“Müdafiə Nazirliyi yaxasını kənara çəkib, məlumatı ruslardan alırıq. Belə olmaz!”

“Rusların Qarabağdakı ərazi adlarını erməni toponimləri kimi səsləndirməsi onların sabahına hesablanmış addımdır. Təəssüflər olsun ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağla bağlı məsələləri, nədənsə, Rusiyanın himayəsinə verib. Hətta biz Rusiya sülhməramlıları ilə hansısa birgə postların yaradılması haqqında məlumatları da eşidirik”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

O Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının gündəlik bülletenində bölgədəki yaşayış məntəqələrinin adlarında erməni toponimlərindən istifadə edilməsinin pərdəarxası məqamlarına toxunub. 

Polkovnik bildirib ki, bu gün sülhməramlılar Qarabağda yol polisi funksiyasını yerinə yetirirlər, guya hərəkətin təhlükəsizliyi, nəzarət və s. məsələlərlə bağlı absurd məlumatlar verirlər: 

“Azərbaycan Müdafiə Nazirliyi də buna sakit reaksiya göstərir. Əlbəttə ki, belə davam edəcəyi təqdirdə, onlar çox şeylər edəcəklər. Açıq demək lazımdır ki, bu gün Rusiya sülhməramlıları əvvəlki qaydada hərəkətlərini davam etdirir. Onlar guya hansısa postları söküb birgə postlar yaradırlar və s. 

Bunlar hansı postlardır ki, silahlardan, yaraqlılardan xəbər yoxdur, eləcə də Qarabağdakı yaşayış məntəqələri xəritədə yenə də erməni toponimləri kimi göstərilir. Axı nə qədər demək olar bunlara? Ümumiyyətlə, Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar Qarabağ məsələsi həll olunub deyə sanki qırağa çəkilib. Belə olmamalıdır, çünki sən bu torpağın yiyəsisən. Mən niyə Rusiya sülhməramlılarından məlumat almalıyam ki, mənim ordum onlarla hansısa postlar qurub patrul xidməti yerinə yetirir? Belə olmaz!” 

Ü.Cəfərov əmindir ki, baş verənlər xoşagəlməz bir hadisədir: 

“Ruslar bu adları göstərməklə bu gün ermənilərə faktiki olaraq deyirlər ki, biz sizin yaşadığınız evləri saxlayarıq, qayıdıb gəlin, biz hələ sizin yanınızda olacağıq. Bu, başqa anlama gəlmir. Əgər Rusiya oranı Azərbaycan ərazisi kimi qəbul etsəydi, onda yaşayış məntəqələrinin adını Azərbaycan dilində yazardı, Xankəndi deyərdir və “Stepanakert” ifadəsini birdəfəlik unudardı. Amma Rusiya tərəfi bunu yazmır, xəritədə vermir və göstərmir”. 

“Bunlar ermənilərə işarədir ki, sizi oraya qaytaracağıq və qaytaracaqlar da. Bu gün İranda “3+3” platforması üzrə görüşlər keçirilir. Nə “3+3”?! Rusiya Qarabağla bağlı planlarını 2 gün bundan qabaq bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə bir daha elan etdi. Rusların məqsədi konkret şəkildə aydındır: Ermənistan onlardan qopmaq istəsə də, ruslar onlar üçün “səni sevəcəyəm, sən sevməsən də” mahnısı oxuyurlar. Hesab edirəm ki, Rusiya sülhməramlıları çoxdan çıxarılmalıydı. İndi ruslar deyirlər ki, Azərbaycanla birlikdə müəyyən fəaliyyətlər həyata keçiriləcək və s. Qoy, keçirsinlər, baxaq-görək, nəticəsi nə olacaq?” 

Share on Facebook