Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı, İsrailə aparıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb. Sozcu.az Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb. Bildirilir ki, bir sutka həkim nəzarəti altında qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub. Sozcu.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb. “29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub”, - məlumatda diqqətə çatdırılıb. Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Salyanda daha bir cinayət: yenə 2 nəfər öldürüldü

Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Salyan rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Rus sərhədçilər İrəvan aeroportundan çıxarılır

Ermənistan hakimiyyəti Zvartnots hava limanında Rusiya sərhədçilərinin varlığını müzakirə edir. Sozcu.az xəbər verir ki, bunu Mülki Müqavilə Partiyasından olan deputat Artur Ovannisyan deyib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizi narahat edir. Partiyamız daxilində müzakirələr gedir, hələ ki, bir qərar yoxdur”, - Ovannisyan bildirib. Mülki Müqavilə Partiyasından olan digər deputat Vladimir Vardanyan da deyib ki, ölkənin hava sərhədlərini ermənilər qorumalıdır. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan və parlament sədri Alen Simonyan rus sərhədçilərin Zvardnotsda qalmasının heç bir hüquqi əsası olmadığını bildirmişdilər.

"Mən deyəndə, 60 faiz adam eşitdiyini başa düşmür, qınayırsınız"

İbtidai siniflərdə dərs yükünün çox olduğunu düşünmürük. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycanda dərs saatı, illəri azdır. "İndi uşaqlar daha az məktəbə gedir, daha az saat tədris olunur. İndiki tədris məzmunu dünya təcrübəsinə uyğundur. Bizim dərsliklərimiz oxu yönümlüdür. İstəyirik ki, oxuduqlarını anlama bacarığı olsun. Mən deyəndə 60 faiz adam eşitdiyini başa düşmür, siz məni qınayırsınız”,- deyə nazir bildirib.

Veteranların müavinəti artırılsın - Ombudsman

“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Sozcu.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Hərbçimiz Ermənistanda həbs edildi

Fevralın 28-i səhər saatlarında Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan, daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılan Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat dərc olunub. Bildirilib ki, Ruslan Pənahova qarşı cinayət işi açılıb. News.am Ermənistan İstintaq Komitəsinə istinadla yazır ki, o, təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Bayramov Berbokla görüşdü: Normallaşma prosesi...

16:58 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub. Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib. Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan ordusu bu əraziləri tutmaq üçün hücuma keçəcək, sonra isə… – ŞOK

Ermənistanın Fransa və digər regiondankənar qüvvələrin köməyi ilə Azərbaycanla sərhəddə hücuma keçəcəyi barədə iddialar yayılıb. Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu iddiaların artıq geniş vüsət aldığını bildirib. Deputat deyib ki, yayılan məlumatlara görə, Ermənistan Fransa və digər qüvvələrin köməyi ilə Azərbaycana qarşı hücuma hazırlaşır: məqsəd danışıqlar prosesində “əlini” gücləndirmək üçün sərhəddə bir neçə yüksəkliyə nəzarəti bərpa etməkdir. Lakin Abramyan bu addımın İrəvan üçün təhlükəli olduğunu vurğulayıb. Xatırladaq ki, ötən gün Fransanın Ermənistanın Azərbaycan, Rusiya, Türkiyə və İranla sərhədboyu hərbi-siyasi vəziyyət haqqında bilgilərin yer aldığı peyk məlumatlarını İrəvana ötürəcəyi iddia edilmişdi.

Bakıda çılpaq gəzən şəxs kimdir?

Bakı küçələrində çılpaq gəzən şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində saxlanılıb. Axar.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində qeydiyyatda olan şəxs nəzarətçilərin diqqətindən yayınaraq oradan qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılan yeniyetmə yenidən dispanserə yerləşdirilib. Qeyd edək ki, Bakıda çılpaq gəzən şəxsin görüntüləri sosial şəbəkədə yayılıb.

26 milyon pul hara gedib? - “Bu ağılasızğmazdır...”

“Aztelekom” açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, “Aztelekom” xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib. “Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 130 milyon manatdan çox vəsait xərclənib. Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. Ümid edirəm “Aztelekom” dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək”, - ekspert vurğulayıb.

7-ci sinif şagirdi böyrək çatışmazlığından vəfat etdi

Salyan rayonunda məktəbli qız dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə Salyan şəhər Azər Səfərov adına İnternat ümumi orta məktəbi məlumat yayıb. Bildirilib ki, məktəbin 7-ci sinif şagirdi Fatimə Cavadova qəfil böyrək çatışmazlığından vəfat edib.