə, hər biri gözümüzün qabağındadır. Özlərini rəzil edən, yerdən-yerə vuranlar da olub. Mümkün olan bütün rəzillikləri edərək gəlir əldə etmək iqtidarında olan insanlardır. Təəssüf ki, ətrafdan baxanlar onların rəzilliyini görmür, təkcə qazanclarını görür. Ona görə də meyillər artır. Məncə, cəzalar çox yumşaqdır. Xüsusilə Uşaqlara qarşı sosial şəbəkələrdə edilən nalayiq davranışların cəzası sərtləşdirilməlidir. Vətəndaş bilməlidir ki, uşağın məsuliyyəti tək valideyndə deyil.  Uşağa nəzarəti dövlət də həyata keçirir. Təhlükəsizliyinə birbaşa dövlət cavabdir”.

Aclıq və susuzluqdan ölən uşaqların sayı 31-ə çatdı

Qəzza zolağında aclıq və susuzluqdan ölən uşaqların sayı 31-ə çatıb. Sozcu.az xəbər verir ki, İsrailin mühasirəyə aldığı və yardıma girişi məhdudlaşdırdığı Qəzza zolağında qida çatışmazlığı səbəbindən ölüm halları artır. Fələstin Qızıl Aypara Cəmiyyətindən (FHKS) verilən açıqlamada aclıq və susuzluqdan həyatını itirən uşaqların sayının 31-ə yüksəldiyi bildirilib. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 50 mindən çox uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb. Açıqlamaya görə, İsrail martın 1-dən etibarən yardım missiyalarının 30 faizinin Qəzza zolağının şimalına girişini əngəlləyib. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında baş verən dağıntılarla bağlı açıqlama verib. Açıqlamaya görə, hücumlar nəticəsində bölgədəki evlərin təxminən 62 faizi dağılıb. Bəyanatda əhalinin 75 faizindən çoxunun köçkün olduğu bildirilib.

Rusiyada qubernator bıçaqlanıb

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis bıçaqlanıb. Sozcu.az xəbər verir ki, Çibis xəstəxanaya yerləşdirilib. Ona hücum edən şəxs isə saxlanılıb. Qubernator Andrey Çibis Apatitidəki “Stroitel” mədəniyyət mərkəzində vətəndaşlarla görüşdən sonra çölə çıxıb. Bu zaman naməlum şəxs qubernatorun yanına gələrək onu qarnından bıçaqlayıb. İlkin məlumata görə, Çibisin həyatı üçün heç bir təhlükə yoxdur. Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri hücumun səbəblərini araşdırır. İstintaq Komitəsindən bildirilib ki, Murmansk vilayətinin qubernatoruna hücum edən şəxs Rosqvardiya tərəfindən saxlanılan zaman yaralanıb. Rusiya "Telegram" kanalları Murmansk vilayətinin qubernatoruna hücum edən şəxsin Apatit şəhərinin sakini 42 yaşlı Aleksandr Bıdanov olduğunu açıqlayıb.apa

Kimlərə taksi fəaliyyəti ilə məşğul olmağa İCAZƏ VERİLMƏYƏCƏK?

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək. Sozcu.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər. “Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək”, - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.

Bakının mərkəzində maşın yandı, yolda sıxlıq yarandı

Mikayıl Useynov prospekti, “Dəniz Mall”ın qarşısında avtomobillərdən birində yanğın baş verib. Bu barədə Nəqliyyatın İntellektual İnkişafı Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən Lökbatan dairəsi istiqamətində yolda sıxlıq yaranıb.

Əhməd Əhmədovdan məhkəmədə SENSASİON etiraf – AİLƏMİ BUNA GÖRƏ ÖLDÜRDÜM!

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun ekspertiza rəyi hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə TV Müsavata istintaqdakı mənbələr bildirib. 3 həftə boyunca davam edən ekspertiza hələlik onun psixi durumu ilə bağlı yekun rəyə gələ bilmərib. Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. TV Müsavatın əldə etdiyi məlumata görə, Ə.Əhmədov məhkəmədə sensasion etiraflar edib. Belə ki, ilkin istintaqda danışmaqdan imtina edən və özünün gərgin psixoloji durumda olduğunu nümayiş etdirməyə çalışan Ə.Əhmədov məhkəmədə ailə üzvlərini məqsədli şəkildə qətlə yetirdiyini boynuna alıb. Buna səbəb kimi atasının ailəyə məxsus mənzili bacısına verməsini göstərib. Ə.Əhmədov məhkəmədə bildirib ki, Rusiyada yaşayan ərindən boşanaraq Bakıya gələn bacısı öncə valideynlərinə məxsus evdə, onlarla birgə yaşayıb, sonra isə atası ailəyə aid olan evlərdən birini bacısına verib. Ə.Əhmədovla valideynləri arasında ilk mübahisə o zaman başlanıb. Ə.Əhmədov bildirib ki, ailənin böyük oğlu olaraq buna qarşıdır və qız övladın, yəni, bacısının bu evlər üzərində heç bir haqqı yoxdur. Valideynləri ona da ayrıca ev aldıqlarını, hətta hazırda yaşadıqları evin də gələcəkdə Ə.Əhmədova veriləcəyini desələr də bu, onu sakitləşdirməyib. Ə.Əhmədov məsələni dəfələrlə bacısı ilə danışıb çözməyə çalışıb. Amma bacısı yaşca ondan böyük olduğunu və ərindən ayrıldığı üçün evsiz-eşiksiz qaldığını əsas gətirərək, ona bu məsələyə qarışmamasını söyləyib. Beləcə, bacı-qardaş arasında bir neçə dəfə ciddi münaqişə yaranıb. Valideynləri isə qızlarına əsla Əhmədlə bir araya gəlməməsini, onunla bu söhbətləri telefon xaricində etməməsini tapşırıblar. Amma qətldən bir gün öncə Ə.Əhmədov son sözünü atasına söyləyib və “mən bu işi burda qoymayacam” deyib. Ə.Əhmədovun məhkəmədəki bu etirafı isə onun ailəsini qətlə yetirməsinin məqsədli bir plan olduğunu üzə çıxarıb. Məhkəmədə Ə.Əhmədovun planlı şəkildə, intiqam məqsədilə ailə üzvlərini qətlə yetirdiyini etiraf etməsi istintaqın gedişinə də təsir göstərəcək kimi görünür. Belə ki, Ə.Əhmədov ifadəsində əsla “özümdə deyildim”, “necə oldu bilmirəm” kimi fikirlər səsləndirməyib. Ailə üzvlərini mərhələli şəkildə, bir-bir, ardıcıllıqla öldürməyi necə planlaşdırmışdısa, o cür də qətlə yetirdiyini etiraf edən Ə.Əhmədovla bağlı ekspertizanın rəyi də birmənalı deyil. Ekspertlərin ilkin qənaətinə görə, burada psixoloji pozğunluq, affekt halında cinayət törətmək kimi bir hal yoxdur. Təqsirləndirilən şəxsin şüurlu etirafı isə onunla bağlı sualları arxa plana qoyub. Belə ki, burada söhbət xüsusi amansızlıqla, məqsədli şəkildə serial qətldən gedir.

Xocavənddə yol qəzasında xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub - YENİLƏNİB

Xocavənd rayonunun Cəmiyyət kəndində “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlardan bəzilərinin kimliyi məlum olub. "Report"un Qarabağ Bürosunun məlumatına görə, qəza zamanı Süleymanova Vəfalə Qərib qızı (sağ çiyinin küt travması xəsarəti - red), Kərbəlayev Vüsal İsmayıl oğlu (sol çiyinin əziyi), Kərbəlayev Əflatun İsmayıl oğlu (döş qəfəsin küt travması), Fətullayev Sərvər Əhməd oğlu (sağ çiyinin küt travması) xəsarət alıblar. Qeyd edək ki, Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun qəzaya uğramasına səbəb əyləc sistemində yaranan nasazlıq olub. Hadisə zamanı mikroavtobusda 17 nəfər olub. Onlardan 8-i xəsarət alıb. Digər yaralıların şəxsiyyətləri dəqiqləşdirilir. Qəza zamanı xəsarət alanların hamısı işğaldan azad edilən ərazilərdə çalışan işçilər olub. Yaralılardan bəziləri Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 02.04.2024. 21:46 Xocavənd rayonunun Cəmiyyət kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. "Report" xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib. O, bildirib ki, faktla bağlı araşdırma aparılır.

1 yaşlı körpəsini öldürən ata danışdı - VİDEO

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb. O, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: “Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”.  Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub. 

Tramp fırıldaqçılıq işinə üzrə 175 milyon dollar girov qoyub

ABŞ-nin keçmiş prezidenti Donald Tramp fırıldaqçılıq işi üzrə qərara etiraz etmək üçün 175 milyon dollar girov ödəyib. Sozcu.az xəbər verir ki, bu barədə ABC telekanalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb. Xatırladaq ki, daha öncə Nyu-York məhkəməsi “Trump Organization”ın aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə məhkəmə prosesini aprelin 15-nə təyin etmişdi.

Ermənistan sərhəddə dayaq məntəqələri qurur - Video

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - məlumatda vurğulanıb.