ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken təfərrüatlara varmadan açıqlayıb. Diplomat Vaşinqtonda ABŞ və Koreya Respublikasının xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunları üzrə birgə mətbuat konfransında deyib: “Biz Ukraynaya hərbi dəstək göstərməkdə davam edirik. Yaxın günlərdə əlavə addımlar barədə məlumat verəcəyik”.

Noyabrın 7-dən sonra rayon maşınları Bakıya buraxılmayacaq? – AÇIQLAMA

COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir. Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb: “Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”.  Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir: “Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.

Salome Zurabişvili: "Hər kəs öz işi ilə məşğul olmalıdır"

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da parlament seçkilərinin mümkün saxtalaşdırılması işi ilə bağlı çağırıldığı Baş Prokurorluğa getməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə prezident özü məlumat verib. "Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi davam etdirəcəyəm və açıq-aydın prokurora getmək fikrim yoxdur", - o bildirib. Onun sözlərinə görə, istintaq orqanı konkret işin sübutunu özü tapmalı, bunu prezidentdən tələb etməməlidir. Zurabişvili həmçinin qeyd edib ki, onun prokurorluğa çağırılması şübhəli şəkildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatı ilə üst-üstə düşür. Qeyd edək ki, daha öncə Medvedyev açıqlamasında bildirib ki, Zurabişvilinin öz ölkəsində iğtişaşlara səbəb olan hərəkətlərinə standart cavab onun vəzifəsindən uzaqlaşdırılması və həbsi olacaq. Bundan dərhal sonra isə Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.

Rusiya miqrant reydi: özbək və qırğızlar saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarında İstintaq Komitəsi və Hərbi Komissarlığın əməkdaşları miqrantlara qarşı reydlər keçiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, reydlər zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 miqrant saxlanılıb. Bildirilib ki, təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, taxta emalı bazasını və istehsal və logistika kompleksini yoxlayıb. Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Rusiyada yaşayan vətəndaşların sayına görə ilk onluğa Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan daxildir.

Gürcüstan müxalifəti etirazlara BAŞLADI

Gürcüstan müxalifəti Tbilisidə genişmiqyaslı etiraz aksiyalarına başlayıb. Sozcu.az xəbər verir ki, onlar seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edib. Müxalifət liderləri parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələbi edirlər. Yüzlərlə etirazçı ölkə parlamentinin binası qarşısında Rustaveli prospektini bağlayıb. "Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin", - "Birlik - Milli Hərəkat" assosiasiyasının nümayəndəsi Giorgi Vaşadze bildirib. Gürcüstan prezidenti Salome Zurabişvili də mitinqdə çıxış edib. O bildirib ki, "məyusluq və istefa vaxtı deyil". O, xarici liderlərlə məsləhətləşdiyini və aşkar edilmiş pozuntular barədə onlara məlumat verdiyini bildirib. Etirazçıların əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları var, Rusiya əleyhinə şüarlar səsləndirilib. Qeyd edək ki, oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.

Məktəblərdə bu tarixdən 13 gün dərs olmayacaq - RƏSMİ

Noyarbın 12-dən 25-ə qədər məktəblərdə tətil olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib. Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

Rusiyanın itkiləri 690 minə yaxınlaşır

Ukrayna müharibənin 977-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 689 040 hərbçi, 9 113 ədəd tank, 18 355 ədəd zirehli döyüş maşını, 19 792 ədəd artilleriya sistemi, 1 240 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 560 ədəd avtomobil texnikası, 17 849 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 542 xüsusi avadanlıq itirib.

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcüstanda Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusunun seçkini qazandığını açıqlasa da, müxalifət ekzit-pollun nəticələrini əsas götürərək, qələbəsini elan edib. Bu, çətin mərhələnin indi başlandığı deməkdir. Tərəflərdən heç biri geri çəkilməməyə çalışacaq: müxalifətin hökumət binalarının bloklanması ssenarisi üzrə aksiyalara başlayacağı, hakimiyyətin inzibati resurslardan istifadə etməklə, vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcəyi bəllidir. Artıq hökumət binalarının ətrafına xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi məlumatları var. Əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır. Bu ehtimalı zəif görünür: müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınılaşdırmayacaq; Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil. Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün “körpüləri yandırmamaq” xəttini tutacağı gözləntilər arasındadır. Asif Nərimanlı

Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı açıqlandı

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. 2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.//Report

İsrail İranda bu hədəfləri vurub

İsrail ordusu İrandakı hədəflərə üç ardıcıl zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin siyasi müxbiri Barak Ravid X hesabında yazıb. "ABŞ və İsrail rəsmiləri üç zərbə dalğasının baş verdiyini bildiriblər. Birinci dalğa İranın hava hücumundan müdafiə sisteminə, ikinci və üçüncü dalğalar isə raket və dron bazalarına, o cümlədən istehsal sahələrinə yönəlib",- o bildirib. Qeyd edək ki, daha əvvəl İsrail hücumun İranın hərbi hədəflərinə yönəldiyini açıqlamışdı.

Bakıda 11-ci sinif şagirdi bıçaqlandı: saxlanılan var

25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.  Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir. *** 16:58 Xəzər rayonu 322 nömrəli məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması ilə bağlı xəbər yayılıb. Mövzu ilə bağlı Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. "Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - açıqlamada bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

975-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 975-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 685 910 hərbçi, 9 097 ədəd tank, 18 287 ədəd zirehli döyüş maşını, 19 753 ədəd artilleriya sistemi, 1 238 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 365 ədəd avtomobil texnikası, 17 670 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 535 xüsusi avadanlıq itirib.