Stoltenberq: Müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq

"Soyuq Müharibənin sonunda bir çoxumuz Rusiya ilə daha yaxşı münasibət qura biləcəyimizə inanırdıq, amma prezident Putin əməkdaşlıqdan və dialoqdan uzaqlaşmağı seçdi, o, yerinə yetirilməmiş vədləri yerinə yetirməyi buraxdı". Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Helsinkidə Nordik İşçi Hərəkatının Əməkdaşlıq Komitəsinin (SAMAK) sammitində çıxışı zamanı deyib. "Putin qlobal təhlükəsizliyin fundamental prinsiplərini darmadağın etdi, qonşu ölkələrə hücum etdi və bizim demokratiyalarımızı sarsıtmağa çalışdı". Stoltenberq Moskvanın beynəlxalq normalara hörmət etməməsinin son nümunəsi kimi Rusiyanın nüvə silahlarını məhdudlaşdıran Yeni START Müqaviləsində iştirakını dayandırmasını göstərib. "Biz etiraf etməliyik ki, bu müharibənin sonu Rusiya ilə münasibətlərimizi normala qaytarmayacaq. Geriyə dönüş yoxdur. Daha təhlükəli bir dünyada müdafiəni istəyə bağlı seçim hesab etmək artıq mümkün deyil. Bu zərurətdir", Stoltenberq vurğulayıb.

Kəramət Böyükçöldən Natiq Cəfərliyə sarkazmla cavab: “Soruşdu ki, çantanda nə var? Dedim, maladır”

Yazıçı Kəramət Böyükçöl REAL Partiyasının funksioneri Natiq Cəfərliyə sarkazmla cavab verib. Sozcu.az xəbər verir ki, K.Böyükçöl bildirib: “Hüseyn Cavid parkının böyründən yolu keçirdim. Kürəyimdə içi kitablarımla dolu qırmızı çanta vardı. PA serialı bahalı bir maşın məni görən kimi əvvəlcə sağ tərəfimdən sürtdü. Mən qorxub yolun kənarına çəkildim, ordan da parkın içinə keçdim. Maşın da qaz verib səkinin üstündən parka girdi. Mən qaçırdım, PA serialı maşın da arxamca düşmüşdü. Ağacın arxasına gizlənmək istəyəndə sürücü maşından aşağı düşüb üstümə qışqırdı. Dedim, mən sizə nə etmişəm? Nə deyirsiniz, onu da eləyirəm. Mənlə nə işiniz var? Dedi ki, sən Kəramət deyilsən? Dedim, yox. Soruşdu ki, bəs kimsən? Dedim, Natiq Cəfərli. Birdən maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşdü. Dedi, Natiq müəllim, üzr istəyirəm, sürücünü tənbeh edəcəm. Elə bilib Kəramət Böyükçölsən. Soruşdu ki, bəs çantanda nə var? Dedim, maladır. İşə gedirəm. Qalstuklu müəllim mənə uğur arzuladı, sonra da maşına oturub getdi”. Qeyd: N.Cəfərli Bakıda tıxacda başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O, PA seriyalı avtomobilin sürücüsü ilə yaranan mübahisəni belə nəql edib: ““6-cı paralelnidə” tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı. Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, “Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm”, dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə, hamımızı minər...” Onun statusu müzakirələrə səbəb olub.

İranda güclü partlayış: yaralananlar var

İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib. Partlayışın “Baba Qulam” Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verdiyi bildirilib. Əlavə məlumat verilmir.

Nazirliyin keçmiş şöbə müdirinin həbs müddəti uzadılıb

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin keçmiş müdiri İlkin Nəsibovun həbs müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərara görə, İ.Nəsibovun həbs müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin keçmiş Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.