Onların bütün nəticələri ləğv olunacaq - Xəbərdarlıq

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər: “Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

Elgünün dayısı: Xəstəxanada dedilər ki, uşağı möhkəm döyüblər - VİDEO

“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir, maşınla vurub atıblar, biri deyir, intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.” Məlumata görə, “Musavat”ın Gəncədəki müxbirinə deyilib ki, ərazidə heç kimə bu barədə danışmağa icazə verilmir.

Qəzada həyatını itirən qazi imiş

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub. Sozcu.az-ın məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib. R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu. Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs EDAM OLUNDU

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar, İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Qeyd edək ki, ötən ay İranın məhkəmə-ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi. Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

İrəvan meriyasında axtarışlar başladı: saxlanılanlar var

İrəvan meriyasının iki əməkdaşı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib. Məlumata görə, saxlanılanlar rüşvət almaqda ittiham olunurlar. “Hələlik ibtidai istintaqın maraqları baxımından təfərrüatı açıqlamırıq”, - komitədən bildirilib. Ermənistan mətbuatının yazdığına görə, bu gün Antikorrupsiya Komitəsi İrəvan meriyasının İctimai asayişin mühafizəsi xidmətində axtarışlar aparıb.

MN-dən xəbərdarlıq - Partlayış səsləri eşidiləcək

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

1180-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1180-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 973 730 hərbçi, 10 832 ədəd tank, 22 557 ədəd zirehli döyüş maşını, 27 980 ədəd artilleriya sistemi, 1 387 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 900 ədəd avtomobil texnikası, 36 385 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.

Zelenski və Avropa liderləri Trampla danışdı

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefonla danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Onun sözlərinə görə, Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında İstanbulda aparılan müzakirələr bu telefon danışığının əsas mövzusu olub.

Türkiyə-ABŞ-Ukrayna danışıqları başladı

Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu anlarda Türkiyə-ABŞ-Ukrayna danışıqları artıq başlayıb. Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur. Bu barədə mayın 16-da dövlət katibi Marko Rubio ilə Türkiyəyə uçan BBC müxbiri Tom Beytman məlumat verib. Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Daha 5 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 5 itkin-şəhid dəfn ediləcək.  Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

“Georgi lenti” taxan yeni sədr - FOTO

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib. Sozcu.az-ın məlumatına görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub. Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb. Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.bakupost)

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb. Faktla bağlı araşdırma aparılır.