“Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır?” - Qalmaqal

“Təhsil naziri Emin Əmrullayevin 500-dən çox müəllimin 2 min manat maaş alması ilə bağlı söylədiyi fikirlər doğrudur. Lakin hazırda ölkənin 4.432 orta ümumtəhsil məktəbində 150 min müəllim var. 150 min müəllimdən 500 nəfərin 2 min manat, 1,500 nəfərdən çoxunun isə 1,500-2,000 manat əməkhaqqı alması çox aşağı bir göstəricidir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.  O, 2 min manat maaş alan müəllimlərin hansı kriteriyalar daxilində bu pulu qazandıqlarından söz açıb.  K.Əsədov xatırladıb ki, Azərbaycan dövləti tərəfindən müəllimlərin əməkhaqqı mütəmadi artırılır:  “Bu gün 18 saat dərs deyən müəllimin əməkhaqqı əvvəl 495 manat edirdisə, hazırda 600 manata yaxındır. Bunlar o müəllimlərdir ki, onların 36 saat dərsi var, 18 ildən artıq dərs deyirlər və onlar sertifikasiyadan keçmiş ibtidai sinif müəllimləridir. Amma bu gün ölkə müəllimlərinin 140 minə qədərinin əməkhaqqı kifayət qədər aşağıdır”.  Mütəxəssis söyləyib ki, Azərbaycan müəlliminin aldığı əməkhaqqı onu idarə edənlərdən azdır:  “Məsələn, biz bunu Elm və Təhsil Nazirliyinin işçilərinin əməkhaqqıları ilə müqayisə etsək, fərqi görərik. Yaxud bu gün 2,500 manat əməkhaqqı alan məktəb direktorları var. Çünki şagird sayı 2,500-dən çox olanda onlara əlavə əməkhaqqı verilir. Bu gün müəllimlərin əməkhaqqı gördükləri işin müqabilində kifayət qədər azdır. Biz 500 müəllimdən danışırıq, bəs digərlərinin məvacibi nə qədərdir?”  Müsahibimiz iddia edib ki, hazırda 600-dən çox müəllimin əməkhaqqı 100 manatdan aşağıdır:  “Yəni nazirin söylədiklərinin tam əksini də iddia etmək olar. Bu gün 100 manat və ondan daha aşağı maaş alan müəllimlər var. Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır? Azərbaycan müəllimi hazırda ən yaxşı imtiyazlara və təminatlara malik olmalıdır. Çünki Azərbaycanın təhsil sistemi müəllimlərin çiyinləri üstündədir, nəinki təhsili idarə edənlər. Heç bir ölkənin təhsil səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Təhsili idarə edənlər peşəkar ola, xaricdə nüfuzlu ali məktəblər qurtara bilərlər, amma təhsilin göstərici onlardan yox, müəllimdən asılıdır”.  Ekspert onu da vurğulayıb ki, müəllimlərin əməkhaqları onların stajlarına və dərs saatlarına uyğundur:  “Lakin gələcəkdə onların sertifikasiyadan topladığı ballar həm onlara dərs saatlarının verilməsinə, həmçinin də əməkhaqlarının artımına təsir göstərəcək. Məsələn, bu gün 2 min manat əməkhaqqı alan müəllim sertifikasiyadan keçib, 51 baldan çox bal toplayıbsa, nəticədə də əməkhaqqına 35% əlavə olunub. Yaxud həmin şəxsin 18-36 saat dərsi var, 18 ildən çox stajı var və o, 51 baldan çox bal toplayıb ki, onun da əməkhaqqı ona görə çoxdur. Ola bilsin ki, həmin müəllim 5 ildən sonra nəticələri zəif olsa, həmin əməkhaqqını belə ala bilməyəcək”. 

“Bakı və İrəvanın təxribatların Moskva tərəfindən törədildiyini isbatlaması üçün...”

“Bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir... Nə qədər ki, belə bir vəziyyət mövcuddur...” “Hesab edirəm ki, Həm Azərbaycan, həm Ermənistan sülh danışıqları zamanı baş verən təxribatlarla bağlı vahid mövqedən çıxış edərək həmin təxribatların Rusiya tərəfindən törədilməsini isbatlaması üçün iki amil gərəkdir. Yəni bunun baş tutması üçün ən azı iki şərt olmalıdır”. Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Həm Azərbaycan, həm Ermənistan birgə səylərini ortaya qoysa, məhz sülh danışıqları zamanı baş verən təxribatların Moskva tərəfindən təşkil olunduğunu isbat edə bilərlərmi?” sualını cavablandırarkən ifadə edib. “Birincisi, tərəflərin bununla bağlı siyasi iradəsi  və cəsarəti ortalığa qoyulmalıdır. Digər tərəfdən isə tərəflər arasında qarşılıqlı etimad olmalıdır ki, qarşılıqlı və birgə addım atılsın. Əslində belə bir müştərək addım atılsaydı, əlbəttə, bu, sülh prosesinin özünə ciddi bir töfhə olardı. Bu, dünyaya da, beynəlxalq aləmə də bir ciddi mesaj olardı ki, artıq Azərbaycanla Ermənistan ən azı Rusiya tərəfindən törədilən həmin o təxribatlar məsələsində vahid mövqedən çıxış edirlər. Və artıq ayrı-ayrılıqda deyil, təxribatın  törədilməsində bir-birini ittiham etməkdə deyil, təxribatların 3-cü tərəf vasitəsilə, 3-cü tərəfin təşəbbüsü ilə törədilməsində vahid mövqe nümayiş etdirirlər ki, bu da öz növbəsində sülh prosesinə ciddi bir təkan olardı və həm beynəlxalq aləm, həm də danışıqlarda iştirak edən, vasitəçilik edən ölkələr və qurumlar tərəfindən də bir yeni yanaşma, yeni təşəbbüs kimi qəbul olunardı. Bu olacaqmı?”- deyə davamında analitik sual edib. Ekspert hesab edir ki, həm Azərbaycan, həm Ermənistanda “5-ci kalon”un fəallığı səbəbindən təxribatların Kreml tərəfindən törədilməsinin sübut olunması hazırkı durumda mümkün olmayacaq. “Təəssüf ki, düşünmürəm ki, bu olacaq. Bu olmayacaqdır. Ən azı, ona görə ki, Qarabağ və iki ölkə sərhədlərində həmin təxribatları istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən törədən “5-ci kalon”dur. Həmin “5-ci kalon”  hər iki tərəfdə mövcuddur. Və bunlar yalnız silahlı qüvvələrdə deyil... Təxribatın bilavasitə baş verdiyi ərazilərə silahlı qüvvələr nəzarət edir. Ancaq bu təxribatlar yalnız onlar tərəfindən törədilmir. Biz bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir...  Nə qədər ki, belə bir vəziyyət mövcuddur, elə bir siyasi bəyanat verilməsi, yəni birgə səylər nəticəsində təxribatların Rusiya tərəfindən törədilməsi faktının  isbat olunması qeyri-mümkündür.  Bir sözlə, bu, nəzəri baxımdan müzakirə oluna biləcək bir məsələdir. Lakin, təəssüf ki, praktiki baxımdan isə hazırkı durumda mümkün deyil”, -deyə Ərəstun Oruclu vurğulayıb.

Britaniyalı admiral: “Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını itirib"

“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500 tankını itirib”. Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin deyib. Onun sözlərinə görə, ötən il Rusiya ordusu 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilir: “Eyni zamanda Rusiya 2500 tank itirib, halbuki ən yaxşı halda ildə 200 tank istehsal edə bilər”. T.Radakin Ukraynanın əks-hücum əməliyyatlarının niyə ləng davam etdiyinə də münasibət bildirib: “Bu, Ukraynanın havadan müdafiə sistemlərinin zəifliyi, Rusiyanın əraziləri minalaması və Ukraynada bütün lazımi texnikaların olmaması ilə bağlıdır. Lakin Rusiya indi o qədər zəifləyib ki, müqavimət göstərmək imkanına malik deyil”. Admiralın fikrincə, Ukraynanın ciddi əks-hücum əməliyyatları hələ qarşıdadır. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən bəri davam edir. Ukrayna əks-hücum əməliyyatlarına iyunun əvvəlində başlayıb.

Baş Qərargah: “Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir”

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir.  Sozcu.az xəbər verir ki, bu barədə iyulun 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma olub. Bildirilib ki, Ukrayna müdafiəçiləri Baxmutun cənub və şimal hissələrindən hücumu davam etdirir, əldə etdikləri mövqelərdə möhkəmlənirlər: “Düşmənin artilleriya atəşindən 15 yaşayış məntəqəsi əziyyət çəkib”. 

“Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur"

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələnin daha çox gecə saatlarında baş verməsi ilə bağlı suallara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, Q.Yetirmişli məsələni belə şərh edib: “2012-ci ildə Zaqatalada zəlzələ səhər baş vermişdi. Ağsu zəlzələsi də 2018-ci ildə səhər olmuşdu. “Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur. Ani bir proses istənilən vaxt baş verə bilər”, - direktor qeyd edib.

Xırda təkanlar olacaq, amma... - Qurban Yetirmişli AÇIQLADI

"Qorxulu heç nə yoxdur. Xırda təkanlar olacaq. Ancaq bu qədər güclü olmayacaq". Sozcu.az xəbər verir ki, bunu news24.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Zəlzələ dənizdə baş verib. Yeraltı təkanlar Siyəzəndən şimal-şərqə doğru, Qubadan eyni istiqamətdə bütün sahil boyu yaşayış məntəqələrinin hamısında hiss olunub. 5-6 bal gücündə olub. Dərinliyi isə 65 kilometrə qədərdir. Bundan sonra qorxulu nəsə yoxdu. Xırda təkanlar ola bilər. Amma afterşoklar bu gücdə olmayacaq, daha zəif olacaq. Afterşoklar olmalıdır. Türkiyədə zəlzələ baş verən bölgələrdə xırda təkanlar hələ də davam edir", - Q.Yetirmişli qeyd edib. Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub. Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Ukrayna ordusu "Axmat"ın komandirini məhv etdi

Çeçenistanın "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Yevgeni Pisarenko Ukraynada həlak olub. Sozcu.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə bölmənin komandiri Aptı Alaudinov bildirib.

Ötən ay sərhəd rеjim qaydalarını pozduqlarına görə 973 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin iyun ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 40 nəfər saxlanılıb, оnların 19 nəfəri Azərbaycan, 9-u Pakistan, 4-ü Türkiyə, 4-ü Əfqanıstan, 1-i Ukrayna, 1-i İran və 2-i Hindistan Rеspublikası vətəndaşları оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 25 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərib. Sərhəd rеjim qaydalarını pozduqlarına görə 973 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 298 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan olunan 532 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 19 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 178 kiloqram 232 qram narkоtik vasitə və 11388 ədəd psixotrop həb aşkarlanaraq qanunsuz dövriyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 3 milyon 275 min 777 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, PM markalı tapança, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Əmisinə və onun ailəsinə kəsici alətlə xəsarət yetirdi

İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Sərxan Mirzəağa oğlu Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir. Araşdırma aparılır.

Rusiyanın itkiləri 230 minə yaxınlaşır

Ukrayna müharibənin 494-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 229 660 hərbçi, 4052 ədəd tank, 7888 ədəd zirehli döyüş maşını, 4188 ədəd artilleriya sistemi, 637 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 390 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6816 ədəd avtomobil texnikası, 3557 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 583 xüsusi avadanlıq itirib.

"Putin nəzarətedilməz adamdir, dəhşətli terror aktı riski artmaqdadır..." - Zelenski

"Zaporojye AES-də terror aktı sivil dövlətlər tərəfindən mülki əhaliyə qarşı nüvə silahının tətbiqi kimi dəyərləndiriləcək..." "Kiyev rejiminin ağılsız iftiraları fonunda Rusiyanın özünün nəzarətində olan stansiyanı patlatmaq niyyəti yoxdur..." Ukrayna prezidenti Vladimir Zelenski Zaporojye AES-də terror aktının törədilməsi riskinin yüksək olduğunu təsdiq edib. Onun sözlərinə görə, Rusiyanın stansiyada radioaktiv maddələrin sızmasını yaratmaq planları haqqında Ukrayna kəşfiyyatına bəllidir.  Sozcu.az xəbər verir ki, bu barədə o, İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində deyilir. "Kaxovka SES-in bəndinin dağıdılmasında olduğu kimi, bu, münaqişəni dondurmaq üçün onların strategiyasının bir hissəsidir", - Zelenski deyib. Onun sözlərinə görə, Rusiya prezidenti Putin nəzarətedilməz adamdır, Kaxovka SES-də fəlakətdən, habelə "vaqnerçilər"in qiyamından sonra Zaporojye AES-in partladılma riskləri göz özündədir. Ukrayna prezidentinin fikrincə, əgər Kiyev stansiyaya nəzarəti MAQATE-yə versə, rusiyalılar stansiyanı məsafədən partladacaq. Bununla özü üçün zaman udacaq, silahlar toplayacaq və yenidən ukraynalıları Yer üzündən silməyə cəhd edəcəkdir.  Bu ərəfədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov məlumat verib ki, rusiyalı hərbçilər Zaporojye stansiyasının soyuducu-nohurunu minalamaqla ən dəhşətli iş görüb. O, vurğulayıb ki, Zaporojye AES-də terror aktı sivil dövlətlər tərəfindən mülki əhaliyə qarşı nüvə silahının tətbiqi kimi dəyərləndiriləcək.  Amerikanın müharibəni öyrənilməsi İnstitutunun (ISW) analitikləri Rusiyanın Ukraynadakı hərəkətlərinin qeyri-rasional olduğunu qeyd edir. Onların fikrincə, Rusiya Zaparojye AES-də qəsdən törədilən radioloji insidentin nəticələrinə nəzarət edə bilməyəcək, bu da üstəlik Rusiyanın işğal etdiyi ərazilərdə vəziyyətini daha da pisləşdirəcək.  "Lakin Rusiya tərəfindən Kaxovka SES-in bəndinin məhv edilməsi həmçinin Rusiya qüvvələrinə neqativ təsir edib. Ona görə də Rusiyanın Zaporojye AES-də diversiya planlarını istisna etmək olmaz", - İnstitutun hesabatında deyilir. Bundan öncə məlumat verirlib ki, Rusiya ordusu stansiyanı tərk edir. İlk olaraq "Rosatom"un rusiyalıların hərəkətlərinə rəhbərlik etmiş üç əməkdaşı stansiyanı tərk edib, Ukrayna Baş Kəşfiyyat İdarəsi bəyan edib. Eyni zamanda, "Rosatom"la müqavilə bağlamış ukraynalı əməkdaşlara təxliyyə olunmaq barədə tövsiyyələr verilib. Verilən göstərişlərə əsasən, onlar stansiyanı iyulun 5-dək tərk etməlidir. Arzuedilən istiqamət işğal edilmiş Krımın ərazisidir.  "Rosatom" Zaporojye AES-dən getməsini təkzib edib. "Heç kim heç yerə getmir, belə sərəncamlar verilməyib", - bunu RBK nəşrinə stansiyanın idarə heyətinin nümayəndəsi deyib. Eyni zamanda, Rusiya BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına məktub göndərərək Ukraynanın Zaporojye AES-də diversiya törətməsinin qarşısını almağa çağırış edib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. Onun sözlərinə görə, "Kiyev rejimi nümayəndələrinin davam edən ağılsız iftiraları fonunda" Rusiyanın özünün nəzarətində olan stansiyanı partlatmaq niyyəti yoxdur.

Zelenski: "Putinin həyatı təhlükədədir, onu öldürmək..."

“Rusiya Prezidenti Vladimir Putinin həyatı üçün təhlükə daha çoxdur, nəinki mənim. Çünki onu öldürmək istəyənlər var”. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib. O bildirib ki, şəxsi həyatı üçün təhlükə gündəlik fəaliyyətinin bir hissəsinə çevrilib: “Amma buna artıq öyrəşmişəm. Vladimir Putinin isə bu məsələdə ümumiyyətlə bəxti gətirməyib".