Qəzzada ölənlərin sayı AÇIQLANDI

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 595 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə 96 251 insan zərər çəkib. Yalnız son sutkada 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

949-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 949-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 651 810 hərbçi, 8 869 ədəd tank, 17 476 ədəd zirehli döyüş maşını, 18 795 ədəd artilleriya sistemi, 1 205 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 962 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 495 ədəd avtomobil texnikası, 16 186 ədəd PUA, 2 610 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 297 xüsusi avadanlıq itirib.

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.//Qafqazinfo.az

Bakıda güclü yanğın: qadın zəhərləndi

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbi, S.Əhmədov küçəsində yanğın baş verməsi nəticəsində bir nəfər (qadın cinsli) şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat yayıb. O bildirib ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.

Ermənistan 500 km mənzilli ballistik raket alır – Təcili

Hazırda Hindistan Ermənistanın “Pralay” raketlərinin tədarükü ilə bağlı müraciətinə baxır. Sozcu.az xəbər verir ki, bu barədə “İndian Defense Research Ving” nəşri yazıb. “İyun ayından Ermənistan “Pralay” raketlərinin tədarükü ilə bağlı Hindistana müraciət edib. Lakin Raket Texnologiyalarına Nəzarət Rejiminin üzvü olduğu üçün Hindistan 300 km və ya daha çox mənzilli və faydalı yükü 500 kq və ya daha çox olan raketlərin ixracına nəzarət etməlidir. Bu baxımdan, Dehli “Pralay” raketini Ermənistana uyğunlaşdıraraq, onun uçuş məsafəsini azaltmalıdır. Hindistan Ermənistanın “Pralay”ın tədarükü ilə bağlı tələbini qəbul etsə də, saziş hələ bağlanmayıb. Bununla belə, sövdələşmə tezliklə bağlana bilər, çünki Hindistanın təminatları sürətli razılaşmanın mümkünlüyünə işarə edir”, - nəşr yazır. Qeyd edək ki, “Pralay” kvazi ballistik, qatı yanacaqla işləyən “yer-yer” raketdir. 500 km mənzilə sahibdir.

Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ

Son günlər mediada əsas müzakirə mövzusu paytaxtın Azərbaycanın digər ərazisinə köçürülməsidir. Bakıda sıxlıqla bağlı əsl xaos yaşandığını, tıxacların insanları cana gətirdiyini, ictimai nəqliyyatın iflic olduğunu, hər gün bir neçə saatın yollarda keçdiyini əsas gətirən şəhər sakinləri, eləcə də ayrı-ayrı ekspertlər iddia edirlər ki, paytaxt başqa əraziyə köçürülsə problemlər həllini tapacaq. Onlar paytaxtın Qarabağa, yaxud Gəncəyə köçürülməsini daha məqbul sayırlar. Bu iddialar əsaslı, təkliflər ağlabatandırmı? Medianews.az mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat konstruksiyası kafedrasının professoru, Əməkdar mühəndis Lətif Zeynalovun fikrini öyrənib. Professor bildirib ki, paytaxtın köçürülməsi dünyada yayılmış və qəbul olunan məsələdir. O, buna misal kimi Türkiyənin paytaxtının İstanbuldan Ankaraya, Qazaxıstanın mərkəz şəhərinin isə Alma-Atadan Astanaya köçürülməsini göstərib. Lakin qeyd edib ki, Azərbaycan kimi çox da böyük olmayan ölkədə paytaxtın köçürülməsi çətin prosesdir: “Paytaxtı dəyişməkdənsə, Bakını yükdən azad etmək daha vacib məsələdir. Paytaxtın yükünü azaltmağın isə müxtəlif variantları var. Bu istiqamətdə də işlər gedir. Məsələn, sənaye və ali təhsil müəssisələrinin kənara köçürülməsi və s. Lakin prosesi bir az da ciddi hala salmaq mümkündür. Qarabağda olduğu kimi digər bölgələrdə də yeni, qabaqcıl ali təhsil müəssisələri, məktəblər, liseylər yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək, hətta nazirliklərin köçürülməsini təmin etmək olar. Texnologiyanın inkişaf etdiyi bir dövrdə şərt deyil ki, nazirliklər, bir sıra dövlət və özəl müəssisələr Bakıda yerləşsin. Düşünürəm ki, bu variantlardan istifadə etmək daha düzgün olar. Çünki payxatı köçürmək o qədər də sadə məsələ deyil. Bizim qarşıda görüləcək çox işlərimiz var. Ola bilər ki, gələcəkdə bu, mümkündür, amma indi bunu həyata keçirmək qeyri-mümkündür, real deyil”. Əməkdar mühəndis vurğulayıb ki, paytaxtda əsas problem sıxlıqla bağlıdır: “Düzdür Sumqayıt sənaye mərkəzi kimi yaradıldı. Amma həmin müəssisələrin bir çoxunu başqa bölələrdə də yaratmaq olardı. Müşahidələr onu göstərir ki, bu istiqamətdə də işlər gedir. Regionlarda yaradılan sənaye məhəllələri və parkları buna bir misaldır. Məsələn, niyə gübrə zavodu məhz Sumqayıtda olmalıdır? Belə zavodları Yevlaxda, Şəkidə, Şamaxıda, Gəncədə, Şirvanda və digər bölgələrdə də yaratmaq mümkündür. Bu istiqamətdə işlər getməlidir. Şəhər təbii şəkildə boşaldılmalıdır. Başqa bir məsələ ictimai nəqliyyatın daha yaxşı vəziyyətə gətirilməsidir. Məsələn, bizim gənclik illərimizdə Bakı şəhərində 8 nömrəli trolleybus var idi. Onun hərəkət istiqaməti dairəvi idi, biri sağdan sola, digəri soldan sağa hərəkət edirdi. Təsəvvür edin, 2 ədəd belə dairə yaradılsa və avtobuslar yaxşı işləsə, çox insan ictimai nəaliyyatdan istifadə edər. Yaxud, Sumqayıtla Bakının arasında bir vaxtlar metro çəkilmək problemi ortaya atılmışdı. Amma hazırda o metro xəttinin çəkilməsinə ehtiyac yoxdur. Çünki, indi dəmiryolu xətti var. Bunlardan istifadəni daha səmərəli və əlçatan hala salmaq mümkün olarsa, Sumqayıtdan Bakıya və ya əksinə gəlmək üçün insanlar avtomobildən istifadə etməzlər”.  L.Zeynalov qeyd edib ki, paytaxtı yükdən azad etmək üçün daha bir uğurlu addım mərkəzdə çoxmərtəbəli binaların tikintisinə qadağanın tətbiq edilməsidir: “Şəhərsalma prinsipində binaların mərkəzə daha yaxın tikilməməsi mövzusu Bakı şəhərinin Baş Planında yer alıb. Digər bir mühüm məsələ iri ticarət mərkəzlərini yalnız şəhərin mərkəzində deyil, ətraf ərazilərdə də yaratmaqdır. Düzdür, Baş Plan olmadığı dövrdə bəzi nöqsanlara, pozuntulara yol verilib, amma ümid edirəm ki, bundan sonra bu amillər ciddi nəzarət altında olacaq”.

Bakıda ağır qəza: maşın dərəyə yuvarlandı, 5 nəfər...

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Bakı.vs-ə istinadla xəbər verir ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB

Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir. 17:39 Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. "Report"un əldə etdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Putin həbs olunmaqdan qorxdu, bu ölkəyə getmədi

Rusiya Prezidenti Vladimir Putin Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasiminə qatılmayacaq. Sozcu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin deyib. Şetinin Putinin imtinasının səbəblərini açıqlamayıb, lakin əlavə edib ki, Moskva mövcud protokol praktikasına və Rusiya liderinin üzərinə düşən öhdəliklərə uyğun davranır. Bəzi ekspertlər hesab edir ki, Ukrayna Roma Statutunu imzalayan Meksikadan Kreml rəhbərinin bu ölkəyə gələcəyi təqdirdə həbs olunmasını xahiş edib və Putin bu səbəbdən Meksikaya getməkdən ehtiyat edir.

Ödəniş terminallarında komissiya haqqı tutulur? - Rəsmi CAVAB

Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən "MilliÖn" və "E-manat" ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqı tutulur. Xüsusilə kredit ödənişlərində komissiya haqqının tutulduğu bildirilir.  Vətəndaşlar komissiya haqqının qəbzlərdə əks olunmamasından narazıdırlar.  Modern.az məsələ ilə bağlı "MilliÖn" şirkəti ilə əlaqə saxlayıb.  vakansiyalar Şirkətdən bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənib. Bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur.  "Bu komissiya isə bankın istəyi əsasında tətbiq olunur. Komissiyanın qəbzdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır”, - açıqlamada qeyd olunub. 

“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur?

“Avqustun ortalarından internetin minimum trafik sürətinin 40 Mbit/s-dən 100 Mbit/s-ə çatdırıldığı deyilir. Qiymət də qaldırılıb. Amma abunəçilər qiymət artımına baxmayaraq, gələn və gedən trafikin sürətinin xeyli aşağı olduğunu deyirlər. İradlarında da haqlıdırlar. Təqdim olunan sürət müqavilələrdə nəzərdə tutulandan xeyli aşağıdır. Bununla bağlı İKT Agentliyinə və Antiinhisar Xidmətinə artıq çoxlu şikayətlər daxil olub. “Aztelekom”un hər bir abonent üçün minimum sürətin 100 Mbit/s olması ilə bağlı dedikləri özünü doğrultmadı. Bu da gözlənilən idi”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az söyləyib. O deyib ki, “Aztelekom” nəinki yüz minlərlə istehlakçını 100 Mbit/s sürətlə təmin etməyəcək, hətta bu trafikin yarısını da çatdıra bilməyəcək. Son hadisələr və internetin bahalaşması fonunda bu xidmətdən imtina edən istifadəçilərin sayı artıb. Onun sözlərinə görə, “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil: “Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub. Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.