Vuçiç xəstəxanaya yerləşdirildi

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib. Sozcu.az bu barədə Serbiya mediasına istinadən xəbər verir. Onun Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirildiyi bildirilir. Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı özünü pis hiss edib və səfərini yarımçıq qoymaq qərarına gəlib. Rəsmi qurumlar siyasətçinin səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verməyib.

Xocalıda hərbi sursat partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Xocalı rayonunun Xanyurd kəndi ərazisində 2025-ci il 2 may tarixində hərbi sursatın partlaması hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Tovuz rayonu Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Aqşin Arif oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sağ əlindən xəsarət alıb. Hadisə nəticəsində zərərçəkənin 3 barmağı amputasiya olunub. Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib. İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Suriyada şəhər meri və oğlu güllələndi

Suriyanın Sahnaya şəhərinin meri Husam Barur və onun oğlu naməlum şəxslər tərəfindən güllələnib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya TV telekanalı məlumat yayıb. Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır. Bildirilir ki, bundan öncə H.Barur druzlarla bağlı yaranmış vəziyyətə görə, əhalidən Suriya hakimiyyətinə dəstək göstərmələrini xahiş etmişdi.

NATO ekspertləri Bakıda hərbçilərimizə kurs keçirlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir. Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək. Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.

İsrail Azərbaycandan yardım istədi

İsrail bu gün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəyib. Sozcu.az EFE agentliyinə istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var. İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib. Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində meşə yanğınları baş verib.

“Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır – “Azərsun”dan irad

“Azərişıq” səbəbi bəlli olmayan iri məbləğli borclar yazır – “Azərsun” nümayəndəsindən irad “Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır. Bu barədə “Azərsun Holdinq”in nümayəndəsi Nazim Quliyev Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib. “Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə 'Quran ayəsi' kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb. “Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov çıxışa cavab olaraq bildirib ki, borcun yaranmasına müxtəlif səbəblər təsir edə bilər və bu məsələ araşdırılmadan dəqiq fikir söyləmək düzgün olmaz. “Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədr müavini Cabbar Cabbarlı əlavə edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşana bilir.Anews.az

İntihar edən hərbçimizlə bağlı təsirli fakt

Dövlət Sərhəd Xidmətinin (DSX) kiçik giziri Rəhim Novruzovun intiharının təfərrüatları məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aprelin 28-də onun xidmət etdiyi Cəbrayıl rayonu ərazisində kirayə yaşadığı evdə baş verib. Lakin intihar hələlik ilkin ehtimaldır. Təsdiqlənməmiş digər versiyaya görə, R.Novruzov dəm qazından boğularaq ölüb. Məlumata görə, R.Novruzov əslən Kürdəmir rayonunun Çöhranlı kəndindəndir. O, 1997-ci ildə Çöhranlıda anadan olub. Ailədə üç qardaş, iki bacıdılar. R.Novruzov doğulduğu kənddə orta məkəbi bitirdikdən sonra imtahanla Türkiyə universitetlərindən birinə qəbul olunub və bir il orada təhsil alıb. Amma ailənin imkansızlığına görə təhsilini davam etdirə bilməyib. Bundan sonra Ukrayna ali məktəblərindən birinin qiyabi fakültəsinə köçürülüb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. O, DSX-nin sıralarında ön cəbhədə döyüşüb, qəhrəmanlıqlar göstərib. Onun bu xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və mükafatlandırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Rəhim Novruzov “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Müharibə bitdikdən sonra Rəhim DSX sıralarında qalıb. Məlumata görə, R.Novruzov altı ay əvvəl evlənibmiş.

Tramp bu dəfə Rusiyanı hədələdi: Başqa cür danışmaq lazımdır!

Rusiyanın infrastrukturlara zərbə endirmək üçün “səbəbi yoxdur”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Rusiyanın yalnız hərbi obyektləri hədəf almaları barədə açıqlamasına baxmayaraq, Tramp Moskvanı bank sahəsində sanksiyalarla hədələyib. “Bütün bunlar məndə elə təəssürat yaradır ki, sanki Rusiya müharibəni dayandırmaq istəmir. Onunla başqa cür danışmaq lazımdır: bank sahəsində və təkrar sanksiyalarla?”, – Tramp bildirib.

Hindistan və Pakistan arasında atışma yenə başladı

Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib. Sozcu.az xəbər verir k, bu barədə “Röyters” məlumat yayıb. Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistanın nəzarətində olan əraziləri ayıran 740 km-lik de-fakto sərhədi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıb. Qeyd edək ki, aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan ərazisində fəaliyyət göstərdiyini iddia edib, Pakistan bunu qəti şəkildə rədd edib.

Əvəz Zeynallı azadlığa buraxıldı - Foto

"Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Sozcu.az xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1157-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 946 500 hərbçi, 10 703 ədəd tank, 22 315 ədəd zirehli döyüş maşını, 26 895 ədəd artilleriya sistemi, 1 372 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 144 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45 906 ədəd avtomobil texnikası, 33 779 ədəd PUA, 3 196 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 860 xüsusi avadanlıq itirib.