Diqqət: Hesabınızda pul olmasa, adınıza kredit götürəcəklər!

Mayın 26-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3926, 3000, 999, 932, 900, 670, 650, 412, 403, 393, 271, 200, 66, 61 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - xəbərdarlıqda vurğulanıb.

HAMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşdı

HAMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşıb. Bu barədə qrupa yaxın Fələstin rəsmisi Reuters-ə bildirib. Qeyd edilib ki, on girovun azad edilməsini və 70 günlük atəşkəsin nəzərdə tutulduğu yeni təklif HAMAS tərəfindən qəbul edilib. “Təklif 70 günlük atəşkəs və Qəzza zolağından qismən geri çəkilmək müqabilində HAMAS-ın iki qrupda saxladığı on sağ israilli girovun azad edilməsini ehtiva edir”, - mənbə bildirib.  APA

Finlandiya Rusiyaya nota verdi

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov mayın 26-da Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, diplomata Rusiyaya məxsus iki hərbi təyyarənin ölkənin hava məkanını pozması ilə bağlı nota təqdim edilib. "Səfirə bildirildi ki, Finlandiya mümkün ərazi pozuntusuna ciddi yanaşır və bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Ona bu məsələ ilə bağlı rəsmi nota təqdim edildi", - açıqlamada vurğulanıb. Xatırladaq ki, mayın 23-də Finlandiya Müdafiə Nazirliyi Porvoo sahilləri yaxınlığında Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozduğundan şübhələndiyini açıqlamışdı. Hazırda insident Finlandiya Sərhəd Xidməti tərəfindən araşdırılır.

Əfv sərəncamı bü gün icra olunacaq

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamın icrası bu gün həyata keçiriləcək. Bu barədə Sozcu.az-a Penitensiar Xidmətdən məlumat verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Onların bütün nəticələri ləğv olunacaq - Xəbərdarlıq

İmtahana gizli telefon keçirilməsinə görə növbəti dəfə xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. DİM sədri bildirib ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər: “Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

Elgünün dayısı: Xəstəxanada dedilər ki, uşağı möhkəm döyüblər - VİDEO

“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir, maşınla vurub atıblar, biri deyir, intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib. O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir: “Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.” Məlumata görə, “Musavat”ın Gəncədəki müxbirinə deyilib ki, ərazidə heç kimə bu barədə danışmağa icazə verilmir.

Qəzada həyatını itirən qazi imiş

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub. Sozcu.az-ın məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib. R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu. Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs EDAM OLUNDU

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar, İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir. Qeyd edək ki, ötən ay İranın məhkəmə-ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədən şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi. Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

İrəvan meriyasında axtarışlar başladı: saxlanılanlar var

İrəvan meriyasının iki əməkdaşı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib. Məlumata görə, saxlanılanlar rüşvət almaqda ittiham olunurlar. “Hələlik ibtidai istintaqın maraqları baxımından təfərrüatı açıqlamırıq”, - komitədən bildirilib. Ermənistan mətbuatının yazdığına görə, bu gün Antikorrupsiya Komitəsi İrəvan meriyasının İctimai asayişin mühafizəsi xidmətində axtarışlar aparıb.

MN-dən xəbərdarlıq - Partlayış səsləri eşidiləcək

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

1180-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1180-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 973 730 hərbçi, 10 832 ədəd tank, 22 557 ədəd zirehli döyüş maşını, 27 980 ədəd artilleriya sistemi, 1 387 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 167 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 900 ədəd avtomobil texnikası, 36 385 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.

Zelenski və Avropa liderləri Trampla danışdı

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefonla danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Onun sözlərinə görə, Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında İstanbulda aparılan müzakirələr bu telefon danışığının əsas mövzusu olub.