Onlar Trampın şam yeməyindən imtina etdi

Amerikanın keçmiş liderləri Bill Klinton, Corc Buş və Barak Obama yanvarın 20-də Donald Trampın inauqurasiya şam yeməyində iştirak etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Obama və Klinton artıq şam yeməyinə dəvət alıb, lakin iştirak etməyi planlaşdırmırlar: “Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da tədbirə qatılmaqdan imtina edib”. Buşun nümayəndələri isə qeyd ediblər ki, keçmiş liderin dəvət almasından xəbərsizdirlər.

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

Qazaxıstan Nəqliyyat və Kommunikasiya Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”larının ölkədə olduğunu təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a qurumun mətbuat xidmətindən məlumat verilib. "Braziliyadan Qazaxıstana gətirilən “qara qutu”ların deşifrə edilmiş məlumatları araşdırma komissiyasının mütəxəssisləri tərəfindən də öyrənilir", - nazirlikdən bildirilib. Əlavə edilib ki, bütün materialların və faktların ətraflı öyrənilməsindən sonra komissiya araşdırmanın gedişi barədə ilkin hesabat dərc edəcək. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Göygöldə 8-ci sinif şagirdini bıçaqlayan yeniyetmə SAXLANILDI

Göygöl rayonunda 8-ci sinif şagirdinə xəsarət yetirən yeniyetmə tutulub. Sozcu.az xəbər verir ki, məlumata görə, hadisə zamanı 2010-cu il təvəllüdlü İ. Hüseynov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Məhərrəmov saxlanılıb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir

Gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək istiqamətində birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Yanvarın 13-də Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 2 kişi, 1 qadın olmaqla, 3 nəfər hospitalizasiya olunub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Hadisə rayonun Qaraqoyunlu kəndində baş verib. Dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir. Zərər çəkənlər 2014-ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013- ci il təvəllüdlü Xəqani Hacızadədir.

Ceyhunun qətli ilə bağlı MƏHKƏMƏ - "Postdan bir az irəli gedib, güllə səsi gəlib"

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib. Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanının müavini vəzifələrini icra edən, polkovnik Şəhadət İbrahimov ifadəsində deyib ki, məlumat daxil olduqdan sonra dərhal onlara axtarışla bağlı tapşırıq verilib: "Axşam 10 radələrində tapşırıq aldım və ayın 11-i səhər saat 8-də artıq hadisə yerində idim. Mərhumun nəşini qruplara bölünərək axtarırdıq”. Ş. İbrahimov ifadəsində qeyd edib ki, postda olan MAXE (müddətdən artıq xidmət edən hərbçi) ilə söhbətləşib və MAXE ona deyib ki, əsgər C. Hüseynov postdan bir qədər irəli gedib, az sonra güllə səsi gəlib, yıxılıb: “Yerini göstərməyini dedim, tapşırdım ki, gedib həmin ərazidən gilizləri gətirsin. Getdi, 8-10 dəqiqə sonra xəbər etdi ki, gilizləri tapıb. Sonra biz ora getdik və əsgərin nəşini həmin ərazidən tapdıq. Onu taparkən, avtomatın qoruyucusu açıq idi, məruzə etdim, təhlükəsizlik üçün qoruyucunu bağladım. Avtomatın darağı da üstündə idi. Sonra prokurorluğun əməkdaşlarına dedim, gəldilər". Şahid ifadəsinə vurğulayıb ki, əsgərin nəşi ilə düşmən postunun arasında 650-700 metr məsafə olardı. Zərərçəkən tərəfin vəkilinin "üzərində yarası var idi" sualına Ş. İbrahimov "başında güllə yarası var idi" deyə cavab verib. ƏÜO-da komplektləşmə şöbəsinin rəisi, polkovnik Hüseyn Vəliyev ifadəsində deyib ki, C. Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı raport daxil olub: "Raport daxil olurdu və mən baxıb onları ƏÜO komandanının müavini general Rəhim Cəfərova verirdim. Çünki yerdəyişməni yalnız ordu komandanlığı edə bilər. Raport gəldi, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı. Mən də yoxladım, verdim raportu. Çünki mənim yerdəyişdirməyə ixtiyarım yox idi". Təqsirləndirilən şəxs Samir Həziyev deyib ki, ötən il mart ayının 11-də Ceyhun Hüseynov posta olarkən problem yaşanıb: "Bununla bağlı məruzə etmişəm. Polkovnik Hüseyn Vəliyevə də yerinin dəyişdirilməsi ilə bağlı raport göndərmişəm". Polkovnik Hüseyn Vəliyev deyib ki, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı: "Raportu mənə gətirən şöbənin əməkdaşı dedi ki, orada post komandiri ilə yola getmir, yeri dəyişdirilsin. Yenə deyirəm, mənim ixtiyarım yox idi, onun yerini dəyişim və ya postdan hərbi hissəyə gətirim". Samir Həziyevin hüquq işləri üzrə köməkçisi, kapitan Vüsal Abdullayev ifadəsində bildirib ki, mərhum C. Hüseynovla briqada komandirinin tapşırığına əsasən görüşüb: "Əsgərlə xidməti otağında görüşdüm, söhbət etdik. Çox rahat, sərbəst və savadlı danışırdı, hər şeyi qaydasında izah edirdi. Araşdırma 3-4 gün davam etdi". V. Abdullayev bildirib ki, hadisədən 10-15 gün sonra C. Huseynovla bağlı başqa bir problem olub: “Onunla yenə öz iş otağımda söhbət etdim. Bu dəfə qarşımda tam başqa bir insan var idi. Gözlərini göyə dikib danışırdı, bəzən susurdu. Nə olduğunu soruşdum, danışmırdı. Hətta energetik içki aldım birlikdə içdik, dedi özümü narahat hiss edirəm, gecələr yata bilmirəm. Onunla nə danışmışdıqsa, hamısını Samir Həziyevə dedim. Tapşırıq verdi ki, hərbi hospitala göndərilsin. Tibb xidmət rəisi, kapitan Aydın Quliyevlə görüşdük, ona hadisəni dedim. Sonra Ceyhun Hüseynovun əmisi mənə zəng vurub dedi ki, onun dərmanları bitib ona görə gecələr yata bilmir. Dedi ki, resepti göndərim, ya da ona dərman verək. Mən də tibb xidmət rəisinin nömrəsini verdim, dedim onunla danışın, o nəzarət edir. Səhər kitaba baxanda gördüm ki, hospitala göndərilib. Bundan sonra mən məzuniyyətə getdim". Kapitan Vüsal Abdullayev vurğulayıb ki, məzuniyyətdən qayıdanda C. Huseynovu hərbi hissədə görüb: "20 günlük məzuniyyətdən qayıdanda gördüm ki, durub qərargahın yanında. Görüşdük, söhbət etdik. Dedi ki, hər şey qaydasındadır. Hətta təşəkkür elədi, dedi, düzəlmişəm, gedirəm xidmətimə davam edəm. Ondan sonra onu görməmişəm". Təqsirləndirilən Aydın Quliyev isə bildirib ki, mərhum əsgərin əmisi ona zəng etməyib, onun ailə üzvlərindən heç biri ilə danışığı olmayıb. Sonra təqsirləndirilən şəxs Samir Həziyev bildirib ki, iki dəfə polkovnik Vəliyevə əsgər Ceyhun Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı desə də, o, deyib ki, bunun üçün əsas yoxdur. Məhkəmə yanvarın 22-dək təxirə salınıb. Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub. Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Ərinin qətlinə görə tutulan qadın sərbəst buraxıldı

Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa şəxs saxlanılıb. Qeyd edək ki, polis və prokurorluğun birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu. Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.

Mel Gibsondan şok: Buna görə şəhəri yandırdılar!

Yeni düzən üçün bütün şəhəri (Los-Ancelesdəki yanğınlar nəzərdə tutulur – red.) yox etdilər. Hollivud onsuz da gözdən düşmüş sektor idi. Sozcu.az xəbər verir ki, bu sözləri məşhur Hollivud aktyoru, Los-Ancelesdə malikanəsi yanmış Mel Gibson deyib. O, film sektorunda etika problemlərinin olduğunu, artıq təhlükəsizliyini və etibarını itirdiyini bildirib. Qeyd edək ki, aktyorun bu açıqlaması sosial mediada geniş-əks səda doğurub.

Daha 85 min sakin Los-Ancelesdən təxliyə edilir

Los-Ancelesdə meşə yanğınları səbəbindən daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib. Sozcu.az xəbər verir ki, bu barədə regionun şerifi Robert Luna deyib. Həmçinin Los-Anceles vilayəti Yanğınsöndürmə İdarəsinin rəisi Entoni Maron bölgədə yanğın təhlükəsinin yüksək olaraq qaldığını açıqlayıb. Qeyd edək ki, bundan öncə 330 min sakinə təxliyə barədə xəbərdarlıq edilmişdi.

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi yandı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən fəlakətli yanğınlar nəticəsində əslən Gəncədən olan azərbaycanlı iş adamı da zərər çəkib. Sozcu.az Yeni Sabah-a istinadla xəbər verir ki, iş adamı Frank Solmanın da evinin və maşınlarının yanıb kül olduğu deyilir. Qeyd edək ki, Frank Solman Bakıda anadan olub. 2000-ci ildə ABŞ-a köçüb. Hal-hazırda o, SOCAL ENERGY Inc və Leadsack Inc şirkətinin baş direktorudur.

ABŞ Ələkbərovu "qara siyahı"ya saldı

ABŞ Rusiyanın neft-qaz sənayesinə qarşı yeni sanksiya tətbiq edib. Sozcu.az-ın xəbərinə görə, bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb. Sanksiya siyahısına “LUKOIL” şirkətinin ortaq sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova da daxil edilib. “Qazprom Neft”in idarə heyətinin sədri və RFU-nun prezidenti Aleksandr Dyukova qarşı sanksiyalar tətbiq edib. Onlarla şirkət, o cümlədən "Surqutneftegaz", "Qazprom Neft", onların törəmə şirkətləri, həmçinin "AlfaStrakhovanie" və "İnqosstrax" sanksiyaya məruz qalıb.

EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb. Sozcu.az xəbər verir ki, EASA öz tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb. Belə ki, hakimiyyət orqanları ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiyanın Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücum riski yaratdığı vurğulanıb. “Xüsusilə, Ukrayna raketləri və pilotsuz təyyarələrinin ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq işə salınan Rusiya hava hücumundan müdafiə sistemi təhlükə yaradır”, - məlumatda bildirilib. Hazırda AB-nin heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın tövsiyəsi müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına ünvanlanıb. Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə qalacaq, lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq daha əvvəl nəzərdən keçirilə və ya geri götürülə bilər. Artıq yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək barədə qərar qəbul edib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Ərəbistanın “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq” və Türkmənistan Hava Yolları var.