Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

İyunun 7-də Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat 10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər

İsrailin qeyri-hökumət təşkilatı olan “Impact-se”-nin araşdırmasına görə, Səudiyyə Ərəbistanında dərsliklərdə “Fələstin” adı xəritədən çıxarılır. Yeni nəşrlərdə İsrailə qarşı istifadə edilən “düşmən” kimi ifadələr də dəyişdirilir. “Middle East Eye” qəzetinin məlumatına görə, təşkilat 2019-2024-cü illər arasında nəşr olunan 371 dərsliyi araşdırır və silinmiş, dəyişdirilmiş və ya dəyişməz qalan məzmunları üzə çıxarır. Araşdırmaya görə, sionizmi irqçi bir hərəkat olaraq təyin edən 12-ci sinif sosial elmlər dərsliyi 2023-cü ildən etibarən tədris olunmayacaq. Fələstin məsələsi ilə bağlı fəsil isə hələ də tədris olunan başqa bir dərslikdən çıxarılıb. “Xəritələrin əksəriyyətində Fələstin də daxil olmaqla, Səudiyyə Ərəbistanı ilə həmsərhəd olmayan bütün ölkələrin adları, bəzi hallarda isə bütün ölkə adları çıxarılıb”, – deyə hesabatda bildirilir./publika.az

Talassemiyalı uşaqların pulunu kim yeyib - məhkəmədə müttəhimlər arasında dava düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar. Sozcu.az xəbər verir ki, prosesdə zərərçəkmiş Tural Nəsimiyev və nümayəndəsi vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Tural Nəsimiyev deyib ki, cinayət işi başlanan ilkin vaxtlarda Aysel Məmmədovanın barəsində həbs qətimkan tədbiri seçilib: "İlkin mərhələdə ziyanın ödənilməsi ilə bağlı vəd verdi, barəsindəki həbs qətimkan tədbiri dəyişdirildi. Sonradan vədinə əməl etmədi, ziyanı ödəmədi. Mən Aysel Məmmədovanın iştirakı ilə pulu Nuridə Seyidovaya vermişəm. Ümumilikdə 59 min manat ödəmişəm. Həmin puldan 10 min manat Aysel Məmmədovanın dayısına, 7 min manata yaxın isə Nuridə Seyidova ödəniş etmişəm. Hazırda 43 min manata yaxın mənə dəymiş ziyan ödənilməyib. Buna görə də onun həbsini istəyirəm". Hakim elan edib ki, zərərçəkmişlər - Ramil Dadaşov və Kamil Əhmədov da eyni vəsatətlə məhkəməyə müraciət ediblər. Ramil Dadaşova 15 min ziyan vurulub, həmin ziyandan heç bir ödəniş edilməyib. Kamil Əhmədova isə 23 min ziyandan 10 min manat ödənilib. Hakim deyib ki, hər iki zərərçəkmiş Aysel Məmmədovanın məhkəmə zalından həbs edilməsini istəyirlər. Vəsatətlərə münasibət bildirən prokuror Fariz Rzayev deyib ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericilikdə şərtlər mövcuddur. Onun sözlərinə görə, həmin şərtlərdən biri də zərərçəkmişə dəymiş ziyanın ödənilməməsi ilə bağlıdır: "Zərərçəkmiş şəxslər də işdə xüsusi ittihamçıdırlar. Onların da qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırmaq hüquqları var. Mən bu məsələyə münasibəti məhkəmənin ixtiyarına buraxıram". Aysel Məmmədovanın vəkili isə deyib ki, vəsatət əsassızdır: "Zərərçəkmiş şəxslərin haqlı olduğunu demək düzgün deyil. Bu sovet hüququndan qalan sözdür. Burada təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası var. Aysel Məmmədovaya 10 epizod üzrə ittiham verilib. Bununla bağlı da 105 min manat ziyanın ödəməsini təmin edib. Aysel Məmmədova barəsində seçilmiş qətimkan tədbirini şərtlərini pozmayıb. Buna görə də qətimkan tədbirinin dəyişdirilməsi ilə razı deyilik". Aysel Məmmədova da vəsatətə etiraz edib. Deyib ki, o heç bir dələduzluq etməyib. Onun sözlərinə görə, dayısı tərəfindən ödənilən 105 min manat ödənişdən zərərçəkmiş şəxslərə yardım məqsədi ilə pullar verilib. Təqsirləndirilən Aynur Bayramova deyib ki, barəsində seçilmiş həbs qətimkan tədbiri qanunsuzdur: "Mən özüm xəstəyəm, övladım da xəstədir. Burada həqiqət deyilmir. 5 valideyn öyrədilərək bura çıxarılır. Digər valideynlır danışdırılmır. Onlar da nə deyir, onu da edirlər. Nuridənin səs yazısı var, bütün pullar ona verilib. Mən bu məsələni qaldırmışam, zərərçəkmişlərlə polisə getmişəm. Demişəm ki, sizin pulunuzu Nuridə yeyib. Bundan sonra Nuridə məni şantaj etdi. Mən heç bir zərərçəkmişin pulunu yeməmişəm. Demişəm ki, balam var, yalan deyənin balası ölsün. Amma burada yalan danışırlar. Mən Allaha əl açacam, yalan deyənin cəzasını versin, Allahdan qorxun, yalan danışmayın. Nuridə Seyidova zərərçəkmiş şəxslərin pulu ilə içəridə kef çəkir. Zərərçəkmişləri yığıb mənim üzümə durdurur. Mənim heç bir günahım yoxdur. Mən zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə çalışmışam. İndi burada üzümə dururlar. Burada bütün valideynlər danışmır, 5-6 nəfər düşüb burada ortaya. Zərərçəkmiş Ayselin Nuridə Seyidova ilə 38 dəqiqə danışığı olub. Bunu niyə demir". Nuridə Seyidova və vəkili vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını deyib. Aysel Məmmədovanın vəkili Elnur Quliyevin vəsatətə münasibəti belə olub: "Biz heç kimin həbs olunmasını istəmirik. Amma bundan əvvəl eyni tələblə Aynur Bayramova həbs edilib. İkisində də epizod eynidir. İndi məhkəmənin qərarının nə olacağı bizim üçün maraqlı olacaq". Müşavirə keçirən hakimlər heyəti vəstətləri təmin ediıblər. Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra Aysel Məmmədova ifadə verib. O deyib ki, zərərçəkmiş Tural Nəsimiyev 59 min 500 manatı onun yanında Nuridə Seyidovaya verib. Onun sözlərinə görə, həmin vaxt onların alış-verişlərini Tural Nəsimiyevin telefonu ilə çəkib. Aysel Məmmədova deyib ki, Zeynəb Xəlilovadan 25 min manat götürüb və xəstəxanaya ödəyib. Təqsirləndirilən şəxs qeyd edib ki, Kamil Əhmədovdan aldığı 23 min manatı Nuridə Seyidovanın sürücüsünə verib. Deyib ki, Ramil Dadaşov 51 min manatı Nuridəyə verib, bu işdə onun özün iştirakı olmayıb. Bildirib ki, dayısı Ramil Dadaşova 15 min manat ödəniş edib: "Zərərçəkmiş Xəyal İsayev 51 min manatı verməsini şahidi olmamışam. Anası Şövkətlə gəlmişdilər. Pulu Toğrula verib. Toğrul da həmin pulu Nuridəyə verib. Lamiyə Hüseynovadan aldığım 20 min 50 manat pulu Nurdiəyə vermişəm. Zərərçəkmiş Nərgiz Mahmudova pulu Toğrula verib. Bu prosesdə iştirakçı olmamışam. Elnarə Mirzəyeva 25 min manatı Nuridəyə verib". Aysel Məmmədova ifadəsinin sonunda özünü təqsirli bilməyib. Prokurorun suallarını cavablandıran Aysel Məmmədova bildirib ki, 105 min manat ziyan ödənilib. Onun sözlərinə görə, müqavilə bağlanmasında iştirak edib. İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min , Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.(musavat.com) Proses iyulun 5-də davam edəcək.

Polşa: Bizim silahlarla Rusiyaya zərbə endirilə bilər

Polşa hakimiyyəti Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücum üçün Varşavadan aldığı silahlardan istifadəsini məhdudlaşdırmır. Sozcu.az xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin nümayəndəsi Sezari Tomçik deyib. “Ukraynaya tədarük etdiyimiz Polşa silahlarına belə məhdudiyyətlər yoxdur”, - o bildirib.

Daşqınlardan zərər çəkənlərə təzminat ödənilsin – Müsavat Divanının gündəliyi

Mayın 27-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda Qazax rayonunun 4 kəndinin işğaldan azad olunması mühüm hadisə kimi qiymətləndirilib. Qeyd edilib ki, bu hadisə həm Azərbaycanın işğaldakı ərazilərinin azad olunması, həm də delimitasiya-demarkasiya prosesinin başlanması baxımından önəmlidir. Prosesin vasitəçilər olmadan davam etməsinin Azərbaycanın maraqlarına uyğun olduğu vurğulanıb. Azərbaycanda əfv fərmanının verilməsinə baxmayaraq, siyasi məhbusların azad edilməməsi pislənilib. Qeyd edilib ki, hakimiyyət torpaqların azad olunduğu dönəmdə ölkədə siyasi gərginliyi azaltmaq, ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq konfransı ərəfəsində ölkəyə qarşı tənqidləri azaltmaq üçün daha bir fürsəti əldən verib. Divan iqtidarı siyasi məhbusları və günahsız həbs edilən şəxsləri azad etməyə, ölkədə repressiyaları dayandırmağa çağırıb. Azərbaycanın Qərb rayonlarında və Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı ərazilərdə baş vermiş daşqınlar nəticəsində əhalinin ziyan çəkdiyi bildirilib. Divan dəymiş zərərə görə əhaliyə təzminat ödəməyi təklif edib. Baş vermiş təbii fəlakət fonunda Gürcüstanla quru sərhədlərin açılmasının zəruri olduğu vurğulanıb. İclasda mayın 28-i saat 12:00-da Müstəqillik Günü ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə nəzərdə tutulan bayram tədbirinə hazırlıqlar müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Sonda cari məsələlər müzakirə olunub.

İsveç Ukraynanın Rusiyanı vurmasına icazə verdi - Təcili

İsveç Ukraynaya tədarük edilən silahlardan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verib.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.  Qeyd edək ki, bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində bildirmişdi ki, Ukraynanın tərəfdaş ölkələri Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalıdır. 

ABŞ dünyanın yeganə super gücüdür - Bayden

ABŞ dünyanın yeganə super gücüdür. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib. "Heç bir ölkənin bizim kimi müttəfiqləri yoxdur. Odur ki, bizi təhdid edə biləcəklərini düşünən hər kəs iki dəfə düşünməlidir. Biz azadlığı müdafiə etməklə öz dəyərlərimizi qoruyuruq", - Bayden qeyd edib.

20 yaşlı tələbəni boğub öldürdülər

Paytaxtın Binəqədi rayonu ərazisində 20 yaşlı bacısını boğaraq qətlə yetirən Həsən Kərimovun cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə baş tutan proses zamanı şahidlərin ifadələri dinlənilib. Hadisə ilə bağlı Həsən Kərimovun anası Brilyant Kərimova və onların yaxın qonşuları ifadə veriblər. Təqsirləndirilən Həsən Kərimov və anası Brilyant Kərimova ifadələri zamanı qətlə yetirilən İlahənin ailədə mütəmadi münaqişələr yaratdığını bildiriblər. Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də saat 23:00 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı kəmərlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub. Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mustafayev Nuhu Mustafa oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu. Sozcu.az xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Qeyd edək ki, Mustafayev Nuhu Mustafa oğlu 1994-cü ildə Kəlbəcərin Təkəqaya kəndi uğrunda döyüşlərdə itkin düşmüş sayılırdı.

4 kəndin azad edilməsi - Hansı strateji üstünlük qazandıq?

Qazaxın 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi. 4 kəndin azad edilməsinin siyasi-hərbi üstünlükləri də var: 1. Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır; 2. Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu; 3. Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlər; Və ən mühüm məqam Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan ərazilərin azad edilməsinə nail olmasıdır. Bu, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır. Asif Nərimanlı

AB Rusiya aktivlərini bu tarixdə Ukraynaya verəcək

Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib. “İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, - deyə bildirilib.

Rusiyanın Ukraynadakı itkiləri 500 minə çatır

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 495 070 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 15 tank, 34 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.