Putinin Paşinyana şərti:"..."Qarabağ Azərbaycan ərazisidir” bəyanatından imtina et!”…

“Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…”

Putin yalnız indi deyil, hələ keçən il Praqa görüşündə Almata deklarasiyasını qəbul edən Ermənistan baş nazirini Valday diskusiya klubunda hədəfə alaraq, onu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyinə görə şantaj etmişdi. O dərəcədə ki, keçən il oktyabrın 31-də Soçidə keçirilən görüşdən sonra altı ay danışıqlara fasilə verildi. Dünən Vladivostokda keçirilən tədbirdə bir daha bu məsələyə münasibət bildirən Rusiya prezidenti faktiki olaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu elan etmiş Paşinyanı qınadı. Putinin dediklərinə diqqət edək: “Əgər Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas açar hissəsini, yəni, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem də budur”. Putinə sual vermək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfdən tanınması ( hələ şifahi bəyanatla) niyə Rusiya üçün, şəxsən Putin üçün problemdir? Hərçənd cavabını çoxdan bilirik… 

Elə həmin mətbuat konfransında Putin Paşinyanla münasibətlərində problem olmadığını dildə desə də, qonşuları ilə normal münasibətlər yaratmağa çalışan Paşinyanı hakimiyyətdən devirib, rusiyayönümlü bir ermənini Ermənistanın başına gətirməklə Qarabağ münaqişəsini uzun müddətə dondurmaq niyyətindədir. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibəyədək Qərb də, Rusiya da Azərbaycana təzyiq edir və “mövcud reallıqla barışmağı” məsləhət görürdülər. İndi Putin köhnə varianta qayıtmaq üçün Ermənistanda hakimiyyəti dəyişdirməyi və yeni hakimiyyətin “Dağlıq Qarabağa müstəqillik” tələbi ilə çıxışını əsas götürüb, “yeni reallıq” kimi Azərbaycan qarşısında qoymağı planlaşdırır. Və yaxud, bu plan baş tutmadıqda “B” planına keçsin. Yəni, hazırda Putin Paşinyana təzyiq edir ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatından açıq şəkildə imtina etsin və Ermənistan baş naziri bunu guya son zamanlar Azərbaycanın qeyri-konstruktiv mövqeyi ilə izah etmiş olsun. Dünənki çıxış göstərdi ki, Putin artıq paralel olaraq ikinci planına da start verib. Mövqeyini tez-tez dəyişən Paşinyanın belə bir bəyanat səsləndirməsi də istisna deyil və Azərbaycan buna hazır olmalıdır…

Putinin Vladivostokdakı çıxışı həm də Rusiyanın əsil sifətini göstərdi. Putin Laçın və Kəlbəcər də daxil olmaqla keçmiş Dağlıq Qarabağın Ermənistana təklif edildiyini və bunu Ermənistanın qəbul etmədiyini təəssüf hissi ilə vurğulayıb məyusluğunu etiraf etdi. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisini erməniyə peşkəş etmək siyasəti hələ Putinin planında qalır. Bu siyasətin gizlin tərəfləri qalmayıb. Üç ilə yaxındır ki, Qarabağa gələn Rusiya hərbi kontingenti sülh naminə heç nə yaratmayıb. Azərbaycanın humanitar yük maşınlarının da Ağdam yolundan keçməsinə şərait yaratmayan Rusiyanın məqsədinin sülh deyil, məhz qarşıdurmanı daha da gərginləşdirməkdir… 

Alınan məlumatlara görə, Azərbaycan-Ermənistan danışıqları tezliklə Vaşinqton müstəvisində davam edəcək. Avropa İttifaqının səmərəsiz fəaliyyəti və onun Borrel kimi rəsmilərinin yanlış bəyanatları ortada olduğundan, görünür, Vaşinqton artıq Brüssel görüşlərinə ciddi yanaşmamağı qərara alıb. Təbii, Vaşinqton süddən çıxan ağ qaşıq deyil, amma ABŞ-ın hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır və bu istiqamətdə istədiyinə nail omaq üçün iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasını və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını şərt hesab edir. Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir… 

Amma, bu o demək deyil ki, Azərbaycan baş verənlərə zəruri cavablar verməsin, əksinə, Azərbaycan bu günlərdə yeni qanuni tələblərlə çıxış edərsə, Laçın yolu ilə bağlı hələ də qalmaqda olan gərginliyi müəyyən qədər səngidə bilər. Bu məqsədlə Laçın yoluna tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması üçün şərt olaraq 10 noyabr bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etmək mümkün variantlardan biridir…

Əlbəttə, bölgədə gedən proseslərə Ukrayna müharibəsinin ciddi təsiri var və perspektivdə də gözlənilir. Burada Rusiyanın uğursuzluğu bizim maraqlarımıza uyğundur. Amma, heç kəs zəmanət vermir ki, mütləq Rusiya məğlub olacaq. Ona görə də Putinin Qarabağla əlaqədar planlarını alt-üst etmək üçün zamanı dəyərləndirməli və Türkiyə ilə koordinasiyalı siyasət yürüdüb, 2025-ci ildə Rusiyanın Qarabağdan çıxarılmasını qarantiyaya almaq lazımdır. Çətindir, amma mümkündür… (moderator)

İlham İsmayıl

Share on Facebook